Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən fövqəladə konfransında çıxış edib.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, prezident İslam ölkələrini Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırıb.
Azərbaycan prezidenti İlham Əliyevin də qatıldığı zirvə toplantısında 16 ölkənin lideri iştirak edir.
Türkiyə prezidenti çıxış edərək İsraili işğalçı və terrorçu dövlət adlandıraraq ABŞ-ın bu qərarının BMT qətnamələrinin əleyhinə olduğunu deyib və Qüdsdə səfirliyin yerləşməsinin qanunsuz addım olduğunu vurğulayıb. Ərdoğan həmçinin bildirib ki, qərar hüquqi, əxlaqi və tarixi cəhətdən hökmsüz və yolverilməzdir. Prezident İslam ölkələrinin liderlərinə Qüdsü Fələstinin paytaxtı kimi tanımaq barədə müraciət ünvanlayıb.
Fələstin prezidenti Mahmud Abbas Qüdsün ilhaq edilməsində İngiltərə və ABŞ-ı günahlandıraraq bu prosesi sionist planı adlandırıb, müsəlman və xristianların birgə yaşadığı müqəddəs torpaq olan Qüdsü qorumaq və mübarizə aparmaq üçün xalqa müraciət edib.
Qeyd edək ki, ötən günlərdə ABŞ prezidenti Donald TrampQüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirərək səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verdi.