“RUSİYADA YENİ QİYAM YETİŞİR” - “Ona kimin rəhbərlik edəcəyini bilirik...”
Rusiyada artıq yeni qiyam yetişir, amma bu dəfə “Vaqner”-in etdiyi kimi, Moskvaya yürüş olmayacaq. “AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib. Danilov bildirib ki, Rusiyada yeni qiyamın baş verməsi zaman məsələsidir və bu qiyam SSRİ-nin son dövrlərindəki “QKÇP” çevrilişini xatırladacaq: “Bu, Moskvaya doğru yürüş olmayacaq. 1991-ci ildə SSRİ-nin dağılmasının necə baş verdiyini xatırlayın. 1991-ci ildəki “QKÇP qruplaşması” artıq orada(Rusiyada) yetişib və bir yerə toplaşıb. Bu, dəqiq məlum olan faktdır. Buna kimin rəhbərlik etdiyini və necə baş verdiyini də bilirik”. Danilov konkret ad çəkməsə də, Rusiya elitasındakı nüfuzlu şəxslərə və oliqarxlara işarə vuraraq, onların hazırda özlərilə bağlı yaranmış acınacaqlı durumla barışmaq niyyətində olmadıqlarını qeyd edib. Onun fikrincə, hətta qiyamın hazırlanması prosesi artıq işə düşüb: “Onlar Avropada dəbdəbəli həyata, yəni, başqa bir həyata öyrəşiblər. İndi isə onları bütün dünya boyu it kimi ora-bura qovurlar. Dünya dövlətləri artıq Rusiya nömrəli maşınları öz ərazilərinə buraxmırlar, eləcə də digər proseslər var. Bu da azmış kimi, onlar bizim dövlətin üzərində hərbi yolla qələbə qazana bilməyəcəklər. Ona görə də Rusiyada qiyamın nə zaman baş verməsi qısa zaman məsələsidir. Bunun nə vaxt baş tutacağına baxarıq. Artıq bu proses işə salınıb”. Danilov onu da əlavə edib ki, növbəti qiyam Rusiyanın parçalanmasına gətirib çıxara bilər. Lakin Qərb bu parçalanmanın baş verməsinin qarşısını almağın yollarını bilməmiş deyil. Danilov bundan öncə qeyd etmişdi ki, Ukraynadakı müharibə fonunda Rusiyada baş verənlər, eləcə də Yevgeni Priqojinin qiyamı Kremlin Rusiya kimi nəhəng ölkəni idarə etmək iqtidarında olmadığını göstərdi. “Dünyanın ikinci ordusu” isə sadəcə, mövcud deyil.