GÖZLƏNİLƏN GÖZLƏNİLMƏZ QİYAM! - Şoyqu və Gerasimovun kəlləsini istəyən Priqojinin arxasında kim durur?
Hər ötən gün Vladimir Putinin “dahiliyini”, necə “idarəçi” və “strateq” olduğunu daha aydın şəkildə görürük. Bunun daha bir qabarıq sübutu Putinin xeyir-duası və Rusiya xalqından oğurlanmış pullar hesabına Rusiya konstitusiyasına zidd olaraq yaradılmış “Vaqner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojinin ötən gecə başlatdığı hərbi qiyamdır. Çoxları, o cümlədən də Donbas separatçılarının sabiq lideri İqor Strelkov(Qirkin) Rusiyada hərbi qiyamın olacağını və bunu Priqojinin törədəcəyini proqnozlaşdırsalar da, qiyamın belə tezliklə olacağını güman etmirdilər. Çünki bunun üçün şərait yetişməli idi ki, o da cəbhədə Ukrayna əks-hücumunun dağıdıcı təsiri və nəticələri, rus qoşunlarının qaçmağa başlaması halında mümkün görünürdü. Lakin son günə qədər belə bir situasiya müşahidə olunmurdu. Ancaq məsələ ondadır ki, Priqojini hərəkətə keçməyə vadar edən başqa ciddi məqamlar da var. Məsələn, Müdafiə naziri Sergey Şoyqunun bütün könüllü hərbi birləşmələrin nazirliklə müqavilə bağlaması və onun tabeliyinə keçməsi əmri. Bu əmr iyulun 1-nə qədər icra olunmalı idi. Həmin tarixə bir neçə gün qalır. Məlum olduğu kimi, Priqojin sözügedən əmrə tabe olmayacağını və “Vaqner”-in Şoyqu ilə heç bir müqavilə imzalamayacağını bəyan etdi. Beləlikə, iyulun 1-dən etibarən Priqojin və onun hərbi birləşməsi zatən qanundan kənar qalırdı, ona qarşı rəsmi cinayət işinin açılması, şəxsən Priqojinin həbsi üçün tam hüquqi əsas yaranırdı. Digər yandan son aylar “Vaqner”-in, Priqojinin özünün gözdən salınması, aşağılanması istiqamətində atılan addımlar, onun ölkə rəhbərliyinə birbaşa çıxışını təmin edən rabitə xəttinin əlindən alınması, rəhbər qurumlara giriş qapılarının bağlanması, silah-sursat təminatının minimuma endirilməsi, Putinin ona yox, Şoyquya və generallara stavka etməsi “Vaqner” başçısını küncə sıxışdırılmış siçan vəziyətinə gətirmişdi. Odur ki, “Vaqner”-in düşərgəsinin Rusiya ordusu tərəfindən vurulması Priqojinin səbr kasasını dolduran son damla hesab oluna bilər, təbii ki, əgər belə bir hadisə həqiqətən olubsa... Rusiya Müdafiə Nazirliyi və FTX bunu informasiya təxribatı və yalan adlandırır, Priqojini isə hərbi qiyamda ittiham edir, ona qarşı rəsmi cinayət işi açılır və sair. Çoxları hesab edir ki, Priqojinin hərbi və siyasi elitada, güc strukturlarında dəstəyi olmasa, bu qiyamın uğur qazanması mümkünsüzdür. Hələlik isə bu dəstəyin hər hansı əlaməti müşahidə olunmur. Hətta daha çox Priqojinin adamı kimi tanınan general Sergey Surovikin də Priqojini və “Vaqner”-i dayanmağa, Müdafiə Nazirliyinə, ölkə rəhbərliyinə tabe olmağa çağırdı. “Vaqner” isə cavabında onu da Şoyqunun quyruğuna qoşaraq, “Xersonu təhvil verdiyi üçün” cavab verməli olacağını bəyan etdi. Bütün bunlar və üzdə görünən digər məqamlar onu deməyə əsas verir ki, hələlik Priqojinin 25 minlik “Vaqner” döyüşçüsü, hərbi texnikası və xalqın əhəmiyyətli kəsiminin simpatiyasından başqa heç nəyi yoxdur. Həmin 25 min döyüşçünün özü də bir yerdə, bir nöqtədə deyil, onlar Ukraynanın müxtəlif cəbhələri boyunca səpələniblər, əksəriyyəti keçmiş cinayətkarlardan, məhbuslardan, residivistlərdən ibarət olan və yalnız pul, vaxtından əvvəl cəzadan azad edilmə maraqlandıran bu insanları bir yerə toplamaq asan deyil. Onları siyasət, hakimiyyət, “Rusiyanın milli maraqları”, vətən və s. kimi məsələlər az maraqlandırır, yaxud ümumiyyətlə, maraqlandırmır. Xalqa gəlincə, bəli, son rəy sorğuları Priqojinin Putindən sonra ən yüksək reytinqə malik fiqur olduğunu göstərir. Ancaq bununla yanaşı, rusiyalılar artrıq çoxdan ətrafda baş verənlərə biganədirlər, Priqojin kimilərə simpatiya ilə yanaşsalar da, bu münasibətlərini maddiləşdirməyə tələsmirlər, onların narazılıqları isə mətbəx söhbətlərindən o yana keçmir. Odur ki, Priqojinin Rostova, yaxud Moskvaya üz tutan kolonuna sadə vətəndaşların kütləvi şəkildə qoşulması ehtimalı çox aşağıdır. Bəs belədə Priqojin nəyə və kimə arxayındır? Bu, tək Priqojinin işidirmi, onun arxasında dayanan varmı və əgər varsa, bu, yaxud bunlar kimdir? Sergey Kiriyenko Məsələ ondadır ki, indiyə qədər Priqojinin “krışası” rolunda çıxış edənlərlə bağlı çoxsaylı versiyalar səsləndirilib. Bu sıraya Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko, Rusiyanın ən varlı adamlarından olan Kovalçuk qardaşları, bir zamanlar Putinin varisi sayılan Tula qubernatoru Aleksey Dyumin kimi adlar daxildir. Lakin hazırda bu adamlardan səs çıxmır və Priqojinin əsl himayədarının(əgər varsa) kimliyi məsələsi açıq qalır. Ancaq böyük ehtimalla bu adamların tək, yaxud qrup halında özünü göstərməsi, ortaya siyasi iddia qoyması Priqojinin hərbi yürüşünün nə dərəcədə uğurlu alınmasından asılı olacaq. Aleksey Dyumin Əsas məsələ ondadır ki, indiyə qədər bütün bu adların başında elə Putinin özü dururdu və çoxları hesab edirdilər ki, Priqojinin populyarlaşdırılması, onunla Müdafiə Nazirliyi arasında süni qarşıdurma yaradılması Putinin öz ssenarisi, saraydaxili idarəetmə metodudur. Lakin bu gün baş verənlər həmin iddiaları alt-üst edir və açıq təsəvvür yaradır ki, hazırda harda olduğu bilinməyən Putin sadəcə, vəziyyətə nəzarət edə bilmir, idarəetmə qabiliyyətini və imkanlarını itirib. Əksər mütəxəssislərin fikrincə, bu hərbi qiyamın uğur qazanma ehtimalı yüksək deyil. Baxmayaraq ki, Priqojin yerdəki vəziyyəti və Rusiya ordusunun durumunu, ona müqavimət göstərmək imkanlarını yaxşı bilir. Qiyamın uğursuzluğunu “Vaqner”-in fiziki, hərbi imkanlarının məhdudluğu, Rusiya cəmiyyətinin bütün baş verənlərə biganəliyi, Rusiya elitasının qorxaq və çürük mahiyyəti, onun Priqojin kimiləri qəbul etməməsi və digər çoxsaylı amillər şərtləndirir. Ona görə bir çoxları bütün bu prosesin Priqojinin fiziki məhvilə sonuclanacağını proqnozlaşdırırlar. Lakin bunu da birmənalı şəkildə iddia etmək doğru olmazdı. Rusiya müxalifətinin aparıcı simalarından olan keçmiş deputat və FTX polkovniki Gennadi Qudkovun dediyi kimi, indiki Rusiyada hər şey ola bilər... Ancaq hər necə olsa, qiyamın nəticəsindən asılı olmayaraq, bu, Ukraynadakı işğalçı orduya və şəxsən Putinin onsuz da ayaqlar altına atılmış reputasiyasına vurulan olduqca ağır zərbədir. Artıq Putinin Rusiyada vəziyyətə nəzarət edə bilmədiyini təkcə Qərb və Ukrayna yox, onun tərəfdaşı olan Çin kimi ölkələr də görmüş olur... Qiyamın başladığını bütün Rusiya bildiyi anlarda mərkəzi televiziyada Putinin gənclər günü münasibətilə çıxışı və təbriki translyasiya edilirdi. Bunun özü də Kremlin çeviklik, adekvatlıq səviyyəsini, özünü bəsit şəkildə bilməzliyə, görməzliyə vurmasını və bununla da əslində, necə acınacaqlı durumda olmasını göstərdi. Son məlumatlara görə isə Priqojinin “Vaqner”-i artıq Rostovu ələ keçirib, özü də Şoyqunun və Gerasimovun kəlləsini istəyir. Əks halda, Moskvaya hərəkət edəcək. Hazırda Putinin müraciəti gözlənilir. Yəqin, deyəcək ki, “hər şey plan üzrə gedir!” “AzPolitika.info”