“PRİQOJİN 9 MAY VƏDİNƏ ƏMƏL EDƏ BİLMİR” – “Vaqner” həqiqətən Baxmutdan çəkiləcəkmi?
Məlum olduğu kimi, bu gün “Vaqner” başçısı Yevgeni Priqojinin ard-arda iki müraciəti yayımlanıb. Məhv edilmiş “vaqnerçilərin” cəsədlərinin fonundakı birinci müraciətində Müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu ağır söyüşlərlə təhqir edən Priqojin onları bilərəkdən “Vaqner”-ə lazımi miqdarda silah-sursat verməməkdə ittiham edib. Vladimir Putinə, Rusiya xalqına və Müdafiə Nazirliyi rəhbərliyinə ünvanladığı İkinci müraciətində isə Priqojin yenə mərmi çatışmazlığından gileylənərək, bu dəfə mayın 10-da “Vaqner”-i Baxmutdan çıxaracağını elan edib. “AzPolitika.info” xəbər verir ki, Ukraynada Priqojinin bu bəyanatlarına bir o qədər etibar edilmədiyi məlum olub. Bir çox ukraynalı siyasi və hərbi ekspertlər bunu Rusiyadakı hakimiyyətdaxili çəkişmələrin təzahürü hesab etməklə yanaşı, Priqojinin bəyanatının Ukrayna ordusu üçün tələ ola biləcəyini və belə bəyanatlara etibar etməyin düzgün olmadığını bildiriblər. Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar deyib ki, “Vaqner”-in Baxmutdan çıxmağa hazırlaşmasına dair hələ ki, heç bir əlamət yoxdur. Əksinə, digər istiqamətlərdən xeyli sayda “vaqnerçi” Baxmut istiqamətinə cəlb olunmağa başlayıb. Məqsəd nə yolla olursa olsun Baxmutu mayın 9-na qədər tam işğal etməkdir: “Düşmən bütün gücü ilə Baxmutu mayın 9-dək tam nəzarətə götürməyə çalışır. Bunun üçün digər istiqamətlərdən “vaqnerçilər” cəlb edilərək, hazırda Baxmut istiqamətində döyüşən desantçılarla əvəz edilirlər”. Nazir müavini bildirib ki, bütün cəhdlərə baxmayaraq, Baxmutun ukraynalı müdafiəçiləri geri çəkilmirlər və müdafiə xəttini yarmaq işğalçı qüvvələrə müvəffəq olmur. Priqojinin məlum bəyanatları ilə bağlı Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Çernyak da maraqlı açıqlama verib. Çernyak deyib ki, Priqojin əslində, öz döyüşçülərini Baxmutdan çıxarmağa hazırlaşmır. Onun Şoyqu ilə Gerasimovun üzərinə növbəti dəfə hücuma keçməsi isə Kremlə verdiyi vədi yerinə yetirə bilməməsi ilə bağlıdır: “Bu bəyanatlar onun mayın 9-na qədər Baxmutu işğal edəcəyinə dair vədini yerinə yetirə bilməməsinin fonunda baş verir. İndi o, məhz buna görə kimisə günahkar çıxarmağa çalışır. Axı o, başa düşür ki, sözünü tuta bilmir”. Çernyak əlavə edib ki, Ukrayna kəşfiyyatı “Vaqner”in Baxmutdan çıxmasına dair heç bir hərəkətlilik müşahidə etmir. Yuxarıda qeyd edilənlərdən belə görünür ki, Priqojinin mayın 9-na qədər Baxmutu tam nəzarətə götürəcəyinə dair Kreml qarşısında öhdəliyi var. Sözünü tuta bilməməsi onu pis vəziyyətdə qoyub və buna görə məsuliyyəti öz üzərindən Müdafiə Nazirliyinin ona qarşı düşmən münasibətdə olan rəhbərliyinin üzərinə atır. Lakin Priqojinin tez-tez “vaqnerçilərin” cəsədləri fonunda paylaşdığı videomüraciətlər onun “Vaqner”-inin doğrudan da böyük itkilər verməsindən xəbər verir. Bununsa səbəblərindən biri silah-sursat çatışmazlığıdır. Digər yandan bu mənzərə Rusiyanın Ukraynada uğurlu müharibə aparmaq üçün lazımi səviyyədə resurslara, effektiv hərbi-siyasi idarəçiliyə, hərtərəfli hazırlıqlı orduya və silah-sursata malik olmadığını növbəti dəfə sübut edir.