"Rusiya öz yanlış siyasətinin qurbanına çevrilib. Baş verənlər ölkədə daxili narazılıq və narahatlığın bariz nümunəsidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov hərbləşdirilmiş "Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasında son günlər baş verən çəkişmələri şərh edərkən deyib. Ekspert bildirib ki, Rusiya hakimiyyəti daxilində həddən artıq çaşqın vəziyyət yaranıb:
"Bu hal onu göstərir ki, Rusiya hakimiyyəti daxilində həddən artıq çaşqın vəziyyət yaranıb. Bundan əvvəl "Vaqner”çilər Şoyqu və Gerasimovu vətənə xəyanətdə günahlandırır və ən ağır sözlərlə təhqir edirdi. Amma sonuncu açıqlamasında Priqojin tapşırığa uyğun olaraq vəziyyəti dramatikləşdirməmək üçün bir qədər yüngül ifadələr işlədib. Böyük bir dövlətin ordusu qalan yerdə, Afrikada, indi də Ukraynada nəyəsə nail olmağa cəhd edən "Vaqner”çilərin ümidinə qalıblar. Bu dəstə ilə onlar heç nəyə nail olmayacaq.
Priqojini danışdıran heç Putin də deyil. Putinlə Şoyqu arasında dostluq münasibətləri davam edir. Baş verən bu sayaq insidentlər sadəcə olaraq, Rusiyada vəziyyətin çaşqın olmasının bariz nümunəsidir. Rusiya öz yanlış siyasətinin qurbanı olub. Bir ölkənin prezidenti müharibəni Qərbin başladığını, özlərinin isə onu dayandırmağa çalışdığını deyirsə, bu, rüsvayçılıqdır. İşğalçı özünün çirkin niyyətlərini gizlətmək üçün müharibənin günahını başqasının üzərinə atır”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, "Vaqner" hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin açıq mətnlə Müdafiə Nazirliyini "Vaqner" qrupunu məhv etmək cəhdində günahlandırıb. O, deyib ki, Müdafiə Nazirliyi onun hərbi birləşməsinə lazım olan mərmilərin yalnız 20 faizini verir, limitlər və məhdudiyyətlər qoyur, nəticədə şəxsi heyət arasında itkilər ikiqat artır.
Müdafiə Nazirliyi isə Priqojinin ittihamlarını rəsmi bəyanatla təkzib edərək, bu cür açıqlamaların "düşmənə xidmət etdiyini" bildirib. Lakin sonradan Priqojin fərqli fikir səsləndirərək deyib ki, fevralın 23-də Müdafiə Nazirliyi muzdlular üçün sursat göndərməyə başlayıb.
"Bu gün səhər saat 6-da onlar silah-sursatın daşınmasına başlandığını bildirdilər. Çox güman ki, qatar hərəkətə başlayıb. Hələlik kağız üzərində, amma bizə deyildiyi kimi, əsas sənədlər artıq imzalanıb", deyə Priqojin özünün "Telegram" kanalında qeyd edib.
Fikirlər