“3 nömrəli çamadan”ın yeni komandan təyin edilməsi NƏ VƏD EDİR?

Məlum olduğu kimi, bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin Ukraynadakı hərbi qüvvələrin komandanını növbəti dəfə dəyişdirib. “Yeni Müsavat” qeyd edir ki, bu dəfə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov komandan təyin edilib. Ordu generalı Sergey Surovikin 2022-ci ilin 8 oktyabrında xüsusi hərbi əməliyyat zonasında birləşmiş qoşunlar qrupunun komandiri təyin olunmuşdu.

Bəs cəmi 3 aydan sonra Ukraynadakı qoşunların komandanı növbəti dəfə niyə dəyişib? Görünür ki, Xerson şəhərinin əldən çıxması, qoşunların Dnepr çayının sol sahilinə köçürməyə məcbur qaldıqlarını Surovikinin açıq şəkildə deməsi siyasi-hərbi rəhbərliyin xoşuna gəlməyib, üstəlik, onun komandan olaraq uğursuzluğu kimi qiymətləndirilib.

Hərbi ekspert İqor Korotçenko qeyd edib ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun apardığı bu dəyişikliyə Prezident Putin razılıq verib və təsdiqləyib: “Dəyişikliyin səbəbi isə digər məsələlərlə yanaşı, Ukrayna Silahlı Qüvvələri üçün ağır Qərb silahlarının, o cümlədən əsas döyüş tanklarının çatdırılmasına başlanmasıdır. Gerasimovun bu vəzifəyə təyin edilməsi o deməkdir ki, xüsusi hərbi əməliyyat zonasındakı tapşırıqların yerinə yetirilməsində Rusiya Federasiyasının arsenalındakı bütün silahlardan istifadə edilə bilər. Yəni taktiki nüvə silahları potensial döyüş silahına çevrilir, lakin Ukrayna Silahlı Qüvvələrinə qarşı deyil, AB və NATO ölkələrinin ərazisində xüsusi hərbi əməliyyat formatında hədəflərin mümkün məhv edilməsi üçün - əlbəttə, vəziyyət tələb edərsə”. Korotçenko xüsusilə bir nüansa da diqqət çəkib: Valeri Gerasimov “3 nömrəli nüvə çamadanı” deməkdir.

Qeyd edək ki, Rusiyanın Ukraynadakı işləri heç də yaxşı getmir. İşğalçı ordu irəliləyə bilmir, hər gün böyük itkilər verir. Ukrayna isə ABŞ-dan yeni və daha modern hücum silahları almağa (daha 3 milyard dollar dəyərində) hazırlaşır. Bu mənada Moskvanın təzədən nüvə təhdidi ritorikasına qayıtması diqqət çəkir. Rusiya bununla Qərbə, ABŞ-a psixoloji təzyiq məqsədi güdür, yoxsa həqiqətən də taktiki nüvə silahını hansısa mərhələdə tətbiq edə bilər? “3 nömrəli çamadan”ın yeni komandan təyin edilməsi nə vəd edir?

Hərbi analitik Azad İsazadə “Yeni Müsavat”a bildirdi ki, Gerasimovun təyinatına hərbi cəhətdən ehtiyac yox idi: “Onsuz da bütün əməliyyatlara Baş Qərargah rəisi kimi özü nəzarət edir. Amma nə baş verdi? Gəlin buna diqqət edək - son aylar ”Vaqner" hərbi şirkətinin rəhbəri Priqojinin Donbas istiqamətində gedən döyüşlərə görə nüfuzu artmağa başlamışdı. Hətta hərbçilərinə Gerasimovu tənqid etməyi tapşırmışdı, general Lapini uzaqlaşdırmışdılar. Beləcə ikitirəlik yaranmışdı - Ordu və “Vaqner”. Amma Lapin Quru Qoşunların baş qərargah rəisi təyin edildi, bununla Gerasimov bütün əməliyyatı öz nəzarətinə götürdü. Surovikin Priqojinin adamı idi, onu da kənarlaşdırıb Gerasimovun müavini təyin etdilər. Beləliklə, Priqojin Gerasimovun tapşırığı olmadan addım ata bilməyəcək. Ancaq bununla iş bitməyəcək, Priqojinin cavabları ola bilər".

Hərbi ekspert hesab edir ki, ordu üçün təhlükə yaranıb, çünki faktiki ordunu idarə edənlər arasında qeyri-sağlam, riskli rəqabət başlayıb: “Bu, hərbi amil kimi deyil, hakimiyyət daxilində konflikt olaraq görülməlidir. Nəticədə rus ordusunun itkilərini artacaq, onsuz da zəifləmişi Rusiya ordusu daha da zəifləyəcək”.

Moskva artıq “təhlükə zəngini” çalır - Asif Nərimanlı

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı bildirir ki, Valeri Gerasimovun komandan təyin edilməsi Rusiyanın yeni planlarından xəbər verir: “O, Rusiyada hibrid müharibənin atası sayılır və bu ölkənin müxtəlif bölgələrdə apardığı müharibələrin əsas ssenari müəllifidir. Bu səbəbdən hibrid müharibə daha da güclənə bilər, mövqe döyüşündən daha çox Ukrayna üçün həyati əhəmiyyətli hədəflərin vurulması baş verə bilər. Digər tərəfdən, daha ağır raketlərdən istifadə gözləntisi var. Bu iki ehtimal bir-birinə bağlıdır”.

Ekspert hesab edir ki, burada Şərq və Qərb cəbhələri savaşır: “Bu isə yekunda yeni dünya nizamının formalaşmasına gətirib çıxaracaq. Rusiyanın əvvəlki dövrdə hədəfə nail olmadığını görürük. Fikrimcə, müharibənin uzanmasında həm Rusiyanın, həm də ABŞ-ın öz strateji maraqları var. Rusiyanın Kiyevin ətrafından çəkilməsini müharibənin uzadılması kimi də görmək olar”.

A.Nərimanlı qeyd edir ki, Ukrayna da ciddi hazırlaşır, ABŞ və Avropa ölkələri ona daha çox dəstək verirlər: “Beynəlxalq ekspertlər də hesab edir ki, qarşıda daha ağır və həlledici döyüş ola bilər. Fikrimcə, bu zaman iki tərəfdən birinin qalib gələcəyi ehtimalı azdır. Bu, danışıqlar prosesinə başlamazdan öncə cəbhədə daha çox irəliləmək və masada əlini gücləndirmək üçün hesablanmış bir döyüş olacaq. Rusiya istəyir ki, Donbası nəzarətə götürdükdən sonra masada əyləşsin. Ukrayna isə işğal olunmuş əraziləri azad etməklə müharibənin başladığı dövrə qədərki vəziyyətə gətirməyə çalışır. Qərb cəbhəsi Ukraynanın bir qədər də irəliləyib sonra masaya əyləşməsini və bununla Rusiyanın əlini zəiflətmək istəyir. Fikrimcə, yekun qalibin olacağı inandırıcı deyil. Ən yaxşı halda, 2014-cü ildən sonrakı vəziyyət təkrarlana bilər, yəni tərəflər yenidən masaya oturur və təmas xətti yaranır. Amma yeni dünya nizamının formalaşması prosesi gedir və zaman-zaman razılaşma olsa da gərginlik daha sərt formada və uzun müddət olacaq”.

 






Fikirlər