“PAŞİNYAN HAKİMİYYƏTİNİ SAXLAYA BİLƏCƏK” – “Azərbaycan və Türkiyə Rusiyadan gələn təhlükələri yaxşı bilir”

“Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa etdikdən sonra Ermənistanla sülh danışıqlarında mövqeyini gücləndirəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-ın məşhur “Stratfor” araşdırma mərkəzi son hesabatında bildirib.

“Stratfor”-un mütəxəssisləri hesab edirlər ki, Azərbaycan bununla da danışıqlarda Zəngəzur dəhlizi mövzusunda Ermənistanın Qarabağla bağlı “bazarlıq” imkanlarını əlindən almış oldu. Hesabatda qeyd olunur ki, son nəticədə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanla danışıqlarda İrəvan rəsmi Bakının şərtlərini qəbul etməli olacaq və sülh müqaviləsi Azərbaycanın şərtləri əsasında formalaşacaq. Mütəxəssislər hesab edirlər ki, həmin şərtlər içərisinə Zəngəzur dəhlizilə Azərbaycanın Qərb rayonlarından Naxçıvana yükdaşımalar zamanı minimal tranzit şərtlərinin tətbiqi də daxil olacaq.

“Stratfor” hesab edir ki, özü uzun illər işğaldan əziyyət çəkən Azərbaycanın hərbi yolla Zəngəzur dəhlizini açacağı barədə iddialar həqiqətə uyğun deyil. Bunu istisna edən bir çox amillər var ki, onların sırasında Qərbin mümkün sanksiyaları da özünəməxsus yer tutur.

Daha sonra Ermənistanın daxili siyasi durumuna nəzər salan amerikalı mütəxəssislər Rusiyanın və daxili müxalifətin təzyiqlərinə rəğmən Nikol Paşinyanın öz hakimiyyətini qoruya biləcəyini proqnozlaşdırıblar: “Ermənistanda anti-hökumət və anti-Azərbaycan etiraz aksiyaları davam edə bilər. Lakin Paşinyan böyük ehtimalla öz hakimiyyətini saxlaya biləcək. Çünki müxalifət onu devirmək və ya bunu əsaslandırmaq üçün yaşamaq imkanı olan fərqli siyasi platforma təqdim edə bilməyəcək qədər zəifdir... İrəvandakı etirazlar yəqin ki, davam edəcək, ancaq çətin ki, bunlar Paşinyanın devrilməsilə nəticələnəcək. Çünki onun opponentlərinin Paşinyanın devrilməsini əsaslandıracaq və Azərbaycanla mübarizə strategiyasına malik cazibəli siyasi alternativləri çox azdır. Məsələn, onun opponentləri rəsmi, yaxud çevriliş yolu ilə Paşinyanı devirərək, ölkənin “dağlıq Qarabağ”ın müdafiəsinə qalxmalı olduğunu elan etsələr, bu, böyük miqyaslı müharibə ilə nəticələnəcək ki, həmin müharibəni də Ermənistan uduzacaq”.

“Strafor” Azərbaycana qarşı mümkün sanksiyalar mövzusuna da toxunub: “Qərb Azərbaycana sanksiyalarla bağlı hədə-qorxu gəlsə də, əgər Azərbaycan Ermənistana müdaxilə etməsə, çətin ki, bu, ciddi effekt verə. Hərbi əməliyyatlar Azərbaycanın suveren ərazisində baş verir və artıq sona çatdırılıb. Bir şey də vacibdir. Qərb çətin ki, Ermənistana hərbi texnika sarıdan iri miqyaslı yardım etsin...”

Nəhayət, regionun gələcəyi ilə bağlı maraqlı proqnoz verən “Stratfor” Türkiyənin nüfuzunun artacağını və Rusiyanın Cənubi Qafqazdan tədricən sıxışdırılıb çıxarılacağını bildirib: “Azərbaycanın “dağlıq Qarabağ”dakı qələbəsi Türkiyə ilə Qərbin xeyrinə, Rusiyanın Cənubi Qafqazda təsirinin azalması istiqamətində atılmış həlledici addım oldu... Azərbaycan və Türkiyə Rusiyadan gələn təhlükələri yaxşı bilir. Ona görə də Bakı, Ankara və İrəvan tədricən Rusiyanın Cənubi Qafqazda təsirini azaltmağa çalışacaqlar. Bu məqsədlə Ermənistan böyük ehtimalla Azərbaycanla sülh müqaviləsi bağladıqdan sonra Türkiyə ilə diplomatik münasibətləri normallaşdırmaq istiqamətində addımlar atacaq. Bu, onu göstərir ki, uzunmüddətli perspektivdə Ermənistan və Azərbaycan Türkiyə ilə, ola bilsin həm də Avropa İtifaqı ilə münasibətləri dərinləşdirəcək”.

 






Fikirlər