Səfərbər edilmiş 100-dən çox Rusiya hərbçisinin qohumu Putinə müraciət edib. Onlar xahiş edirlər ki, Avdeyevka ətrafında hərbçilərin bilərəkdən kütləvi qırğına göndərilməsi məsələsi araşdırılsın.
Moderator.az xəbər verir ki, bu haqda Rusiyanın “Vajnıye istoriyi”(“Mühüm hekayələr”) məlumat yayıb.
Valideynlərin müraciətindən aydın olur ki, Rusiya diktatorunun dekabrın 14-də olacaq canlı mətbuat konfransınadək şəhəri ələ keçirmək üçün döyüşçülər Avdeyevka üzərinə “ətli hücumlara” göndərilir.
Jurnalistlərin sözlərinə görə, rus komandirlər yaralı əsgərləri döyüşə ataraq onlara səngərlərdə sağalmağı əmr edir.
Məktub müəlliflərinin qeyd etdiyi kimi, səfərbər olunanlar 10 aydan artıqdır ki, Avdeyevkanın 700 metrliyində cəbhə xəttində səngərlərdə yaşayır və daim atəş altında qalırlar.
Döyüşçülərin yaxınlarının verdiyi məlumata görə, noyabrda hücumun aktiv mərhələsi başlayandan sonra komandanlıq orta dərəcəli xəsarət almış hərbi qulluqçuların hücum bölmələrinə göndərilməsi barədə əmr verib.
"Ukraynalılar təşviş içində ikən onlar Putinin “Canlı xətti”nə və Yeni ilə tələsirlər. Bizə bir növ nəticə lazımdır. Ətrafda hamı deyir ki, Avdeyevkanı alacağıq və ardınca danışıqlar olacaq”, - deyə rusiyalı döyüşçülərdən birinin arvadı jurnalistlərə bildirib.
S.Laçın