Paşinyanla görüşdə Əliyevin üzünü güldürən məqam – DETALLAR

Paşinyanla görüşdə Əliyevin üzünü güldürən məqam – DETALLAR

“Sankt-Peterburq görüşünə qədər artıq Azərbaycanın Ermənistana növbəti dəfə göndərdiyi sülh mətni ilə bağlı Ermənistan hakimiyyəti, xüsusilə də parlamentin spikeri Alen Simonyandan müsbət ismarışlar verilmişdi. Yəni bu, Moskvada baş tutan ayaqüstü görüşə qədər verilən informasiya idi”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O, dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərindən baş tutan MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin ayaqüstü görüşündən və tərəflərin sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərdən söz açıb.

N. Mirinin sözlərinə görə, bu informasiyanın təcili şəkildə verilməsinin əsas səbəblərindən biri budur ki, Rusiyada görüşlər və danışıqlar olsa belə, Kreml konkret nəticələri öz xeyrinə çıxara bilməsin:

“Yoxsa Alen Simonyan bu məlumatı təcili verməyə tələsməzdi. Çünki Kremlin sözçüsü Dmitri Peskov “Artıq Azərbaycan və Ermənistan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar” deyə belə bir informasiya verdi və Rusiyanın bundan faydalanmaq istəyi dərhal göründü. Həqiqət isə bundan ibarətdir ki, Rusiyanın sülh mətninin hazırlanmasında heç bir ciddi rolu oynamayıb. Çünki sülh mətni və orada qeyd olunan ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi məhz Brüsselin təşkilatçılığı ilə keçirilən görüşdə və Praqada əldə olunmuşdu. Hətta bundan sonra baş nazir Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəqəmlərlə bəyan etdi”.

Siyasi təhlilçi düşünür ki, sülh mətninin imzalanması ilə bağlı yekun mərhələnin yaxın olduğu bəllidir:

“Prezidentin köməkçisi Hikmət Hacıyev də söyləmişdi ki, ola bilsin, sülh sazişindən sərhədlərin delimitasiya və demarkasiyası məsələsi çıxarılsın. Çünki bu, uzunmüddətli məsələdir və sülhün imzalanmasına problem yaradarsa, bunu sülh müqaviləsindən kənarda müzakirə predmetinə çevirmək olar. Bundan sonra da Ermənistan parlamentinin spikeri Alen Simonyan bu məsələnin İrəvan tərəfindən qəbul oluna biləcəyinə işarə vurdu.

Azərbaycanın Ermənistana göndərdiyi sülh mətnində, böyük ehtimalla, sərhədlərin müəyyənləşməsi prinsipi çıxarılıb. Bundan sonra 2 məsələ qalır: ərazi bütövlüyünün qarşılıqlı tanınması və kommunikasiyaların açılması. Burada da heç bir problem yoxdur və bu prinsiplər razılaşdırılıb. Hətta Azərbaycan Prezidenti Praqada bunu təsdiq edib. Doğrudur, bunun rəqəmlərlə ifadəsi hələ də ölkə başçısı səviyyəsində təsdiq olunmayıb. Ancaq bütövlükdə ərazi bütövlüyünün qəbul olunması məsələsi həll olunub”.

Mütəxəssisin qənaətinə görə, bu gün Ermənistan Qərblə Rusiyanın qarşıdurması arasında qalan bir ölkədir və Ermənistanın sabahı ilə bağlı qeyri-müəyyənliklər çox böyükdür:

“Hakimiyyət dəyişdiyi təqdirdə, ərazi bütövlüyü məsələsində risklər böyükdür. Ona görə ki, Ermənistan Respublikasının Konstitusiyası və Müstəqillik Bəyannaməsində Qarabağ Ermənistanın tərkib hissəsi sayılır. Çünki sabah yox, biri gün Paşinyan iqtidarı devrilsə, yerinə gələn revanşizmə meylli iqtidar bu prinsipləri əsas tuta bilər. Ona görə də Azərbaycan üçün hüquqi təminat olmalı və Ermənistanda bununla bağlı referendum keçirilməlidir.

Sankt-Peterburqdakı görüntülər onu göstərir ki, sülh çox yaxındır. Ancaq bu sülhün Rusiyada imzalanması potensialı böyük və doğru deyil. Çünki belə olduğu təqdirdə, sülh müqaviləsi ilə bağlı əziyyət çəkən Qərb platformaları da mövcuddur. Belə bir vəziyyətdə bu, Ermənistan üçün arzuolunmaz vəziyyət yaradacaq. Çünki Ermənistan Qərbə inteqrasiya xəttini elan edib və bu yöndə konkret addımlar atır. Ona görə də sülh müqaviləsini mübarizə hədəfindən çıxarmaq və ikitərəfli qaydada sərhəddə imzalamaq ən optimal variant ola bilər”.






Fikirlər