“Sərhədsiz Ermənistan” modeli: Qarabağ klanı erməniləri “geopolitik intihara” çağırır

Keçmiş prezident, hərbi cinayətkar Robert Köçəryan Paşinyan hakimiyyətindən sərhədlərin delimitasiya və demarkasiyası prosesindən imtina olunmasını tələb edir; Halbuki, danışıqlar yalnız ermənilərin məmnun qala biləcəyi mövzular üzrə aparılmayacağından bu, sadəcə, blokadada olan Ermənistanı səfalətə və fəlakətə sürükləmək modelindən başqa bir şey deyil...

Ermənistanda ölkədaxili gərginlik ən yüksək həddə çatıb. Paşinyan hakimiyyəti və Qarabağ klanı arasında siyasi qarşıdurma dərinləşməkdə davam edir. Və bu qarşıdurma rəsmi İrəvanın mövqeyinə ciddi şəkildə təsir göstərir.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Köçəryan-Sarkisyan cütlüyünün nəzarəti altında olan Qarabağ klanının təzyiqlərindən xilas ola bilmir. Əksinə, Ermənistan parlamentində deputat yerlərinin bir qismini ələ keçirə bilmiş Qarabağ klanı mitinq və küçə yürüşləri ilə Paşinyan hakimiyyətinə təsir göstərə bilir. Və belə vəziyyət əslində, bəzi hallarda bundan öz siyasi mənafeləri çərçivəsində yararlanmağa cəhd göstərən rəsmi İrəvan üçün müəyyən problemlər də yaradır.

Məsələ ondadır ki, Qarabağ klanının təzyiqləri son vaxtlar Paşinyan hakimiyyətinin Rusiya ilə münasibətlərində müəyyən anlaşılmazlıqlara yol açmağa başlayıb. Belə ki, bir müddət öncə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov üçtərəfli anlaşmanın ildönümündə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin onlayn formatda görüşünün keçiriləcəyini bəyan etmişdi. Rəsmi Bakı bu açıqlamaya hər hansı reaksiya vermədi, sadəcə, Kreml sözçüsünün görüşün keçiriləcəyi ilə bağlı elan etdiyi zamanı gözlədi.

tahirirvankreml.jpg (29 KB)

Ancaq rəsmi İrəvan tamamilə fərqli mövqeyi ilə diqqəti çəkdi. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan sözügedən görüşlə bağlı hər hansı anlaşmanın olmadığını bəyan etdi. Təxminən elə görüntü yarandı ki, guya Kreml və rəsmi Bakı əvvəlcə öz aralarında anlaşırlar, yalnız bundan sonra erməni baş nazirə görüşün vaxtını bildirirlər. Və erməni baş nazirin bu təkzibi həm də Kreml təmsilçisinin yalan danışa biləcəyi ilə bağlı ehtimalları da gündəmə gətirdi.

Təbii ki, bu, Kremldə istər-istəməz rəsmi İrəvana qarşı narazılığı artırmış oldu. Çünki erməni baş nazir bir tərəfdən Kremlin təşkil etməyə çalışdığı üçtərəfli görüşü pozdu. Digər tərəfdən, Kreml təmsilçisini yanlış məlumatlar yayan mənbə durumuna saldı.

Bəzi məlumatlara görə, Kremldən gələn narazılıq iradlarının qarşılığında baş nazir H.Paşinyan öz davranışlarını radikal revanşistlərin – Qarabağ klanının sərt təzyiqləri ilə izah etməyə çalışıb. D.Peskovun görüşün keçirilməsi ilə bağlı əvvəlcədən elan etdiyi vaxtda Qarabağ klanının mitinqə hazırlaşdığını vurğulayıb. Və belə bir durumda üçtərəfli görüşün onun hakimiyyəti üçün siyasi risk ola biləcəyini iddia edib.

Belə anlaşılır ki, əslində, erməni baş nazir özü də həmin tarixi intervalda üçtərəfli görüşün keçirilməsini istəməyib. Ona görə də, Köçəryan tərəfdarlarının kütləvi etiraz aksiyalarından öz siyasi məqsədləri çərçivəsində yararlanmağa çalışıb. Və bu, erməni baş nazir üçün yaxın gələcəkdə müəyyən geopolitik risklər vəd etməmiş də deyil.

ermenistanda_antirusiya_mitinqi_3.jpg (85 KB)

Məsələ ondadır ki, hazırda Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyə güclənməkdə davam edir. Hətta son vaxtlar Rusiyanın və prezident V.Putinin təhqir edilməsi ilə müşayiət olunan mitinqlər ardıcıl xarakter almağa başlayıb. Və belə mitinqlərdən sonuncusu Rusiyada ciddi narazılıq doğurub, hazırda ciddi müzakirə mövzudur.

Halbuki, nə qədər qəribə də olsa, Ermənistan baş naziri N.Paşinyan son açıqlamasında Rusiyanın və prezident V.Putinin savaşın bitməsində oynadığı rolu yüksək qiymətləndirib. Onun fikrincə, Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesində də vasitəçi rolunu öz üzərinə götürməlidir. Və bu prosesin mümkün qədər sürətlə yekunlaşdırılması Ermənistanın da maraqlarına cavab verir.

Ancaq bu məsələyə münasibətdə də Paşinyan hakimiyyəti ilə revanşist Qarabağ klanı arasında kəskin ziddiyyətlər mövcuddur. Qarabağ klanının siyasi-ictimai təzyiqlərindən xilas ola bilməyən Paşinyan hakimiyyətinin prosesin davamında necə davrana biləcəyi də hələlik ciddi suallar doğurur. Və rəsmi İrəvanın revanşist radikalların təzyiqlərini bəhanə edərək, sərhəd probleminin həllini uzada biləcəyi də qətiyyən istisna deyil.

Məsələ ondadır ki, Qarabağ klanının rəhbərlərindən olan R.Köçəryan son mitinqdə Paşinyan hakimiyyətini Ermənistanın bütün “kozırlar”ını dəyərdən salmaqda suçlayıb. R.Köçəryan hesab edir ki, Paşinyan hakimiyyəti danışıqlar prosesini pozmaqla, Ermənistanı məğlubiyyətlə üzləşdirmiş savaşın başlaması üçün əlindən gələn hər şeyi edib. Və nəticədə Ermənistan bütün istiqamətlər üzrə danışıqlarda əlverişsiz vəziyyətə düşüb.

1599589280_0_437_2864_2048_1920x0_80_0_0_17a1859688aabf76eb08d8f55135c7bd.jpg (268 KB)

Ona görə də, R.Köçəryan iddia edir ki, rəsmi İrəvan Azərbaycan ilə bir çox məsələlər üzrə danışıqlardan yayınmağa çalışmalıdır. Onun fikrincə, xüsusilə də, delimitasiya və demarkasiya prosesi Ermənistan üçün həm yolverilməz, həm də qəbuledilməzdir: “Bu proses reallaşdırılarsa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalacaq. Eyni zamanda, “artsax”ın anklav vəziyyətini də etiraf etmiş olacaq. Nəticədə “artsax”ın tamamilə itirilməsi qaçılmaz xarakter daşıyacaq. Ona görə də, buna bütün mümkün vasitələrlə müqavimət göstərmək lazımdır”.

Göründüyü kimi, yenə də erməni avantürizmi daha ön plana çıxmağa başlayıb. R.Köçəryanın dediklərindən belə anlaşılır ki, münaqişə 30 il həll edilmiş qaldığı kimi, delimitasiya və demarkasiya prosesini də mümkün qədər uzatmaq lazımdır. Yəni uzun müddət Azərbaycan və Ermənistan arasında sərhədlər hüquqi baxımdan qeyri-müəyyən qalmalıdır. Və bu məsələ yalnız Ermənistan üçün nə vaxtsa, daha sərfəli situasiya yaranacağı təqdirdə, nizamlanmalıdır.

Belə anlaşılır ki, Qarabağ klanının rəhbəri R.Köçəryan Azərbaycan ərazilərinə olan iddialardan imtina edilməməsi naminə “sərhədsiz Ermənistan” variantının üzərində dayanmağı vacib sayır. Ancaq bu hərbi cinayətkar belə boş və məntiqsiz “xəyallar” ucbatından 30 il blokada şəraitində qalan Ermənistanın hələ nə qədər davam gətirə biləcəyini izah etməyə həvəs göstərməyib. Halbuki, danışıqlar yalnız ermənilərin məmnun qala biləcəyi mövzular üzrə aparılmayacağından bu, sadəcə, Ermənistanı səfalətə və fəlakətə sürükləmək modelindən başqa bir şey deyil.  /“Yeni Müsavat”  

  






Fikirlər