Paşinyanın hakimiyyət sirri açılır: ABŞ, Azərbaycan və Rusiyanın dəstəyi necə qazanıldı...
Qərb siyasi araşdırma mərkəzləri Paşinyan hakimiyyətinin ABŞ, Azərbaycan və Rusiyanın uzlaşan ortaq maraqlarına borclu olduğunu düşünürlər; Onların fikrincə, rəsmi İrəvan bundan sonrakı mərhələdə həmin borcu mütləq ödəməli olacaq... Ermənistanda cərəyan edən siyasi-ictimai proseslər ciddi müşahidə altındadır. Cənubi Qafqazda xüsusi marağı olan beynəlxalq siyasi iradə mərkəzləri bu region ölkəsində baş verənləri diqqətdə saxlayırlar. Və bu proseslərin ümumi region üçün müəyyən təsiri ola biləcəyini düşünürlər. Məsələ ondadır ki, Cənubi Qafqazda yeni inkişaf perspektivlərindən faydalanmaq üçün regionda davamlı sülhün olması vacibdir. Bu baxımdan, Ermənistanda hakimiyyətdə olan siyasi qüvvənin davamlı sülhə yönəlik çağırışlara müsbət reaksiya verməsi önəmlidir. Paşinyan hakimiyyəti də məhz bu önəmli məqam üzərindən dəyərləndirilir. Birincisi onu qeyd edək ki, Ermənistan əhalisi seçkidə Paşinyan hakimiyyətinə səs verməklə, müəyyən mənada, sülh prosesini seçmiş oldu. Çünki Qarabağ klanı revanşist ritorika üzərindən Ermənistan cəniyyətini öz ətrafına birləşdirməyə çalışırdı. Yeni müharibə vədləri ilə hakuyyətə gəlməyə can atan Köçəryan-Sarkisyan cütlüyünü bloklanmasının yeganə yolu baş nazir Nikol Paşinyana bağlı siyasi qüvvələrin mövqelərinin qorunması idi.
Nə qədər çətin görünsə də, bunu etmək mümkün oldu. Belə ki, Paşinyan hakimiyyəti Ermənistan üçün taleyüklü olan savaşdan ölkəni biabırçı məğlubiyyətlə çıxartmışdı. Normalda onun seçki qələbəsi baş tutmamalıydı. Ancaq bu, baş tutdu. Halbuki bu, qətiyyən baş nazir N.Paşinyanın bacarığı hesab oluna bilməz. Çünki Paşinyan hakimiyyətinin qorunmasında maraqlı olan kənar güclər bunu təmin etməyə bacardılar. Yəni, baş nazir N.Paşinyan öz seçki qələbəsinə və ona “hədiyyə” olunmuş hakimiyyətə görə məhz kənar güclərə minnətdar olmalıdır. Ancaq bu minnətdarlıq sadəcə, təşəkkürlə də ifadə oluna bilməz. İndi Paşinyan hakimiyyəti kənar güclərin maraqlarının təmin edilməsində öz xidmətini göstərməlidir. Və ona görə də Ermənistanda siyasi hakimiyyətin taleyini həll edən kənar güclərin ünvanı maraq doğurmaya bilməz. Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinə seçki qələbəsini təmin etmiş kənar güclərdən danışarkən, ilk növbədə Azərbaycan, Rusiya və ABŞ-da daxil olmaqla, bəzi Qərb siyasi dairələri nəzərdə tutulur. Qərb mətbuatı hazırda Paşinyan hakimiyyəti üzərində bu üç fərqli kənar gücün necə uzlaşa bildiyini araşdırmağa çalışır. Hesab edilir ki, Ermənistanın eləcə də, Cənubi Qafqaz regionunun gələcək taleyində bu uzlaşmanın birbaşa təsiri ola bilər. Maraqlıdır ki, hələ qış aylarında Ermənistan cəmiyyətinin yeni müharibə ehtimalından çəkindiyi məlum idi. Ermənilər savaşdan qorxurdular, vuruşmaq istəmirdilər. Hətta Ermənistan Müdafiə Nazirliyi qarşısında mitinqlər keçirib, yeni hərbi çağırışçıları Qarabağa göndərməməyi tələb edirdilər.
Məhz bu faktor kənar güclərin Ermənistanda seçkilərə təsir göstərmək üçün manevr imkanlarını artırırdı. Məsələn, rəsmi Bakı seçki ərəfəsində Ermənistana danışıqlara da, istənilən sərt varianta da tamamilə hazır olduğunu prinsipial mesajını verdi. Azərbaycan erməni diversantlarının bir hissəsini nümayişkaranə şəkildə məhkəmə qarşısına çıxartdı, bir hissəsini isə Ermənistanla Ağdamdakı minalanmış zonaların xəritələrinə dəyişdi. Bu, Ermənistan cəmiyyətinə bir tərəfdən “dəmir yumruq”, digər tərəfdən dialoq mesajı kimi dəyərləndirilə bilər. Bu əməliyyatın Paşinyan hakimiyyəti ilə reallaşdırılması isə rəsmi Bakının Ermənistanda hakimiyyət dəyişikliyini qəbul etmədiyi anlamına gəlirdi. Yəni, rəsmi Bakı seçkilərdə revanşist Qarabağ klanının qalib gələcəyi təqdirdə, Azərbaycanın sərt xəttə keçid edə biləcəyini biruzə verdi. Nəticə isə göz qabağındadır. Savaş istəməyən erməni seçiciləri rəsmi Bakının daha loyal yanaşa biləcəyi Paşinyan hakimiyyətinə səs verməyi üstün tutdu. Xüsusilə də, rəsmi Bakının Zəngəzur dəhlizi layihəsini reallaşdırmağa hazırlaşdığı Syunik bölgəsində Paşinyan hakimiyyətinin mütləq səs çoxluğunu qazanması revanşistlərin tam iflası anlamına gəlirdi. Məsələ ondadır ki, Qarabağ klanı məhz həmin bölgədə erməni seçicilərinin qorxu hislərindən yararlanmağa çalışırdı. Belə ki, hərbi cinayətkar Robert Köçəryana bağlı siyasi dairələr Paşinyan hakimiyyətinin dəyişdirilməyəcəyi təqdirdə, Syunikin Azərbaycanın nəzarətinə keçəcəyi barədə təbliğat çarxları hazırlayıb, yayırdılar.
Ancaq belə anlaşılır ki, erməni seçiciləri R.Köçəryanın hakimiyyətə gələcəyi təqdirdə, Azərbaycanla dialoqun risk altına düşə biləcəyindən daha çox ehtiyatlandılar. Çünki ordusu darmadağın edilmiş Ermənistanın Azərbaycanı qıcıqlandırmasının daha ağır nəticələr verə biləcəyi barədə proqnozlar öz təsirini göstərməmiş deyildi. Və rəsmi Bakı ilə dialoqun aparılması, Zəngəzur dəhlizinin reallaşacağı təqdirdə, Ermənistanın həmin bölgəsində yaşayan əhalinin sosial durumunun yaxşılaşacağı ilə bağlı Azərbaycanın rəsmi dairələrinin dolayısı vədləri erməni seçicilərinə daha cəlbedici göründü. Digər tərəfdən, Rusiya da Ermənistandakı seçkilərə müəyyən metodlarla təsir göstərməyə çalışdı. Hər kəs Kremlin Rusiya prezidenti V.Putinin “dostu” R.Köçəryanı dəstəkləyəcəyini düşünsə də, bunun əksi baş verdi. Kreml də R.Köçəryanın revanşist mövqeyinin Rusiyanın regional maraqlarına müəyyən problemlər yaradacağını hesablamamış deyildi. Çünki bu halda, regional gərginlik üçtərəfli anlaşmaların icrasını ciddi təhlükə altına sala bilərdi. Rusiyanın regional maraqları isə hazırda məhz həmin üçtərəfli anlaşmalar üzərində indeksləşib. Kreml sərhəd qarşıdurmasında Ermənistana dəstək vermədi, rəsmi İrəvanı Azərbaycanın qarşısında yenə də tək buraxdı. Bununla da erməni seçicilərinə üçtərəfli anlaşmaların icra edilməsinin alternativinin olmadığının, regional gərginliyə qarşı çıxdığının açıq mesajını verdi. Bu isə dolayısı ilə Kremlin Paşinyan hakimiyyətini dəstəkləməsi anlamına gəlirdi. Çünki seçkiyə qatılan bütün siyasi qüvvələr arasında üçtərəfli anlaşmaların icrasını yalnız Paşinyan hakimiyyəti vəd edirdi.
Bütün bunları nəzərə aldıqda, Azərbaycan kimi, Rusiya da əslində, Ermənistanda keçirilmiş seçkilərin nəticələrindən narazı qalmayıb. Düzdür, Paşinyan hakimiyyətinin Rusiya əleyhinə siyasi qüvvə olması Kremldə müəyyən mənada, narahatlıq doğurur. Ancaq Rusiyanın əlində bu faktoru neytrallaşdırmaq üçün kifayət qədər mexanizmlər cəmləşib. ABŞ və Qərbə gəldikdəsə, bu kənar güc üçün də Paşinyan hakimiyyəti daha sərfəli görünür. Ağ Evdə Rusiyanın qeyd-şərtsiz nökəri olan R.Köçəryanın və onun Qarabağ klanının hakimiyyətə dönüşü Cənubi Qafqazın qapılarının ABŞ-ın üzünə bağlı qalması kimi dəyərləndirilir. Çünki regionda yaranacaq gərginlik bu bölgəyə iqtisadi-ticari faktorlarla müdaxilə imkanlarını qapada bilərdi. Bu halda, ABŞ və Qərb regiondakı geopolitik proseslərdən ümumiyyətlə, kənarda qalacaqdı. Ona görə də, ABŞ və Qərb Rusiyadan məsafə saxlamağa həvəsli olduğunu gizlətməyən Paşinyan hakimiyyətinin dəstəklənməsinə üstünlük verdi. Əgər, üçtərəfli anlaşmalar sürətlə icra olunarsa, regionda davamlı sülh yaranmış olar. Bu halda, regionun iqtisadi inkişaf mərhələsinə keçəcəyi qətiyyən şübhə doğurmur. Nəticədə, ABŞ və Qərbin regiona iqtisadi-ticari faktorlar üzərindən yerləşməsi baxımından, münbit şəraitin yaranma ehtimalı istisna deyil. Bütün bunları nəzərə alan əksər Qərb siyasi araşdırma mərkəzləri Paşinyan hakimiyyətinin ABŞ, Azərbaycan və Rusiyanın ortaq səylərinə borclu olduğunu düşünürlər. Onların fikrincə, savaşı uduzmuş Paşinyan hakimiyyətinin seçkidə qələbəsinin əsas sirri məhz bu üç ölkənin uzlaşan maraqları ilə bağlıdır. Və indi Paşinyan hakimiyyəti siyasi borclarını qaytarmaq məcburiyyətindədir. “Yeni Müsavat” Media Qrupu