“Rus NATO-su” erməni girovuna çevrilir: Paşinyan Rusiyanı KTMT-nı dağıtmaqla şantaj etməyə hazırlaşır

Ermənistanın öz avantürist davranışları ilə istənilən narazılığı qarşıdirma həddinə qədər inkişaf etdirmək “qabiliyyət”ini də nəzərə aldıqda, rəsmi İrəvanın KTMT-nın dağılma prosesini başlada biləcəyi qətiyyən istisna deyil; ABŞ və Qərbin bundan olduqca məmnun olacağı isə qətiyyən şübhə doğurmur...

Ermənistanın hərbi və iqtisadi resursları tükənib. İndisə, siyasi manevr resurslarının tükənmək üzrə olduğu müşahidə edilir. Bu, xahiş və şikayət siyasətinin daha da genişlənəcəyi anlamına gəlir.

Ermənistan cəmiyyətində narahatlıq hökm sürür. Ermənistan mətbuatı Putin-Paşinyan görüşünün nəticələri ilə bağlı əvvəlcədən pessimist ehtimallar irəli sürür. Əsas mülahizə ondan ibarətdir ki, Kreml rəsmi İrəvanı yeni güzəştlərə məcbur edə biləcəyi ilə bağlıdır.

Əslində, Ermənistan mətbuatının belə pessimist olmasında Kremldən verilən mesajların da xüsusi rolu var. Belə ki, Rusiya siyasi dairələri Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinə həssas yanaşdığını qətiyyən gizlətmir. Və bu münasibətlərə hər hansı kənar müdaxilə cəhdinə qıcıqla yanaşır.

1408424.jpg (42 KB) 

Digər tərəfdən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Putin-Paşinyan görüşü ilə bağlı son açıqlaması da Ermənistan cəmiyyətində məyusluqla qarşılanıb. Çünki ermənilər bu görüşdən Rusiyanın Ertmənistana maliyyə və hərbi sahələr üzrə müəyyən dəstəklər verəcəyinə ümid bəsləyirdilər. Ancaq D.Peskovun açıqlamasından belə anlaşılır ki, ermənilərin xəyal qurduğu mövzular görüşün müzakirə prioriteti deyil.

Kreml rəsmisi bildirib ki, prezident Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyan ilə məhz üçtərəfli anlaşmaların icrası ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir. Əgər, üçtərəfli anlaşmaların icrası müzakirə mövzudursa, deməli, erməni baş nazirə istənilən halda, iradlar bildiriləcək və müəyyən təzyiqlər göstəriləcək. Və Ermənistanda cərəyan edən daxili siyasi proseslər ucbatından Paşinyan hakimiyyətinə kifayət qədər zaman tanıyan Kremlin səbri tükənmək üzrədir.

Ancaq Ermənistan mətbuatının yeni güzətlər üçün Kremlin təzyiq göstərəcəyi ilə bağlı narahatlığı tamamilə əsassızdır. Çünki Ermənistandan yeni güzəştlərin qoparılmasına qətiyyən ehtiyac yoxdur. Rəsmi İrəvan hələ heç üçtərəfli anlaşmalar üzrə köhnə öhdəliklərini yerinə yetirməyib. Və Ermənistan həmin öhdəlikləri yerinə yetirsə, regionda bir çox şeylər müsbətə doğru dəyişmiş olacaq.

Bütün bunlara baxmayaraq, Ermənistan mətbuatı Kremlin rəsmi İrəvana yeni güzəştlər ilə bağlı təzyiqlərindən yayınmağın mümkün yollarını axtarmağa çalışır. Əsas qənaət ondan ibarətdir ki, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqelərindən maksimum səviyyədə yararlanmalıdır. Yəni, üçtərəfli anlaşmaların icrası ilə bağlı təzyiqlər güclənərsə, rəsmi İrəvan KTMT üzrə hərbi təhlükəsizlik öhdəliklərini ön plana çıxartmalıdır. Kremldən onların yerinə yetirilməsini tələb etməklə, üçtərəfli anlaşmaların icrası ilə bağlı təzyiqləri balanslaşdırmağa çalışmalıdır.

sambg-pasha.jpg (46 KB) 

Göründüyü kimi, Ermənistan mətbuatı Paşinyan hakimiyyəti yenə də avantürst siyasi manevrlərə həvəsləndirilir. Əslində, Paşinyan hakimiyyətinin KTMT ətrafında avantürist siyasi gərginlik yaratmaq təcrübəsi də olmamış deyil. Vaxtilə rəsmi İrəvan bu qurumda Ermənistanı təmsil edən general Xaçaturovun həbs olunması ilə KTMT-nın fəaliyyətini iflic etməyi bacarmışdı.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti bu təcrübəni təkrarlamaq və hətta daha da inkişaf etdirmək niyyətindən o qədər də uzaq deyil. Üstəlik, sentyabr ayından KTMT-ya sədrlik Ermənistana keçdiyindən rəsmi İrəvanın bu faktordan istifadə etməyə çalışacağı ehtimal olunur. Və bu halda, KTMT daxilində müəyyən narazılıqların ola biləcəyi də proqnozlaşdırılır.

Maraqlıdır ki, Rusiya siyasi dairələrində də Ermənistanın KTMT-dan öz məqsədləri və maraqları çərçivəsində istifadə etməyə çalışa biləcəyindən narahatlıq keçirilir. Hesab edilir ki, rəsmi İrəvan ötən il 44 günlük savaşda Azərbaycana məğlubiyyətin nəticəsində yaranmış vəziyyəti Ermənistanın xeyrinə dəyişmək üçün ən xirda şansdan belə, istifadə edəcək. Bu baxımdan, KTMT-ya sədrlik də bu qurumdan öz siyasi məqsədləri üçün yararlanmaq baxımından, şans rolunu oynaya bilər. Və Paşinyan hakimiyyətinin bu şansdan aktiv şəkildə istifadə etməyə çalışacağı qətiyyən istisna deyil.

Ancaq bununla belə, rəsmi İrəvanın “Rus NATO-su” üzərindən böyük uğurlar qazana biləcəyi də ciddi şübhələr doğurur. Çünki, KTMT əslində, Rusiyanın patronajlığı altında yaradılıb. Üstəlik, bu qurumun hərbi potensialı məhz Rusiyanın gücü ilə məhdudlaşır. Yəni, digər üzv dövlətlərin hərbi potensialı elə bir ciddi əhəmiyyət daşımır və məhz Rusiyadan birbaşa asılı vəziyyətdir.

01-40-1563620493.jpg (29 KB) 

Təbii ki, belə vəziyyətdə rəsmi İrəvanın KTMT ilə bağlı planlarının verə biləcəyi manevr imkanları bir qədər şübhə doğurur. Hər halda, Rusiya öz hərbi potensialından rəsmi İrəvan tərəfindən Ermənistanın geopolitik maraqları üçün istifadə edilməsinə imkan verməz. Və bu, Rusiyanın beynəlxalq nüfuzuna zərbə olardı.

Böyük ehtimalla rəsmi İrəvan da məhz bu faktora ümid bəsləyə bilər. Belə ki, vaxtilə Paşinyan hakimiyyətinin KTMT daxilində törətdiyi “Xaçaturov qalmaqalı” ABŞ-ın maraqları üçün cəlbedici idi. Hətta Ağ Ev “Rus NATO-su” daxilində baş verənlərdən, xüsusilə də, bu qurumun fəaliyyətinin bir qalmaqalla iflic vəziyyətinə salınmasının mümkünlüyündən məmnun olduğunu da gizlətmirdi.

Ona görə də Rusiyadan qopub, Qərblə inteqrasiyaya can atan Paşinyan hakimiyyətinin yenidən Ermənistanın maraqları çərçivəsində Ağ Evi məmnun etmək niyyətində düşə biləcəyi qətiyyən istisna deyil. Ehtimal etmək olar ki, rəsmi İrəvan KTMT qarşısında hərbi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı müxtəlif məntiqsiz tələblər uydurmaqla, bu qurumun yenidən nüfuzdan salınmasına və fəaliyyətinin iflic olunmasına çalışa bilər. Bu halda, KTMT daxilində ciddi narazılıqların ola biləcəyi qətiyyən şübhə doğurmur. Ermənistanın öz avantürist davranışları ilə istənilən narazılığı qarşıdirma həddinə qədər inkişaf etdirmək “qabiliyyət”ini də nəzərə aldıqda, rəsmi İrəvanın KTMT-nın dağılma prosesini başlada biləcəyi qətiyyən istisna deyil. ABŞ və Qərbin bundan olduqca məmnun olacağı isə qətiyyən şübhə doğurmur. Bu isə o deməkdir ki, “Rus NATO-su” hazırda erməni girovuna düşmək üzrədir. /“Yeni Müsavat”  

 
 
 






Fikirlər