Navalnının xanımına görə Baydenin dəvətini qəbul etmədi

Ukraynanın birinci xanımı Yelena Zelenskaya ABŞ Prezidenti Co Baydenin Konqresə müraciətində iştirakdan imtina edib.

Bu barədə məlumatı “Washington Post” yayıb.

Zelenskaya martın 7-də baş tutacaq bu tədbirə Ağ Ev tərəfindən dəvət edilib. Bildirilir ki, buna səbəb Ağ Evin onu tədbir zamanı ötən ay dünyasını dəyişən rusiyalı siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya ilə yanaşı oturtmaq istəməsi olub.

“Plan barədə məlumatlı mənbənin sözlərinə görə, məqsəd birinci xanım Cill Baydeni Zelenskaya və Navalnaya ilə yanaşı əyləşdirmək olub. Hər iki qadının obrazı Prezident Baydenin çıxışı üçün güclü fon rolunu oynayacaq”, - deyə nəşr yazıb.

Qeyd olunur ki, lakin Yuliya Navalnayanın tədbirdə olması ukraynalılarda diskomfort yaradıb. Buna səbəb isə, Aleksey Navalnının Krımın statusu ilə bağlı açıqlamaları olub.

Bununla belə, nəşr Zelenskayanın tədbirdə iştirak etməsinin bir sıra digər səbəblərinin ola biləcəyini də istisna etməyib. Belə ki, “Washington Post” bu səbəblərdən biri olaraq Ukraynanın birinci xanımının ölkəyə yardımı bloklayan respublikaçılar ilə münasibətləri pozmamaq istəyini qeyd edib: “Zelenskayanın prezidentin çıxışında iştirakı “Baydenlə həddindən artıq sıx əlaqə” kimi görünə bilərdi”.

Y.Navalnaya da öz növbəsində yorğun olduğunu bildirərək tədbirdə iştirak etməyəcəyini açıqlayıb.






Fikirlər