NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİ, YOXSA REFERENDUM? - Hökumət daxilində yeni müzakirələr başlayıb
Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının ikinci iclası keçirilib. Gündəlikdə 13 məsələ, o cümlədən 2024-cü il dövlət büdəsinin dürüstləşdirilməsi haqqında qanun layihəsi müzakirə olunur. Siyasi çevrələrdə yayılan məlumata görə də növbədənkənar sessiyanın son iclasında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkiləri təyin etmək üçün Prezidentə müraciət edəcəyi gözlənilir. Məsələ ondadır ki, Azərbaycanda parlament seçkilərinin tarixinin irəli çəkiləcəyi artıq xeyli müddətdir müzakirə olunur. Bu zərurəti bəzi deputatlar, eləcə də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da dilə gətirib. Konstitusiyaya görə, parlament seçkiləri noyabr ayının 1-ci bazar günü keçirilməlidir. Amma noyabr ayında Bakıda COP-29 beynəlxalq iqlim konfransı keçiriləcək. Bir neçə həftə davam edəcək tədbirlərdə dünyanın 160-dan çox ölkəsindən 100 minə yaxın qonağın, o cümlədən prezidentlərin, hökumət başçılarının, beynəlxaq təşkilatların nümayəndə heyətlərinin gəlməsi gözlənilir. Hökumətin əsas diqqəti bu tədbirin yüksək səviyyədə keçirilməsinə yönəlib. Bu baxımdan bir çox siyasi ekspertlər həmin ərəfədə Azərbaycanda ölkə miqyaslı seçkilərin baş tutması inandrıcı hesab etmir. Çünki bu seçkiləri hazırlamaq, keçirmək üçün böyük inzibati, təşkilati resurslar tələb olunur, hüquq-mühafizə orqanlarının, icra strukturlarının üzərinə ağır yük düşür. Müşahidəçilərin qənaətinə görə, məhz bu səbəbdən Milli Məclisin növbədənkənar sessiyası başa çatdıqdan sonra yeni seçkilər elan edilə bilər. Seçki Məcəlləsinə görə, parlament seçkiləri elan olunduğu gündən 2 ay sonra keçirilməldir ki, bu müddətin də 20 günü təbliğat-təşviqat dövrüdür. Lakin yaxın həftələrdə parlament seçkilərinin deyil, Konstitusiya referendumunun elan olunması istisna edilmir. “AzPolitika.info”-ya daxiil olan məlumata görə, bu, hazırda hökumət daxilində mümkün varinlardan biri kimi müzakirə olunur. Azərbaycan Konstitusiyasına görə, Prezidentin və Milli Məclisin referendum çağırmaq hüququ var. Ümumxalq səsverməsinə ehtiyac məsələsi hələ 2020-ci ildə - 44 günlük müharibədən sonra gündəmə gəlib. İşğaldan azad edilmiş bölgələrin idarə olunmasında tətbiq olunan Xüsusi Nümayəndəlik İnstitutunun konstitusion əsaslarının yaradılması, Vitse-prezidentlik institutu ilə Nazirlər Kabinetinin bəzi saəlahiyyətlərində paralelliyin aradan qaldırılması, Naxçıvan Muxtar Respublikasının konstitusiyasına dəyişikliklər edilməsi zərurəti, habelə, icra hakimiyyəti sisteminin təkmilləşdirilməsi və ya iqtisadi zonalar üzrə regional idarəçiliyə keçid, bələdiyyələrin səlahiyyətlərinin artırılması və s. kimi məsələlər Konstitusiya islahatları ilə həll edilməlidir. Əgər hökumət referendum qərarı verərsə, Milli Məlisə seçkilər Konstitusiyada göstərilən yeni tarixdə keçirilə bilər. Bu halda gələn ilin ilk ayları seçki üçün daha münasibdir və hazırkı çağırış parlamentin səlahiyyət müddəti avtomatik olaraq həmin tarixə qədər uzadıla bilər. Beləliklə, yaxın vaxtlada məlum olacaq ki, növbədənkənar parlamet seçkiləri keçiriləcək, yoxsa referendum!