Davakar, iddialı siyasilərin susqunluğu – Onlar niyə geri çəkildi?

Sentyabrın 1-də baş tutması gözlənilən parlament seçkilərində iştirak edəcək namizədlər hazırlıqlara başlayıb. Artıq imza vərəqlərini alıb, imza toplayan, Dairə Seçki Komissiyasına (DSK) təhvil verən xeyli namizəd var.

Yeni Azərbaycan Partiyası 1 həftə öncə namizədlərini açıqlayıb. Müxalif partiyaları da namizədlərini irəli sürüb. Amma bəzi partiya sədrləri seçkilərdə iştirak etməyəcəklərini deyiblər. Vaxtilə iddialı, israrlı, bir qədər də barışmaz siyasətçilər taleylələri ilə barışmış kimi görünürlər. Hətta indidən bəzi ekspertlər deyirlər ki, həmin liderlər üçün bu, son seçki ola bilər. Onların siyasətçi kimi getdikcə sıradan çıxdığı proqnozlaşdırılır.

Müxalif partiya liderlərinin seçkilərdə iştirakdan imtinasının səbəblərini onların özlərindən soruşduq.

Globalinfo.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə parlament seçkilərinə namizədliyini irəli sürmədiyini deyib:

“Ümid Partiyasının İdarə Heyəti növbədənkənar seçkilərdə namizədliyimin irəli sürülməsini məsləhət bilməyib. Ona görə də budəfəki seçkidə iştirak etməyəcəyəm”.

Müsavat Partiyasının başqanı Arif Hacılı parlament seçkilərində namizədliyini irəli sürmədiyini bildirib:

“Parlament seçkilərində partiyadan olan namizədlərin seçki kampaniyasının təşkilatçılarından biri kimi iştirak edirəm. Müsavat Partiyasının seçki qərargahına rəhbərlik etməklə namizədliyini irəli sürmüş müsavatçıları dəstəkləyirəm. Namizədliyimi irəli sürməməyimin səbəbi də hazırkı prosesdə işlərlə daha yaxından iştirak etmək üçündür”.

Xatırladaq ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər də seçkilərdə namizədliyini irəli sürməyəcək.

Azərbaycan Demokrat Partiyasının rəhbəri Sərdar Cəlaloğlu 3 saylı Şahbuz-Babək-Kəngərli seçki dairəsində namizədliyini irəli sürdüyünü bildirib:

Sərdar Cəlaloğlu

“İmzaların 90 faizini toplamışıq, iki gün ərzində prosesi tamamlayıb, dairəyə təqdim edəcəyik. Yeni Azərbaycan Partiyasından rəqibim Babayev Asimandır. Maraqlanmışam ki, o, tanınan biri deyil. YAP-da da onu tanıyan yoxdur”.

Sərdar Cəlaloğlu onu da deyib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev də 3 saylı Şahbuz-Babək-Kəngərli seçki dairəsindən namizədliyini irəli sürüb.

ADP-dən 25-ə yaxın namizəd irəli sürməyi planlaşdırdıqlarını deyən S.Cəlaloğlu bildirib ki, namizədlərin sənədlərinin qeydiyyatı və s. xeyli maliyyə tələb edir:

“Bir nəfərin sənədlərinin verilməsi 35 manat, dairəyə nizamnamənin verilməsi isə 16 manata başa gəlir. Notariusda sənədin təsdiq edilməsi də tamamilə yanlışdır. Bu, partiyaların iqtisadi cəhətdən tükənməsinə səbəb olur.”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də seçkilərdə namizədliyini irəli sürdüyünü təsdiqləyib:

Pənah Hüseyn

“68 saylı Sabirabad-Şirvan seçki dairəsində namizədliyimi irəli sürmüşəm. Bu gün də imza vərəqlərini DSK-a təqdim etmişəm”.

Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev deyib ki, partiyadan hələlik 16-17 nəfərin namizədliyi irəli sürülüb.

Hafiz Hacıyev

O, hazırda qeydiyyat məsələləri ilə məşğul olduqlarını bildirib:

“İdarə Heyəti və Siyasi Şura seçimi öz ixtiyarıma buraxıb. İstənilən vaxt müstəqil şəkildə dəqiq qərar verəcəm. Düzdür, hazırda namizədliyimi irəli sürməmişəm, amma hələ irəlidə bir neçə günümüz var. Əgər görsəm ki, mənim seçkilərdə iştirak etməyim lazımdır, o zaman mütləq namizədliyimi irəli sürəcəm. Verəcəyim qərarın səbəbini də hər şey dəqiqləşdikdən sonra açıqlayacağam”.

 






Fikirlər