BAKI OTELLƏRİNDƏ BOŞ YER QALMADI – COP öncəsi otellərdə qiymətlər rekord səviyyəyə qalxıb

Məlum olduğu kimi, Tərəflər Konfransı kimi də bilinən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) 11-22 noyabr tarixlərində paytaxt Bakıda keçiriləcək. Tarixində ilk dəfə belə yüksək iştirakçı sayı olan bir proqramın keçiriləcəyi paytaxtda 11 aydır davam edən hazırlıq işləri demək olar ki, yekunlaşıb. Proqnozlara görə, COP tədbirində dünyanın 185 ölkəsindən ümumlikdə 50-60 min nəfər iştirak edəcək.

Müqayisə üçün qeyd etmək yerinə düşər ki, əvvəllər Azərbaycanda keçirilən ən böyük tədbir 8-10 min nəfərin iştirak etdiyi “Avropa Oyunları” idi. Bu o anlama gəlir ki, COP zamanı qarşıda duran əsas və çətin vəzifələrdən biri də ölkəmizə gələn xarici qonaqları otellərdə yerləşdirmək olacaq.

 

 

Məlumat üçün qeyd edək ki, artıq tədbirin başlamasına sayılı günlərin qaldığı bir vaxtda paytaxt Bakıda demək olar ki, boş otel otağı qalmayıb. COP29 tədbirində iştirak edəcək qonaqların otel rezervasiyası üçün yaradılan "accommodation.bnetwork" platformasında qeyd olunub ki, hazırda 11-22 noyabr tarixlərində şəhər mərkəzindən 15-20 kilometr məsafəd yerləşən cəmi 10 oteldə boş yerlər mövcuddur. Bu bir ulduzlu otellərdə isə qiymətlər fantastik səviyyədə yüksəkdir.

Həmin otellər və bir gecəlik qonaqlama qiymətləri aşağıdakı kimidir:

- "Atletlər kəndi" - 500 dollar (850 manat), (Minimum 6 gecə);

- "İzmir Premimum otel" - 432 dollar (734 manat), (Minimum 3 gecə);

- "See Breeze" - 400 dollar (680 manat), (Minimum 3 gecə);

- "Reges park" - 350 dollar (595 manat), (Minimum 6 gecə);

- "See Breeze Plaza deluxe" - 320 dollar (544 manat), (Minimum 3 gecə);

- "See Breeze" kotec - 300 dollar (510 manat), (Minimum 3 gecə);

- "City Park" - 249 dollar (432 manat), (Minimum 3 gecə);

- "Şıx istirahət mərkəzi" - 130 dollar (221 manat), (Minimum 3 gecə);

- "Venair comfy" - 130 dollar (221 manat), (Minimum 3 gecə).

Siyahıdan da məlum olduğu kimi, COP tədbirinin keçirildiyi 11-22 noyabr tarixlərində Olimpiya Stadionunun qarşısında yerləşən "Atletlər kəndi"ndə 11 gecə qonaqlayan bir turist bunun üçün 5500 dollar (9354 manat) ödəməlidir. Digər otellərdə də 11 gün üçün aşağı-yuxarı 7-8 min manat arası vəsait tələb olunur. Məsələn, Nəsimi rayonunda, İzmir küçəsində yerləşən "İzmir Premium" oteldə 11 gecəlik qonaqlama 4752 dollar (8081 manat), Nardaranda yerləşən "See Breeze"də isə 4400 dollar (7482 manat) təşkil edir.

"Hotelnewsresource" platformasının araşdırmasına görə, hazırda Bakıdakı otellərin otaq qiymətləri 2024-cü ilin ümumi orta qiymətindən 379% bahadır. Qeyd olunur ki, mərkəzdə yerləşən 3-4-5 ulduzlu otel otaqları aylar öncədən rezerv olunub. Hazırda paytaxt otellərində doluluq nisbəti 92 faizdən artıqdır. Bildirilir ki, konfrans 11 noyabrda başlasa da, dünya liderlərinin sammiti 12-13 noyabr tarixlərini əhatə etdiyindən otellərə əlçatanlığın tarixi minimumu bu ərəfədə müşahidə olunacaq. Məlumata görə, tədbirin davam etdiyi müddətdə otellərdəki sıxlıq getdikcə azalmağa başlayacaq. Məsələn, noyabrın 13-də 92 faiz dolu olan otellərdə, 15 noyabra qədər bu göstərici 75 faizə enəcək. Həmçinin bildirilir ki, tədbir günü Bakıda standart otel otağının qiyməti 676 dollar (1150 manat) təşkil edəcək. Bu, 2023-cü ilin eyni həftəsi ilə müqayisədə 364% və ya 4 dəfə yüksəkdir. Bildirilir ki, otellərin əsas gəlir dövrü isə 11-15 noyabr tarixlərini əhatə edəcək.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə 2022-ci ildə Bakı və Abşeron yarımadasında yaxın otel və mehmanaxana tipli yerlərdə çarpayı yerlərinin sayı 24 min 696 olub. Ötən 2023-cü ildə bu rəqəmin necə dəyişdiyi məlum deyil. Komitənin məlumatına görə, 2023-cü ilin iyun ayında Bakıda 89 min 168 nəfər xarici turist otellərdə yerləşib.

Bundan başqa, Azərbaycanın indiyədək keçirdiyi ən böyük tədbir olan Avropa Oyunları zamanı idmançılar və onları müşayiət edən heyətin yerləşdirildiyi Atletlər kəndi 8-13 mərtəbəli binalardan və bir inzibati binadan ibarətdir. Yaşayış binalarında yerləşən 1042 geniş mənzildə 7500-ə yaxın insanın yaşayışı üçün hər cür şərait var.

Qeyd edək ki, ötən il COP28-ə ev sahibliyi edən Dubaydakı tədbirdə qeyri-rəsmi rəqəmlərə görə, 100 min insan iştirak etmişdi. Həmin qonaqlar 150 min çarpayılıq yeri olan müxtəlif otellərə yerləşdirilmişdilər. Müqayisə üçün qeyd edək ki, Azərbaycandakı otellərdə ümumi çarpayı sayı 57 mindir. Bu, Dubaydakı göstəricidən təxminən 3 dəfə azdır. Ekspertlər hesab edirlər ki, ölkəyə gələn və otellərdə yer tapa bilməyən xarici qonaqlar mənzil tipli yaşayış evlərini kirayələyərək orada qalacaqlar. Hazırda paytaxtda bu tip mənzillərin günlük kirayə xərci 100-200 dollar civarındadır.  "AzPolitika.info"

 

 






Fikirlər