SAHİL BABAYEV DƏYİŞİKLİYƏ BAŞLADI - Rektorun qardaşını işdən çıxardı + FOTO (Yenilənib)
Maliyyə Nazirliyi Aparatının rəhbəri Cavanşir Yusifov vəzifəsindən azad edilib. “AzerTaym.az” azpolitikoinfo-ya istinadən xəbər verir ki, bu barədə yeni maliyyə naziri Sahil Babayev Əmr imzalayıb. Maliyyə Nazirliyindən xəbəri təsdiqləyiblər. Bildirilib ki, Natiq Həsənov Maliyyə Nazirliyinin yeni Aparatı rəhbəri təyin edilib. O, 2018-ci ildən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib. Qeyd edək ki, Cavanşir Yusifov Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun qardaşıdır. Maliyyə Nazirliyinin yeni Aparatı rəhbəri N.Həsənov isə 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Dövlət İqtisad Universitetində magistr təhsili alıb. O, 2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçisi, 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri, 2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib. Xatırladaq ki, bundan əvvəl Maliyyə Nazirliyinin Aparatının rəhbəri Cavanşir Yusifov olub. Onun dövlət qulluğuna pensiya yaşında olması ilə əlaqdər öz arzusu ilə xitam verilib.