Şah İsmayıla “fars” yarlığı və Ərdoğanın “adam kimi yaz” cavabı – VİDEO
Türkiyənin “Bengü türk” telekanalında yayımlanan “Ters açı” proqramının aparıcısı Murat İde Şah İsmayıl Xətaiyə fars deyən “Yeni Şafak” qəzetinin baş redaktoru İbrahim Karagülə sərt cavab verib. Azərtaym.az xəbər verir ki, İ. Karagül son günlər İran-Rusiya-Suriya ittifaqının Türkiyəyə qarşı hücumlarından bəhs edərək, İranı tənqid edir və belə yazır: “Sən Şah İsmayıl olarsan, ortaya bir Yavuz çıxar”. Göründüyü kimi, İranı tənqid etməyə, onun siyasi oyunlarını ifşa etməyə hesablanmış bu yazıda həm də Azərbaycan tarixi təhrif olunur və bütün türk dünyasının “böyük türk” deyə bəhs etdiyi Şah İsmayıl “fars şahı” olaraq təqdim olunur. İ. Karagülün yanlışları ortadadır. Lakin bizi qabaqlayan Murat İde ona layiqincə cavab verir. Daha sonra o, “İran zamanında Şah İsmayıldan qorxdu, bu gün onun 35 milyonluq övladından qorxur” deyə qeyd edir.
“1. İran və nifaqını tənqid etməyə sözüm yoxdur. Amma əsl türk olan Şah İsmayılı fars kimi təqdim etməkdən utanmadınmı?
2. Türkiyə İran-Rusiya-Suriya ittifaqı qarşısında çətinliyə düşərkən Azərbaycan nə dedi?!: “Mən qardaşıma təbii qaz verəcəm, həm də daha ucuz qiymətə”. Azərbaycanlı qardaşlarımızdan utanmadınmı?
3. 2009-cu ildə Bakıya getmişdin. Birlikdə getdiyin jurnalistlərdən dinlədim. “Əliniz soyuq sudan isti suya dəyməmiş”. O qonaqpərvərliyi göstərən türkdən də utanmadın?
4. İran kimi nifaq salmadığınız yer qalmadı, növbə türklərəmi çatdı? Çaldıran acısına rəğmən, bu gün “Şah da bizim, Sultan da” deyən bu milləti indi də nifaqlamı ayırırsınız?
5. İrana söz atdım deyərkən, İran ağzı ilə yazırsan. Prezident Ərdoğan Azərbaycandan qayıdarkən təyyarəsində sənə “adam kimi yaz” dedi. Yenə eyni sözləri desinmi?” – deyə M. İde hazırladığı videosüjetdə bildirib.