TOFIQ Zülfüqarovdan XİN rəhbərliyinə ITTIHAM

“Tofiq Zülfüqarovdan XİN rəhbərliyinə ittiham

“Mənə elə gəlir ki, əsas problem bu deyildi. Bu hadisə ilə bağlı ən böyük tənqidi prezidentin özündən eşitdik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri, bir müddət öncə geri çağrılan Latviyadakı fövqəladə və səlahiyyətli səfir Tofiq Zülfüqarov Azadlıq Radiosuna müsahibəsində deyib. Xarici İşlər Nazirliyində baş verən son proseslərə, ötən ilin mayında paytaxtdakı yanğına görə məmurları tənqid edən və onu sosial şəbəkədə “like” edən diplomatların işdən uzaqlaşdırılması və ya izahat yazmasına münasibət bildirən T. Zülfüqarov hesab edir ki, dövlət işində çalışan insan ya işdən çıxıb siyası fəaliyyətlə məşğul olmalıdır, ya da gərək məmur kimi elə məmur kodeksinə əməl etsin: “Mən səfir olsaydım, sizinlə indiki kimi sərbəst danışa bilməzdim. Bir də, həmin insanlar mənim bildiyimə görə, əvvəllər siyasi baxımdan heç də fəal olmayıblar. Normal şəkildə karyeralarını qurublar. Bu krizisin arxasında başqa məsələlər durur. Yəni diplomatik korpusdakı gərginliklər başqa yerdən qaynaqlanır, bəzən belə yanaşmaya şahid olursan: “Bu özümüzünküdür, bu isə qıraqdan gələndir”. Belə bir korporativ əhval-ruhiyyə var. Əsas məsələ bununla bağlıdır, siyasi məsələlərlə yox. Hesab edirəm ki, bu problemi cənab prezident həll etməlidir. Bir misal da gətirim, təəssüf ki, Harvardı bitirən, yüksək biliklərə malik insanlar XİN-də bacarıqsız, savadsız kimi qələmə verilir. Digərləri, gülməli addımlar atanlar, özünü layiqincə aparmayanlar bacarıqlı diplomatlar kimi təqdim edilir. Kadr siyasətində böyük səhvlər var və bunlar aradan götürülməlidir”.

“Sizcə, nazir istefaya göndərilməlidir?” sualına T. Zülfüqarov belə cavab verib: “Bu, cənab prezidentin qərarıdır. Mənim fikirimi soruşsanız ciddi addım atılmalıdır, özü də ən ciddi addımlar”.






Fikirlər