Gün.Az Rusiyanın tanınmıış telejurnalisti Vladimir Poznerin eksklüziv müsahibəsini təqdim edir.
Qeyd edək ki, müsahibə yazılı formada alındığından təəssüf ki, bəzi cavablardan doğan növbəti sualları müsahibimizə ünvanlaya bilmədik.
- Rusiya və Türkiyə arasında yaranmış vəziyyət və tərəflərin bir-birinə güzəştə getmək istəməməsini nəzərə alaraq barışıq üçün hansı addımların atılmalı olduğu barədə fikrinizi bilmək maraqlı olardı.
- Bu, “siz prezident olsaydınız nə edərdiniz” sualına bənzəyir. Yalnız onu deyə bilərəm ki, dövlətin siyasəti dövlət başçısının milli maraqları necə başa düşməsindən asılı olaraq müəyyən edilir.
- Necə düşünürsüz, iki dövlətin rəhbərliyi anlayırmı ki, Rusiya və Türkiyə kimi regionun böyük dövlətləri arasında gərginlik ümumilikdə regionda vəziyyəti ağırlaşdırır və bundan sonra gərginliyin artması nəyə gətirib çıxara bilər?
- Düşünmürəm ki, Rusiya və Türkiyə arasında gərginlik bundan sonra artacaq. Vəziyyəti prezidentlərin anlamağına gəldikdə isə mənə elə gəlir ki, şəxsi inciklik və özünəvurğunluğun təhqir edilməsi düşünülmüş siyasətə üstün gəldi.
- Rusiya hökumətinin türklərin işə qəbuluna, türk futbolçuların Rusiya klublarına transferinə qadağa və digər bu cür qərarlara, o cümlədən Türkiyə vətəndaşlarına Rusiya aeroportlarında pis münasibətlə bağlı xəbərlərə necə yanaşırsınız?
- Rusiya vətəndaşlarının türklərə qarşı pis münasibəti təəssüf ki, təbii bir haldır. Əgər Rusiya hava qüvvələri Türkiyə təyyarəsini vursaydı, Türkiyə vətəndaşları da ruslara qarşı yaxşı münasibət göstərməzdilər.
Yeri gəlmişkən mənə çatan məlumatlara görə, Türkiyədə ruslara qarşı hazırda çox pis münasibət var və Türkiyəyə gələn Rusiya vətəndaşlarının sayı dəfələrlə azalıb.
Bununla belə hesab edirəm ki, sizin sadaladığınız tədbirlər effektiv deyil. Çünki təyyarənin vurulması barədə qərarı sıravi Türkiyə vətəndaşları qəbul etməyiblər. Amma anladığım qədər onlar bunun əleyhinə də çıxış etmədilər və bu da az əhəmiyyətli deyil.
- Hesab etmirsiz ki, bu, yumşaq desək milli ayrıseçkilik siyasətinə bənzəyir və azacıq da olsa ötən əsrin 30-cu illərində milliyyətinə görə sıxışdırılmaya görə faşist Almaniyasının siyasətinə oxşayır?
- Yox, belə hesab etmirəm. Hər ehtimala qarşı xatırlatmaq istərdim ki, faşist Almaniyasında insanlara milli mənsubiyyətinə görə yanaşmırdılar. Burada “yəhudi məsələsinin tam həlli” vəzifəsi qarşıya qoyulmuşdu və yəhudiləri sonuncusuna qədər məhv etmək istəyirdilər. Buna bənzəyən yeganə hadisə 1915-ci ildə Türkiyədə ermənilərə qarşı soyqırımı məsələsidir.
- Azərbaycan həm Rusiya, həm Türkiyənin qonşusudur və hər iki ölkə ilə sıx əlaqələri var. Siz Azərbaycanın bu məsələdə mövqeyini necə qiymətləndirirsiz və fikrinizcə, Azərbaycan Rusiya və Türkiyə arasında vasitəçi ola bilərmi?
- Mənim Azərbaycan rəhbərliyinin bu məsələdə mövqeyi barədə az məlumatım var və belə vasitəçiliyi çətin təsəvvür edirəm.
(AzerTaym.az)
Fikirlər