Politoloq: "Putinin etdiyi ucuz lotuluqdur"
Türkiyə vətəndaşlarının nəzarət etdiyi şirkət və firmalar da Rusiya ərazisində iş görə bilməyəcəklər. Rusiya prezidenti Putin Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara dəyişiklik edib. Rusiyada son aylar ərzində bağlanmış kontraktların iştirakçısı olan şirkət və firmaların təsisçiləri və sahibləri haqqında araşdırmalar aparılır. Əgər hər hansı bir şirkətin təsisçiləri arasında və ya idarə heyətində Türkiyə vətəndaşı olarsa, həmin şirkətlə bağlanmış kontraktın ləğvi gündəmə gələcək. Bu məsələyə politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a verdiyi açıqlamasında münasibət bildirib: "Rusiyanın iqtisadi vəziyyəti onsuz da bərbaddır. Bütün mütəxəssislər Rusiyanın tənəzzülünün davam edəcəyini proqnozlaşdırırlar. Rusiyanın silah satışı sahəsində uğurları var və ordu quruculuğunda bəzi uğurları var. Rusiyanın elmi, səhiyyəsi, təhsili və demoqrafik vəziyyəti isə acınacaqlı haldadır. Faktiki olaraq bu əməlləri ilə Rusiya özünə zərbə vurur. Türkiyəyə qarşı tətbiq edilən cəza tədbirlərinin bir çoxu rus biznesinə və rus vətəndaşına ziyan verir. Bu da Putinin ağlının səviyyəsini göstərir. Buna "lotuluq" deyirlər, Putinin etdiyi ucuz "lotuluqdan" başqa bir şey deyil. Rusiya Türkiyəyə heç nə edə bilməyəcək". Qeyd edək ki, Rusiyanın Türkiyəyə sanksiya tətbiq etməsinə səbəb rus hərbi təyyarəsinin Türkiyənin hava məkanını pozması nəticəsində türk pilot tərəfindən vurulması olub.