Rusiya Kommunist Partiyasından olan millət vəkilləri Vladimir Putindən 95 il əvvəl Sovet Rusiyası ilə Türkiyə arasında imzalanan “1921 dostluq və əməkdaşlıq" - "Moskva müqaviləsi"nin ləğv edilməsini istəyib.
Anspress-in məlumatına görə, bu barədə Rusiyanın "İzvestiya" qəzeti yazıb. Dövlət Dumasında təmsil edilən partiyanın üzvü Valeriy Raşkin ilə Sergey Obuxov ölkə prezidenti Vladimir Putin və XİN rəhbəri Sergey Lavrova bu barədə məktub ünvanlayıblar. Rusiyadakı erməni lobbisi də bir müddətdir ki, bu istiqamətdə iş aparırdı.
"Türkiyənin artan təcavüzkar rəftarı qarşısında mövcud bütün ikitərəfli razılaşmaları hüquqi baxımdan yenidən nəzərdən keçirərək bizim və müttəfiqlərimizin mənfəətinə uyğun olmayan müqavilələrdən çıxmalıyıq. Ankara rəhbərliyi seçdiyi yolda irəliləməyə davam edəcəyi təqdirdə başına nələr gələcəyini çox yaxşı anlamalıdır. Rusiya ancaq bu şəkildə davranarsa yeni təxribatların önünə keçə bilər. Sovet Rusiyası ilə Türkiyə Respublikası arasında 16 Mart 1921-ci il tarixində Moskvada imzalanan dostluq və əməkdaşlıq müqaviləsinin nəzərdən keçirilməsi daha əvvəl də gündəmə gəlmişdi. İkinci Dünya Müharibəsi sonunda bu mövzunu Stalin gündəmə gətirmişdi. Ancaq Stalin öləndən sonra sovet rəhbərliyi onu təxirə saldı.
İndi biz prezident Putinə və xarici işlər naziri Sergey Lavrova bu müraciətlə mövzunu təkrar gündəmə gətiririk. Bununla yanaşı, 1921-ci ildə əldə olunan razılaşma üç Qafqaz dövlətindən ikisi - Ermənistan və Gürcüstan tərəfindən onsuz da etibarlı qəbul edilmir. Burada müttəfiqlərimizin də mənfəəti var. Çünki Moskva müqaviləsinin davamı sayılan Qars sülh müqaviləsi Rusiya imperiyasının tərkib hissəsi olan Qars bölgəsi, Cənubi Batum bölgəsi və Ağrı bölgəsi Türkiyənin əlinə keçmişdi. Ermənistan Qars anlaşmasını etibarlı saymır. Bənzər şəkildə Gürcüstan parlamenti da Qars anlaşmasını 2005-ci ildə ləğv etmişdi".
Digər tərəfdən Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov Ankaranın Moskva ilə əlaqələri tənzimləmək üçün lazımi addımları atacağını bildirib. Moskvada Türkiyə haqqında açıqlama verən Meşkov Ankaranı ittiham edib: "Ankara mədəni davranmalıdır. Türkiyə tərəfi ikitərəfli əlaqələrin normallaşması üçün bizim istədiyimiz ədalətli şərtləri çox yaxşı bilir. Bundan bir neçə həftə əvvəl söylədiklərimiz hələ də qüvvədədir".
Meşkovun dediyi şərtlər isə aşağıdakılardır:
- Türkiyənin Rusiya təyyarəsini vurduğu üçün üzr istəməsi
- Təyyarə üçün təzminat ödənilməsi
- Ölən pilotun ailəsinə təzminat ödənilməsi
Ankara ötən il noyabrın 24-də vurulan rus təyyarəsinə görə üzr istəmək niyyətində olmadığını, hava məkanını pozduğu üçün Rusiyadan üzr gözlədiyini demişdi.