Xalqlar qlobal biznesin TORUNA NİYƏ DÜŞÜR?

 Xalqlar qlobal biznesin toruna niyə düşür?

 

 

 

 

 

 

 

“14 fevral, 8 mart kimi bayramların gündəmdə saxlanılmasında əsas məqsəd daha çox gəlir əldə etməkdir” 

 

Azərbaycanda 14 fevral - “Sevgililər günü”, başqa bir adla “Valentin günü” ötən illərə nisbətdə daha kütləvi şəkildə qeyd edilməyə başlayıb. Təkcə sadə insanlar deyil, televiziyalar da, mətbuat da bu günü qabarıq şəkildə işıqlandırır, biznes müəssisələri, restoranlar həftələr öncədən “Sevgililər günü” proqramlarının reklamını edirlər. Bundan bir ay sonra isə bizi 8 Mart qadınlar bayramı gözləyir. Yenə eyni təlaş, eyni hədiyyələr, eyni gözləntilər... 
 
Xatırladaq ki, bir ay öncə, 31 dekabrda da biz başqa bir xristian bayramı olan Yeni ili qeyd etmişdik. 
Bayramların beləcə, aybaay ardıcıllıqla düzülüşü, hər ay insanların bir başqa bayramın təlaşına düşməsi və kütləvi şəkildə bazarlara, restoranlara axışması, hədiyyə malları biznesində milyonlarla manat pulların dövr etməsi sanki bu bayramların qlobal biznesin sadə insanlar üçün yaratdığı bir oyun olduğunu deməyə əsas verir. Hər il də insanlar aparılan təbliğata uyaraq, müəyyən xərclərindən kəsib hədiyyələşməyə məcbur olurlar. Kimisi bir aylıq maaşını bir dəstə gülə, kimisi də hər hansı bahalı ətirə, oyuncaq ayıya verir. Restoranlarda isə boş stol tapmaq mümkün olmur. 
İqtisadçı ekspert Vüqar Bayramov da bu bayramların qlobal biznesin əlində bir alət olduğunu vurğuladı:“Təbii ki, həmin günlər bayram kimi yarananda bunun biznes tərəfi nəzərə alınmayıb. Lakin sonradan həmin bayramlar sadə vətəndaşlardan çox biznesin diqqətini cəlb edir. Bu cür bayram günlərinin  gündəmdə saxlanılmasında əsas məqsəd daha çox gəlir əldə etməkdir. Bayramlarla bağlı bizim apardığımız monitorinqlər göstərir ki, biznes daha çox gəlir əldə etmək səbəbindən Azərbaycan bütün alternativi olan bayramları qeyd edir. Məsələn, Yeni il bayramının Azərbaycanın tarixi ilə bağlılığı yoxdur. Ancaq bu reklam edilir. Həm biznes, həm də xidmət sektoru çalışır ki, bu gündən istifadə etməklə gəlir əldə etsinlər. Bundan başqa, əgər bir sıra ölkələrdə ”Valentin günü" qadağan edilibsə, Azərbaycan həm bu günü, həm də buna bənzər digər günləri qeyd edir. Təəssüf ki, vəziyyət çox acınacaqlıdır və hələ də Azərbaycan məktəblərinin bir qismində 23 fevral sovet ordusunun yarandığı gün kişilər bayramı kimi qeyd olunur və oğlan şagirdlərə hədiyyələr verilir". 
 
Ekspertin sözlərinə görə, vətəndaşlarımızın bu məsələlərə loyal yanaşması və informasiyanı aldığı kimi qəbul etməsi, onu özü üçün dəyərləndirməməsi Azərbaycanda belə günlərin bayram kimi qəbul edilməsinə, qeyd edilməsinə gətirib çıxarır: “Beynəlxalq aləmdə də biznes və xidmət sektoru belə bayramların təbliğində maraqlıdırlar. Xüsusən də televiziyalarda bunun təbliği həyata keçirilir. Biznes çalışır ki, həmin bayramlar gündəmdə qalsın və qeyd edilsin. Çünki bu onların gəlirlərinin artmasını təmin edir”. 
İqtisadçı ekspert Natiq Cəfərli də bildirdi ki, müəyyən bayramların yaranması və sonradan onların piarının aparılması, beynəlxalq mediada təbliği və insanların beyninə yeridilməsi yaxşı düşünülmüş bir biznes planın nəticəsidir: “Təbii ki, burada milyonlarla dollar vəsaitin bayramlar vasitəsilə qazanılması əsas məsələdir. Ancaq bu, birtərəfli olaraq, biznes məsələsi deyil. İnsanların özündə də belə hisslər var ki, ”Sevgililər günü"ndə və ya 8 Mart bayramında qadınlara hədiyyə alsınlar, bir-birilərini təbrik eləsinlər. Media vasitəsilə illərdir bunun piarı aparılır və insanların beyninə yeridilir. Bu da effektini verdi və artıq insanlar bu hədiyyələşməni özlərinə borc bildilər. Qlobal biznes də bu məsələdən öz gəlirləri üçün istifadə edir. Belə demək mümkünsə, bu məsələdə cəmiyyətlə biznes arasında sanki bir razılaşma mövcuddur. Reallıq odur ki, dünyada  bu bayramlarda satılan hədiyyələrin pulu milyardlarla ölçülür".
AzerTaym.az






Fikirlər