Kosmosda olan İLK BAKILI - SOVET İTTİFAQI QƏHRƏMANI - FOTOLAR

Kosmosda olan ilk bakılı - Sovet İttifaqı Qəhrəmanı FOTO

Sovet kosmonavtikasının inkişafında bir çox soydaşlarımızın danılmaz rolu olub. Məsələn, kosmosu ilk fəth edən insan Yuri Qaqarinin uçuşunun təşkil edilməsində azərbaycanlı alim Kərim Kərimovun xüsusi xidməti var. Kosmonavtların uçuşaqədərki hazırlığına cavabdeh olan K.Kərimov buna görə "Lenin" ordeni ilə mükafatlandırılıb. Bundan başqa, o, Sosialist Əməyi Qəhrəmanı, Stalin və SSRİ Dövlət Mükafatına layiq görülüb.
Azərbaycanı kosmonavtikada layiqincə təmsil edən başqa həmvətənlərimiz də az olmayıb.  "AzerTaym.az" modern.az-a istinadən bildirir ki, onlardan biri də Sovet İttifaqı Qəhrəmanı, hazırda Vahid Rusiya Partiyasından Rusiya Dövlət Dumasının üzvü Musa Manarovdur. 
22 mart onun doğum tarixidir.
Adı daha çox yaşlı və orta nəslə tanış gələn Musa Manarov fəzaya qalxan ilk Azərbaycan doğumlu şəxs kimi tarixə düşüb. İlk növbədə onun tərcümeyi-halından məlumat verək. Onun valideynləri Qafqaz əsilli lak xalqının nümayəndələri idi. Atası Xiraman Musa oğlu Manarov Böyük Vətən müharibəsinin iştirakçısı idi. Hərbi xidmətini müharibədən sonra da davam etdirən Xiraman Manarov hərbi mühəndis kimi sovet ordusunda xidmət göstərirdi.
Ailə başçısının təyinat yeri tez-tez dəyişdiyi üçün Manarovlar ailəsi tez-tez Sovet İttifaqının müxtəlif şəhərlərində olurdular. Bakıdakı hərbi hissələrdən birində xidmət göstərən zaman Xiraman Manarovun oğul övladı dünyaya gəlir. Bu əlamətdar hadisə 1951-ci il martın 22-də baş verib. Gələcəkdə məşhur kosmonavt olacaq körpə babasının şərəfinə Musa adlandırılıb. Lakin anadan olduğu Bakıda yaşamaq Musa Manarova qismət olmur. Cəmi bir neçə il sonra ailə Ukraynanın Xarkov şəhərinə - Xiraman Manarovun yeni xidmət yerinə köç edir. 
8-ci sinfə qədər Xarkov məktəblərindən birində oxuduqdan sonra Musa Manarov bu dəfə ailəsi ilə Rusiyanın Çuvaşiya Muxtar Respublikasındakı Alatır şəhərinə köçür. 1968-ci ildə 17 yaşlı Musa Manarov 8 saylı Alatır orta məktəbini qızıl medalla bitirir. O hələ məktəb vaxtlarından uçuşlara, kosmonavtikaya həvəs göstərir. Bu həvəs onu Moskva Aviasiya İnstitutunun Uçuş Aparatlarının Radioelektronikası fakültəsinə gətirir. İnstitutu "radiomühəndis" ixtisası ilə bitirdikdən sonra mühəndis kimi "Energiya" elmi-tədqiqat institutunda mühəndis olaraq çalışan Musa Manarov müxtəlif uçuş aparatlarının sınaqlarında iştirak edir.
1978-ci ildə lazımi tibbi yoxlanış keçdikdən sonra Musa Manarov kosmonavtlar dəstəsinə qəbul olunur. 1979-1982-ci illər ərzində "Buran" proqramı çərçivəsində hərtərəfli hazırlıq keçir. Müxtəlif ekstremal şəraitlərdə gələcək kosmonavtların dözümlülüyü və reaksiyaları yoxlanılır. Manarov "Mir" orbital stansiyası və "Soyuz" kosmik gəmilərində uçuş üçün lazımi ümumkosmik hazırlıq təlimi keçir.  Nəhayət uzunmüddətli hazırlıqlarıdan sonra Musa Manarov 1987-ci il dekabrın 21-də "Soyuz TM-4" kosmik aparatında fəzaya qalxır. Və yalnız 1 il sonra 1988-ci il dekabrın 21-də Yerə qayıdır. 
365 gün 23 saat davam edən kosmik səyahəti zamanı (davamlılığına görə dünya rekordu sayılır) göstərdiyi qəhrəmanlığa və cəsarətə görə Musa Xiraman oğlu Manarov 21 dekabr 1988-ci ildə Sovet İttifaqı Qəhrəmanı adını alır. Bundan başqa, o "Böyük Ulduz" və "Lenin" ordenləri ilə də təltif olunur. Kosmosda olan ilk bakılı kimi Manarov həm də Azərbaycan tarixinə də öz adını salır. Amma kosmik səyahət onun üçün sonuncu olmur. Təcrübəli kosmonavt 1990-cı il dekabrın 2-də bu dəfə "Soyuz TM-11" kosmik aparatında "Mir" orbital stansiyasına səfər edir. Bu dəfə uçuşun davamlılığın 175 sutka və 2 saat təşkil edir. 
Musa Manarov 1991-ci ilin 26 mayında Yerə növbəti eniş edir. O ümumilikdə 14 il davam edən (1978-1992) kosmonavt karyerası boyu 7 dəfə açıq kosmosa çıxaraq burada 34 saat 23 dəqiqə vaxt keçirib. Unutmaq olmaz ki, kosmonavtikadakı xidmətlərinə görə Musa Manarov xarici dövlətlər tərəfindən də mükafatlandırılıb.
1989-cu ildə bakılı Manarov Fransanın ən yüksək mükafatı olan Şərəfli Legion Ordeni ilə mükafatlandırılır. Bundan başqa, o , Əfqanıstan, Bolqarıstan, ABŞ və s. ölkələrin orden və medalları ilə təltif olunub.     
Sovetlər İttifaqının dağılmasında az öncə Musa Manarov siyasi fəaliyyətə başlayır. 1990-cı ildə Dağıstanın Dərbənd milli-ərazi dairəsindən Rusiya Sovet Respublikasının xalq deputatı seçilir. 1992-ci ildə isə SSRİ-nin dağılması ilə kosmonavtikada başlanan böhrana görə öz ərizəsi ilə polkovnik rütbəsində kosmonavt dəstəsindən ayrılır. 
1993-cü ildə prezident Boris Yeltsin və parlamentin deputatları arasında baş verən səlahiyyət qarşıdurması zamanı deputat mandatı əlindən alınır. Lakin siyasətdən getmir. Paralel olaraq kommersiya fəaliyyəti ilə məşğul olmağa başlayır. 1995-ci ildə "Ayrılmış inteqral şəbəkələr" QSC-nin direktoru olur. Şirkət yaxın ərazilərdə radioəlaqənin qurulması ilə məşğul olur. Həmin ilin dekabrında Manarov "Sidr" ekoloji hərəkatından Rusiya Dövlət Duması deputatlığına namizədliyi irəli sürülür. Lakin seçkilərdə qələbə qazana bilmir. 
Nəhayət, 2007-ci ildə Musa Manarov Rusiya Dövlət Dumasına keçirilən 5-ci çağırış seçkilərdə "Vahid Rusiya" Partiyasının Dağıstan regional bölgəsinin nümayəndəsi kimi deputat mandatına yiyələnir. 
Musa Manarov hazırda Moskva şəhərində yaşayır. Evli və iki övlad atasıdır. Lakin onlar kosmonavtikadan çox uzaqdırlar. Manarovun oğlu mühəndis, qızı isə həkim ixtisaslarına yiyələnib. Bakılı kosmonavt uşaq yaşlarından aktiv idmanı sevib. O, tennis və dağ xizəyi ilə aktiv şəkildə məşğul olub. Bundan başqa, Musa Manarovun radiotexnikaya böyük marağı var. Hətta Moskvanın Xovanka səmtindəki evində onun qısa və ultraqısa dalğalarda çalışan radiostansiyası da olub. 
Moskvada yaşayan Dağıstan mənşəli Manarov Bakıda ömrünün yalnız ilk bir neçə ilini keçirməsinə baxmayaraq çoxsaylı müsahibələrində anadan olduğu Bakı şəhərini böyük sevgiylə xatırlayır. Maraqlıdır ki, onun həyat yoldaşı da Bakıda, onunla eyni doğum evində anadan olub. Buna görə Musa Manarov Bakının onun taleyində yalnız pozitiv rol oynadığını düşünür və fəzaya qalxan ilk bakılı olmağından böyük qürur duyur. 

 

 






Fikirlər