"ANASInı qucaqladığımda etdiyi FƏRYADI QULAĞIMDAN GETMİR..."
Deputat Qənirə Paşayeva qəflətən dünyasını dəyişən məşhur həkim Səbinə Mirzəyevanın ölümündən sarsılıb. Həkimin evinə baş sağlığına gedən millət vəkili kədərini bu sözlərlə ifadə edib: "Hələ də şokdayam. Atası evində 2 saat onun cənazəsinin yanında oturmama rəğmən hələ də inana bilmirəm ki, o artıq yoxdur və bir daha telefonda o mehriban səsi ilə "Qənirə xanım, əzizim, narahat olmayın, kasıb, kimsəsiz xəstələr olanda mənə göndərə bilərsiniz, kömək edərəm" deməyəcək. Cəmi 2 gün öncə danışmışdıq. İmkansız bir ailənin övlad sevinci yaşaması üçün həkim kimi dəstək göstərməsini xahiş etdim. Heç bir imkanları yoxdur, sözümü bitirməyə belə qoymadı və nə lazımdırsa edəcəyik dedi. Ölümü elə qəfil, elə ani oldu ki hələ də inana bilmirik. Sanki bir yerlərdən çıxıb gələcək kimi gəlir insana... Mələk üzlü və mələk qəlbli bir qadın, gözəl bir həkim çox gənc yaşda ayrıldı aramızdan. Nur içində yat Dr. Sabina Mirzəyeva. Səni unutmayacağıq. Ananı qucaqladığımda etdiyi fəryadı qulağımdan getmir. Allah əziz anana, atana, həyat yoldaşına, qardaşına və hər zaman gözləri səni axtaracaq körpə balalarına səbr versin. Acılarını paylaşırıq. Yerin cənnət, ruhun şad olsun".