Rza ZƏRRAB ABŞ-la əməkdaşlığa razılaşdı, məhkəmə başladı - SENSASSİYA

Bu günlərdə Türkiyə ilə ABŞ-ın arası Rza Zərrabın ifadələri üzündən xeyli gərginləşib. Ayrıca Türkiyənin siyasi arenası bu şəxsə görə çalxalanır. 

Musavat.com xəbər verir ki, Rza Zərrabın aylardır gözlənilən məhkəməsi başlayıb və ortada yeni durum yaranıb. 

Belə ki, Rza Zərrab məhkəmədə şübhəli şəxs kimi yox, şahid kimi çıxış edəcək. O, ABŞ ədliyyəsi ilə anlaşaraq, iş ortaqlarının əleyhinə ifadələr verməyə razılaşıb.
Məhkəmədə müttəhim kürsüsündə isə “Halkbank”ın baş direktor müavini Hakan Atilla əyləşib.

Nyu-Yorkun cənub bölgəsində keçirilən məhkəmədə hakim David Denton Rza Zərrabı məhkəmənin "ulduz şahidi" olaraq xarakterizə edib.

Rza Zərrab Bakı vaxtı ilə saat 21:00-dan etibarən 3 günlük şahid kürsüsünə əyləşib. Onu məhkəməyə ayağına və qollarına qandal vurmaqla gətiriblər. 

Əlavə olaraq onu da bildirək ki, ötən məhkəmədə Hakan Atillanın vəkili Rza Zərrabı ABŞ həbsxanalarında da rüşvət verməsi ilə günahlandırıb. O iddia etmişdi ki, Zərrab həbsxana nəzarətçilərinin köməyi ilə oraya gizli yolla üst-baş geyimi, qida məhsulları və qadın gətirib.

Türkiyədə yayımlanan FOX TV-nin verdiyi bilgiyə görə, Rza Zərrab hələ 29 yaşındaykən Türkiyənin 12 milyard dollarlıq qızıl ixracatının 46 faizini həyata keçirən adamdır.

Onun Türkiyə hökumətinin rəhbərlərinə, ümumiyyətlə, işi aşan hər kəsə rüşvət verdiyi bildirilir.

Məhkəmədə ilk çıxışını edən Rza Zərrab ABŞ hökuməti ilə anlaşacağını, bundan sonra bir də cinayət əməli törətməyəcəyini deyib: "2016-cı ildə Federal Təhqiqat Bürosuna (FTB) doğruları deməmişdim. Nə ilə qarşı-qarşıya olduğumu bilmirdim. Uzun bir səfərdən sonra həbs olundum və şoka girmişdim. Doğru cavablar verməmişdim. Çox qorxmuşdum. ABŞ hökuməti mənə heç bir əfv söz verməyib. Cəzama hakim qərar verəcək. Oteldə qalmıram. Bu iddialar əsassızdır. Hərəkət azadlığım yoxdur. FTB-nın nəzarətindəyəm. Həbsxanada nəzarətçiyə içki və telefonla danışmaq üçün rüşvət verdiyim isə doğrudur".






Fikirlər