“Problemli KREDİTLƏRİN AMNİSTİYASI elan olunsun” - 50 min dollar BORCU OLAN deputatdan təklif
Azərbaycanda banklara kredit borcu olanların sayı-hesabı dəqiq bilinmir. Ekspertlər bildirirlər ki, Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. Bu sırada az qala hər təbəqədən olan insanlar var. Elə deputatlar da... Milli Məclisdə keçirilən müzakirələr zamanı deputatların əksəriyyəti vaxtaşırı bankları tənqid edərək, kreditlərin faiz dərəcələrinin yüksək olmasından şikayətlənirlər. Deputatlar dəfələrlə bu məsələni parlament tribunasından da səsləndiriblər. İndi problemli kreditlərlə bağlı amnistiya təklifi səsləndirənlər də var. Yeri gəlmişkən, prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi göndərilib. Sənəddə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borcların tam məbləğdə silinməsi öz əksini tapıb. Belə bir maliyyə amnistiyası gələcəkdə problemli kreditlərə də şamil edilə bilərmi? Bəs Milli Məclisin üzvlərindən kimlərin kredit borcu var? Modern.az-ın əməkdaşı bu suallarla Milli Məclisin bir neçə deputatına müraciət edib. “Mən əvvəl bankdan 12 min dollar kredit götürmüşdüm. Artıq həmin krediti iki ildir ki, bağlamışam. İndi isə yaxın qohumumun adına 50 min dollar kredit götürmüşəm və mən evimi banka bu pulun müqabilində girov qoymuşam. Bu krediti qohumum ilə birlikdə götürmüşəm. Həmin krediti isə yavaş-yavaş ödəyirik”. “Mən Milli Məclisdə də problemli kreditlərlə bağlı məsələni qaldırmışdım. Problemli kreditlərlə bağlı amnistiyanın olması yaxşı olardı. Milli Məclisin iclasında dəfələrlə bu məsələni qaldırıb hökumətə də, baş nazirə də müraciət etmişəm. Hesab edirəm ki, bunu 3 yerə bölməklə həll edə bilərik. Vətəndaşların devalvasiyanın olmasında heç bir təqsiri yoxdur. Ona görə də bu kreditlərin bir hissəsini dövlət, kredit verən banklar və vətəndaş ödəməlidir. Əgər mümkün olarsa, bu istiqamətdə Qazaxıstan və Ukrayna təcrübəsindən də faydalanmaq olar. Amma ən yaxşı variant 5 və ya 10 min dollar qədər kredit borclarının bağışlanmasıdır”. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə bildirib ki, məcburi dövlət sosial sığorta amnistiyasının əhalinin kredit borclarına da şamil olunsa, yaxşı olardı. “Onsuz da bu, gec-tez olmalıdır. Çünki Azərbaycanda maliyyə bazarında sabitliyi artırmaq üçün, yəni ödənilməyən kreditlərin həcmi çox olduğundan belə bir amnistiyaya ehtiyac var. Problemli kreditlərlə bağlı mənim və həmkarım Əli Məsimlinin təklifləri olub. Bu sahədə qanun layihəsi hazırlanarsa, cənab prezident kredit borclarının silinməsi ilə bağlı qərar qəbul edərsə, bu problemi də həll etmək mümkündür”. Vahid Əhmədov heç vaxt bankdan kredit götürmədiyini və götürmək fikrində olmadığını da qeyd edib. “Mənim ümumiyyətlə borc alıb-verməklə heç aram yoxdur. Mən belə şeyləri sevmirəm”. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayevin də hazırda banka kredit borcu yoxdur. Amma… “Amma hərdən olur ki, mağazalardan kreditə telefon və yaxud məişət əşyaları götürürük. Hazırda həmin borcları da bağlamışam. Təxminən 6 ay bundan əvvələ kimi ayda 150 manat ödənişim olurdu. Amma sonradan özümə söz verdim ki, bir daha heç nəyi kreditə götürməyəcəyəm. O vaxtdan bu məsələ bitib”. Deputat həmçinin qeyd edib ki, problemli kreditlərin miqyası çox böyükdür. “Bütün deputatlar kimi mənim də istəyim ondan ibarətdir ki, kredit amnistiyası elan olunsun. Bildiyiniz kimi, dünən Milli Məclisdə məcburi dövlət sosial sığorta amnistiyası ilə bağlı müzakirə aparıldı. Bu amnistiyanın olması çox yüksək qarşılandı. Amma mən bunu problemli kreditlərlə eyniləşdirməzdim. Dünən müzakirə olunan məsələ ümidsiz borclara şamil olunur. Bu sahibkarların fəaliyyətinə əngəl törədirdi. Dövlət də bu istiqamətdə çox ciddi addım atdı. Amma kreditlərlə bağlı əhali amnistiyanın verilməsini istəmir. Sadəcə əhalinin arzusu budur ki, krediti hansı vahidlə götürüblərsə, onunla da ödəsinlər. Mən də bu məsələ ilə razıyam ki, krediti götürdükləri məzənnə ilə də qaytarsınlar. Ancaq bütünlükdə maliyyə amnistiyasının olması dövlət üçün də çox böyük yük olar. Mən millət vəkili, siyasətçi kimi yox, bir vətəndaş olaraq arzulayardım ki, xalqımın heç bir vətəndaşının borcu olmasın. Dövlət rəhbərliyinin də arzusu budur. Maliyyə amnistiyasının olması mənim arzumdu. Ancaq bu məsələnin qlobal səviyyədə mümkünlüyünü görmürəm”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli yaxın qohumunun adına 50 min dollar kredit götürdüyünü deyib.
Deputat bütün növ maliyyə amnistiyasının tərəfdarı olduğunu bildirib.