“SİRAB” SULARININ QİYMƏTİ NİYƏ QALXIB? – Prezidentin çağırışına açıq hörmətsizlik!

 

1SIT

Son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar süni şəkildə qiymətləri qaldırmaq istəyirlər…

İlham-Əliyev-nazirləri-Azərbaycanda istehsal edilən ərzaq məhsullarında qiymət artımı mümkün deyil, OLMAMALIDIR. Mən bilirəm, məlumat da gəlir ki, NATƏMİZ İNSANLAR, işbazlar manatın məzənnəsi məsələsindən sui-istifadə etmək istəyirlər. Buna SON QOYULMALIDIR”. Bu fikirlər Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışından götürülüb.
Prezident həmin çıxışında prokurorluq orqanlarına bu məsələ ilə “çox ciddi məşğul olmağı” tapşırıb. Bildirib ki, Azərbaycanda istehsal edilən məhsulların qiymətini əsassız şəkildə qaldıranlar cinayət məsuliyyətinə cəb edilməlidirlər.

Obyektivlik naminə qeyd edək ki, Baş Prokurorluq da bu istiqamətdə müəyyən tədbirlər həyata keçirib. Qiymət artımına yol verən bəzi yerli firma və şirkətlərin rəhbər şəxsləri saxlanılıb, barələrində istintaq hərəkəti aparılır.

Ancaq əsası olmadan qiymətləri artırdığı halda, məsuliyyətdən kənarda qalanlar da az deyil.

3SIMəsələn, tamamilə yerli məhsul olan “SİRAB” sularının qiymətinin təxminən 30-40 faiz qaldırılmasına görə, kimlərsə məsuliyyətə cəlb olunmur. 

Qeyd edək ki, ikinci devalvasiyadan sonra marketlərdə “SİRAB” sularının həm qıtlığı yaranıb, həm də qiyməti qalxıb. Məsələn, devalvasiyayadək 1 litr “SİRAB” suyunun qiyməti 50 qəpik olduğu halda, hazırda marketlərdə 70-75 qəpiyə, 1.5 litrlik 70 qəpik olduğu halda, hazırda 90 qəpiyə təklif olunur. Bunun səbəbi kimi isə zavodun qiyməti artırması göstərilir. Maraqlıdır, niyə?

Məlumdur ki, “SİRAB” mineral su yatağı Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində, Sirab kəndinin təxminən 3 kilometrliyində yerləşir. Müalicəvi tərkibə malik mineral su yatağı “SİRAB” ASC tərəfindən istismar edilir.

2SIBu məqsədlə “SİRAB” ASC Kəlbəağıl vadisində – Sirab mineral su yatağından 2-3 kilometr aralıda zavod tikib. “SİRAB” suları da həmin zavodda emal edilərək, müxtəlif həcmli qablarda satışa çıxarılır. Zavodun saytında istehsal prosesi belə təqdim olunur: “Su həmin mənbədən pas atmayan boru vasitəsilə zavoda daxil olur… Burada su 4-8 dərəcə soyudulduqdan sonra istehsal üçün sexlərə verilir. Bu sexlərdə su qablaşdırılmazdan əvvəl bir süzgəclərdən süzülərək, ultra-bənövşəyi şüalar adlanan qurğudan keçir. Bu, suyun tərkibində hər hansı mərhələdə yarana biləcək bakteriyaların məhvini təmin edir və bununla da mineral suyun hazırlanması başa çatır.”

Göründüyü kimi, Allahın Azərbaycan xalqına neməti olan bu mineral su, demək olar ki, sadə bir emal prosesindən keçirilərək bazara çıxarılır. Ancaq xeyli baha qiymətə.
“Sirab” suları devalvasiyadan qabaq da baha qiymətə satılırdi. 1 lıtr su, az qala 1 litr benzinin qiymətinə təklif olunurdu. Halbuki, sudan fərqli olaraq, benzin mürəkkəb texnoloji proseslərdən sonra bazara çıxarılır. Hələ onun hasilat xərclərindən danışmırıq.

Devalvasiyadan sonra isə 1 litr “SİRAB” suyunun qiyməti, hətta 1 litr benzindən də baha satılmağa başlanılıb. Sual olunur, niyə?

1SI“SİRAB” sularının istehsalında xaricdən gətirilən heç bir məhsuldan istifadə edilmir. Su da yerli xammaldır, yığıldığı qablar da. Dolların qalxması, xaricə də böyük miqdarda məhsul ixrac edən “SİRAB” ASC-nin gəlirlərinin manatla ifadədə artması deməkdir. “SİRAB” suyunun Azəbaycanla yanaşı Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Ukrayna bazarında özunə məxsus yeri var. 2012-ci ildən isə “SİRAB” mineral suyu hətta Avropa bazarına da çıxarılır. Hər halda “SİRAB” ASC-nın rəsmi saytında belə deyilir. 

Belə olan halda bu zavod nəyə əsasən onsuz da istehlakçıya baha təklif etdiyi məhsulunun qiymətini bir qədər də artırıb?

Bunu nə ilə izah etmək olar – ACGÖZLÜKLƏ , yoxsa PREZİDENTİN QƏRARLARINA HÖRMƏTSİZLİKLƏ?!

Qeyd edək ki, zavodun rəsmi saytında “SİRAB” ASC-nin sahibi, rəhbərliyi haqda hər hansı məlumata rast gəlmədik.

Suallarımıza cavab almaq üçün zavodun Heydər Əliyev pr. 106 a ünvanında yerləşən Bakı Ofisinin telefonuna zəng etsək də, cavab verən olmadı. 

Bununla belə, onların da mövqeyini işıqlandırmağa hazırıq.

AzPolitika. info

 
 






Fikirlər