“Bu gün Lamiyə Quliyeva azadlığa çıxa bilər” – VƏKİL

“Bu gün Lamiyə Quliyeva azadlığa çıxa bilər” – VƏKİL Bu gün saat 11.30-da Bakı Apellyasiya Məhkəməsində Lamiyə Quliyevaya verilən ikinci cəzanın ağırlığı ilə bağlı prokurorluğun verdiyi protestə baxılacaq.

Bunu AzNews.az-a açıqlamasında Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev deyib.

O bildirib ki, bu günkü məhkəmə prosesində L.Quliyevanın cəzası yüngülləşəcək: “Bu, birbaşa məhkəmə səlahiyyətinə aid məsələ olduğundan şərh vermək istəmirəm. Amma bir halda ki, cəzanın yüngülləşməsi haqda hökm verilib. Deməli, Lamiyə Quliyeva bu gün məhkəmədən azadlığa çıxa bilər”.

Qeyd edək ki, Lamiyə Quliyeva Şəmkir rayon icra hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək 10 il azadlıqdan məhrum edilib. Həbsxanada onun barəsində daha bir cinayət işi başlanıb. Lamiyə Quliyevaya Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası barədə hökm verib.


Bahar RÜSTƏMLİ






Fikirlər