Yaşlı alim qadın klinikadan şikayət etdi

Könül Zeynalova: “Pulumu aldılar, MRT etdilər, amma heç nə oxumaq mümkün olmadı, şikayət edəndə isə dedilər ki, həkimlər səni parçalayar”
74 yaşlı alim Könül Zeynalova redaksiyamıza gələrək şikayətlənib. Xanım alim başına gələnləri bu cür qeyd edib:
“Uzun müddət idi ki, onurğa sütunumda yaranmış problemdən əziyyət çəkirdim. Buna görə özəl klinikaların birinə müraciət etdim, hansı ki, həmin klinikaya İzraildən tanınmış həkim gətirilmişdi. Həmin həkim mənə bildirdi ki, müalicə almağım üçün ”MRT" çıxartdırmalıyam. Həkimin verdiyi arayışla 2015-ci ilin aprel ayının 13-də N.Tusi adına özəl klinikaya müraciət etdim. Klinikaya daxil olar-olmaz nəzarətçi qolumdan tutub məni zorla kassaya apardı ki, ödəniş edim. Bu günə qədər bir çox özəl klinikalarda olmuşam, lakin bu cür davranış görməmişdim. Məlum oldu ki, “MRT” üçün klinikaya 607 manat ödəniş etməliyəm. Lakin buna imkanım çatmadığı üçün xahiş etdim və 150 manat endirimlə 457 manat ödədim. Klinikada 5-6 saat gözlədikdən sonra çəkilişlər edildi. Hətta həkim venama iynə vurarkən səhvən damara düşdü. Nəticədə qolum şişdi, həkimlər təcili qolumu sarıdılar. Nəticədə bu günə qədər barmaqlarımı yaxşı hərəkət etdirə bilmirəm. Beləliklə, “MRT” filmləri çəkildi".
Şikayətçinin sözlərinə görə bəzi problemlər üzündən müalicəsini dayandırmalı olub:
“Həmin ərəfədə anam dünyasını dəyişdiyi üçün müalicəmi bir müddətliyə dayandırmalı oldum. Daha sonra isə israilli həkim öz ölkəsinə geri döndü. Bir müddət sonra isə Bakıdakı Koreya klinikasına müraciət etdim. Koreyalı həkim mənim ”MRT" filmlərinə baxanda mat qaldı. Bildirdi ki, filmlər kiçik yaşlı uşağın cızma-qarasına oxşayır və heç nə oxunmur. Bildirdi ki, ya çəkiliş zamanı tərpəniş olub, ya da ki, mütəxəssis yaxşı olmayıb. Buna görə də həkim tövsiyə etdi ki, yenidən çəkilişlər etdirim".

Şikayətçi bildirir ki, film çəkilişlərinin yenilənməsi üçün klinikaya müraciət etdikdə hədə-qorxu ilə qarşılaşıb:
“Məsələ ilə bağlı N.Tusi adına klinikaya zəng vurdum, vəziyyəti bildirdim. Telefona cavab verən əməkdaş bildirdi ki, ”əgər sən bura gəlsən həkimlər səni parçalayar, çünki şikayət edirsən". Mən isə sakit halda bildirdim ki, məni həkimlə əlaqələndirsinlər. Lakin bu günə qədər zənglərim cavabsız qalır, ya da kobud sözlərlə qarşılaşıram".

Könül Zeynalova qeyd etdi ki, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə şikayət edib:
“Ordan isə mənə yazılı surətdə cavab verildi ki, ”şikayətiniz Dövlət Xidməti tərəfindən qanunvericiliyə uyğun araşdırılmış, “Tusi” klinikasına bu günə qədər heç bir yazılı və ya şifahi şəkildə müraciət etməmisiz. Həmçinin “MRT” filmlərinin saxlanılma şəraitinə düzgün əməl olunmadığından keyfiyyətsiz hala düşə biləcəyini bildirmiş və bu barədə sizə ətraflı məlumat verilmişdir".
Bir daha qeyd edirəm ki, klinika film çəkilişlərini düzgün aparmayıb. Yeni çəkilişlər üçün imkanım yoxdur. Aidiyyəti orqanlardan xahiş edirəm, bu məsələdə hüquqlarımın qorunması üçün mənə köməklik göstərsinlər".
Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı Nəsrəddin Tusi adın özəl klinikanın da mövqeyini öyrənməyə çalışıb. Lakin klinikadan bildirilib ki, baş həkim yerində olmadığı üçün şikayətlə bağlı açıqlama verilməyəcək.






Fikirlər