Tələbələr Ermənistan polisinə çağırış etdi: “BİZƏ QOŞULUN!” -FOTO

Ermənistan paytaxtında gərginlik bu saatlarda da davam edir. Hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edən tələbələrin parlament binasına gedən yolları kəsməsi polislə qarşıdurmaya səbəb olub. Ancaq hələlik yollarda hərəkəti bərpa etmək mümkün olmayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, 14 noyabrdan İrəvan Dövlət Universitetinin auditoriyalarından birində aclıq aksiyasına başlayan 5 tələbə də olduqları yeri tərk edərək parlament istiqamətində - Baqramyan küçəsində - toplaşan etirazçılara qoşulublar. Onlar bildiriblər ki, sağlamlıqları yerindədir və aksiyanı davam etdirməkdə qərarlıdırlar. Bura gəlməkdə məqsədləri isə həmyaşıdlarının etirazına dəstək verməkdən ibarətdir. Aclıq edən tələbələr bəyan ediblər ki, parlament tələbələri təhsildən ayıran qanunu qəbul etdiyi üçün onlar su qəbulundan da imtina etməklə bağlı qərar veriblər.

Hələlik polis və tələbələr üz-üzə qalıb və gözləmə mövqeyindədirlər. Məlumata görə, aksiya iştirakçıları növbəti addımla bağlı aksiya fəalı David Petrosyanın gəlişindən sonra qərar verəcəklər.

Etirazçıların sayı isə artmaqdadır. İrəvan Dövlət Universitetinin tələbələrinin aksiyasına İrəvan Dövlət Konservatoriyasının tələbələri də qoşulub. Onlar aksiyaya musiqi ifaları ilə dəstək verirlər. Polis tələbələrlə danışıqlar aparıb onları yolları açmağa razı salmağa çalışsa da, nəticə yoxdur. Tələbələr isə polisə xitabən “Bizə qoşulun!” çağırışları edirlər.






Fikirlər