SORĞUSUNA CAVAB verilməyən jurnalist məhkəməyə müraciət EDƏ BİLƏR

Qulu Məhərrəmli: “Məmurlar təkcə özlərini təbliğ etmək yox, medianı maraqlandıran sualları da cavablamalıdırlar”

Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov neçə gündür mətbuatın gündəmindən düşmür. Onun adı deputatdan 30 min manat rüşvət istəməkdə hallandırılır.

Xatırladaq ki, Milli Məclisin üzvü Adil Əliyev “Yeni Müsavat”ın canlı yayınında çıxış edərkən bildirmişdi ki, Bakı rayonlarından birinin icra başçısı vətəndaşdan bir qapı açmaq üçün 30 min manat rüşvət tələb edib. Həmin rüşvət verilmədikdə, qapı açmağa icazə verməyib. Vətəndaşın bu xahişini isə başçıya deputat şəxsən çatdırıbmış.

Adil Əliyev bildirib ki, əgər bir icra başçısı millət vəkilinin sözünü eşitmirsə, üstəlik, onun xahişinə, müraciətinə rəğmən rüşvət tələb edirsə, görün onda sıravi vətəndaşlarla necə davranılır.

Deputat ad çəkməsə də mətbuatın araşdırması zamanı bəlli olub ki, sözü gedən icra başçı Asif Əsgərovdur.

“Yeni Müsavat” bu günlərdə məsələ ilə bağlı yeni bilgilər əldə edib.

Etibarlı mənbənin redaksiyamıza bildirdiyinə görə, həqiqətən də Adil Əliyev seçicilərindən birinin Nəsimi rayon ərazisindəki evinə əlavə qapı açılması üçün icra hakimiyyətinə müraciət edib. Mənbəmiz bildirir ki, başçı deputatdan bu iş üçün 50 min manat “şirinlik” istəyib. Sonra isə “sənin xətrinə, bu işi 30 minə həll edərəm” deyib. Deputat isə onun bu cavabından xeyli təəccüblənib və başçıyla arasında kəskin mübahisə yaranıb. “Yeni Müsavat”a bildirildiyinə görə, iş o həddə çatıb ki, deputatla başçı arasında az qalsın əlbəyaxa dava düşəcəkmiş. Onların ortaq dostlarından biri araya girib, münaqişəni yatırda bilib.

Adı bu cür qalmaqalda hallanan icra başçısı isə hələ də bu haqda mətbuata açıqlama verməyib. Asif Əsgərov indiyədək bu iddiaları, ittihamları nə təsdiq edib, nə təkzib.

“Yeni Müsavat”ın müxbiri məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti başçısı ilə danışmaq üçün dəfələrlə cəhd edib, lakin qarşı tərəfin kontaktdan yayınması ucbatından bu mümkün olmayıb. Bu günlərdə Asif Əsgərovun 1-ci müavini Qurban İsmayılovla danışıb, ondan məsələyə münasibət öyrənmək istədik. Q.İsmayılov əməkdaşımızla kobud danışaraq, telefonu onun üzünə qapadıb.

“Yeni Müsavat” xatırladır ki, hələ 2015-ci ildə Azərbaycanda jurnalistlərin sorğularına cavab verməkdən imtina etməyə, cavabsız buraxmağa və jurnalistə informasiyanın verilməsinə məhdudiyyət qoymağa görə yeni cəzaların tətbiq olunması barədə xəbərlər yayılmışdı. Bu, həmin vaxt yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsində təsbit olunmuşdu. Maddənin birinci hissəsində göstərilmişdi ki, qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq ediləcək.

Maddənin ikinci hissəində isə qeyd edilmişdi ki, qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə isə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur.

Hazırda qüvvədə olan məcəlləyə görə isə bu cərimələr müvafiq olaraq 40 manatdan 70 manata qədər və 60 manatdan 90 manata qədərdir.

İnformasiya sorğusuna, suala cavab verilmədiyi halda jurnalist məhkəməyə müraciət edə bilər. Çünki məmur jurnalistin sorğusuna cavab verməlidir. Verməyibsə, İnzibati İqtisad Məhkəməsinə müraciət edib, məhkəmə qərarı ilə cavabvermə öhdəliyini onun boynuna qoydurmaq olar. Məhkəmə qərarını icra etmədiyi halda, artıq onun barəsində cinayət işi qaldırtmaq olar.

Media eksperti Qulu Məhərrəmli bildirdi ki, məmurların sorğuya cavab verməsi ilə bağlı müddəalar bir çox qanunlarda məmurların medianın suallarını cavablandırması ilə bağlı məqamlar öz əksini tapıb: “Xüsusən KİV haqqında qanunda çox aydın şəkildə göstərilib. Amma məmurların mediaya danışmamasının bir səbəbini onunla izah edirəm ki, məmurlar bu gün medianı güc hesab etmirlər. Çəkindikləri saytlara, media qurumlarına epizodik diqqət göstərir, bəzi hallarda sorğuları cavablayırlar. Çəkinmədiklləri və tənqidlərinin nəticə vermədiyinə inandıqları media qurumlarının suallarını isə cavablandırmırlar. Necə edək ki, məmurlar ictimaiyyətə xəbər çatdıran media qurumlarına cavab versinlər? Məlumat əldə etmək azadlığı haqda qanunda informasiya ombudsman qurumunu fəallaşdırmaq lazımdır. Harda olmasından asılı olmayaraq, bu qurumun fəaliyyətini aktivləşdirmək şərtdir. Məmur bilsə ki, ictimai qınağa məruz qalacaq, dərhal medianın sorğusunu cavablandıracaq. Bəzən medianı, TV-ləri qınayırlar ki, lazımi xəbərləri vermirlər. Amma bunun bir səbəbi də medianın lazım olan informasiyalara əlinin çatmamasıdır”.

Müsahibimiz hesab edir ki, bu problemin ortadan qaldırılması üçün ciddi tədbirlər görülməli, müəyyən kampaniya aparıb media, məmurları suallara cavab verməyə məcbur edilməlidir: “Media ilə məmurlar arasında qalın divarların olması məlumat çatışmazlığı yaradır. Bu da informasiya təhlükəsizliyi üçün problem deməkdir. Təkcə özlərini təbliğ etmək yox, medianı maraqlandıran sualları da cavablamalıdılar. Əks halda, medianın nüfuzunu qaldırmaq mümkün olmayacaq”.






Fikirlər