İCRA BAŞÇISI DEPUTATDAN 30 MİN RÜŞVƏT İSTƏYİB! – Adil Əliyevdən YENİ AÇIQLAMA (Yeniləndi)
“Cənab prezident nə etməlidir? Bu məmurları vəzifəyə təyin edib. İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir. İnsanlarımız bu gün müxtəlif problemlərlə müraciət edirlər. Dostumuz, sinif yoldaşımız, əsgərlik yoldaşımız, qohumumuz var. Çevrəmiz genişdir. Bu və ya digər problem üçün bizə müraciət edirlər. Amma bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?” Azərbaycan reallığında çox da təəccüb doğurmayan, amma mahiyyətcə sensasiyalı belə bir açıqlama ilə deputat Adil Əliyev çıxış edib. O, “musavat.com” saytının canlı yayımında bu barədə danışıb. Deputat, ondan 30 min rüşvət istəyən icra başçısının adını çəkməyib. Amma bildirib ki, həmin icra başçısının kimliyində “müvafiq qurumların” xəbəri var, çünki özü onlara müraciət edib. “Mən məmurlara müraciət etməməyə çalışıram. Vicdanlı məmurlar da çoxdur aralarında. Millət vəkillərinin sorğusuna da cavab verirlər. Vətəndaşların problemlərinə də həssaslıqla yanaşırlar. Amma arada olan bu insanlar məmur adına da ləkə gətirir”, – deputat bildirib. Maraqlıdır, Adil Əliyevdən 30 min rüşvət istəyən icra başçısı kimdir? Bu sual ətrafında 2 gündür sosial şəbəkələrdə qızğın müzakirələr getsə də, “qurd ürəyi yemiş” həmin “qəhrəmanın” kimliyi gizli qalır. *** Məsələ ilə bağlı BakuPost-un əməkdaşı Adil Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, Bakının bir sıra rayonlarının icra başçıları ilə normal münasibətləri var. Millət vəkili bir çox icra başçısının deputat sorğularına həssas yanaşdığını, sakinlərin problemləri ilə bağlı müraciət etdikdə dərhal reaksiya verdiklərini bildirib. O, Qaradağ, Nərimanov, Nizami, Sabunçu, Xətai rayonlarının adlarını xüsusi qeyd edib. Əlavə edib ki, deputat seçildiyi Nərimanov rayonunun icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə daha sıx şəkildə çalışır, onunla həm də dostluq münasibətləri var: “Abdin müəllimlə bizim çox yaxşı münasibətlərimiz var. Rayonun inkişafı, seçiçilərimizin problemləri ilə bağlı birgə çalışırıq. Təkcə icra başçısı deyil, İcra Hakimiyyətinin demək olar ki, bütün vəzifəli şəxsləri ilə daim əlaqədəyik, tez-tez bərabər tədbirlər keçiririk. Elə dünən bir şəhid ailəsinin probleminin həlli üçün toplandıq və məsələni həll etdik. Cənab prezidentin tapşırıqlarına əsasən, əhalimizin rifahını yüksəltmək, onların qayğılarına şərik olmaq, problemlərini imkanımız çatdığı qədər aradan qaldırmaq istiqamətində rayon rəhbərliyi ilə hesab edirəm, çox səmərəli şəkildə əməkdaşlıq edirik”. Göründüyü kimi, Adil Əliyev ondan bir qapının açılması üçün 30 min manat rüşvət istəyən icra başçısının adını yenə çəkməyib. Lakin o, açıq mesaj verib ki, biz Bakının hansı icra başçılarından şübhələnməməliyik. Bunlar Qaradağ, Nərimanov, Nizami, Sabunçu və Xətai rayonlarının başçılarıdır. Demək ki, deputatdan rüşvət tələb edəni digər 5 rayonun başçıları arasında axtarmalıyıq…