İcra başçısı keçmiş komitə sədrindən 300 min rüşvət tələb etdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevlə Nəsimi Rayon İcra Hakimiyyəti arasındakı qalmaqal getdikcə böyüyür. Sabiq komitə sədri Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Asif Əsgərovun ondan istədiyi rüşvətin miqdarını açıqlayıb – 300 min manat. R.Əliyevin sözlərinə görə, həmin məbləğ ondan şəxsən icra başçısının adından tələb olunub, əks halda tikintiyə icazə verilməyəcəyi bildirilib. Qeyd edək ki, Nəsimi RİH Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) keçmiş sədri Rafiq Əliyevin sahibi olduğu və Vaqif prospekti, 103 ünvanında, 987-ci məhəllədə yerləşən “İrşad” otelin yanındakı 1 sota yaxın ərazidə tikinti işlərinin aparılmasına mane olur. Bu problem barədə oktyabrın 22-də də yazılmışdı. Həmin yazıda bildirilirdi ki, Rafiq Əliyevin 2004-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının sərəncamı ilə aldığı torpaq sahəsi orada tikinti işləri aparmaq məqsədilə mülkiyyətçi tərəfindən hasarlanıb. Bundan sonra Nəsimi RİH-dən bildirilib ki, o hasarlar söküləcək, tikinti işlərinə isə icazə verilməyəcək. R.Əliyevin nümayəndəsi İsgəndər Quliyevin sözlərinə görə, onların bütün sənədləri qaydasında olsa da icra hakimiyyəti razılaşmaq istəmir: “Bizim bütün sənədlərimiz qaydasındadır. 2004-cü ildə Nəsimi RİH-in də razılığı ilə Bakı Şəhər İcra Hakimiyyətindən bu torpaq sahəsi ilə bağlı sərəncam verilib ki, burada qonaq evi tikilə bilər. Biz o vaxt tikinti aparmadıq, bu yaxınlarda işə tikintiyə başlamaq istədik. Ondan əvvəl də prosedur qaydalarına uyğun olaraq Nəsimi RİH-ə bu barədə bildiriş göndərdik. Amma bildirişimizə nə müsbət, nə də mənfi cavab verilmədi. Ona görə də işimizi görməyə başladıq”. Rafiq Əliyev isə açıqlamasında bildirmişdi ki, onlar sentyabrın 21-də Nəsimi RİH-ə bildiriş göndəriblər: “Biz 2004-cü ildə torpağı burada qonaq evi tikmək məqsədilə BŞİH başçısının sərəncamı ilə almışdıq. Mən o zaman tikintini aparmağı məsləhət bilmədim. Daha sonra burada 12 mərtəbəli yaşayış binası tikmək barədə qərara gəldik və bunun üçün də ayrıca sənədləşmə işləri apardıq. Eskiz layihəsini Dövlət Layihə İnstitutu hazırlayıb. Bunun üçün ayrıca akt alınandan sonra nazirliyə təqdim olunub və hazırda işçi layihəsi hazırlanır. O, hazır olandan sonra tikintiyə başlayacağıq. Amma hasarlama üçün sentyabrın 21-də yerli icra hakimiyyətinə müraciət etmişik. Artıq bir ay keçsə də həmin bildirişə heç bir cavab verilməyib. Halbuki prezidentin fərmanına görə, bu bildirişə 15 gün ərzində ya müsbət, ya da mənfi cavab verilməlidir. Cavab vermədiklərinə görə də qanunla ixtiyarımız çatır ki, hasarlama işini reallaşdıraq. Yəni Nəsimi RİH-in bizə maneə törətməsi qanunsuzdur. Bu, onların ilk gəlişi deyil. Bundan əvvəl də Nəsimi RİH təsərrüfat şöbəsindən Qurban İsmayılov adlı əməkdaş gəlmişdi. Onunla söhbətimiz isə baş tutmamışdı. Onun tikintini dayandırmağa heç bir əsası və müvafiq sənəd-sübutu yoxdur. Yalnız bunu deyirlər ki, icra başçısının “bığının altından keçmək” lazımdır. Bizə məsləhət gördü ki, onlarla razılığa gələk”. R.Əliyev həmin açıqlamasında RİH başçısının ondan konkret nə qədər rüşvət tələb etdiyini söyləməmişdi. İndi isə R.Əliyev Q.İsmayılovun ondan məhz icra başçısı Asif Əsgərovun adından heç nə çəkinmədən tələb etdiyi rüşvətin məbləğini açıqlayıb. DQİDK-in keçmiş sədrinin sözlərinə görə, bu məbləğ 300 min manatdır. “Qurban İsmayılov dedi ki, həmin pul verilməsə, bizi sizin hasarları sökəcək, tikintiyə isə imkan verməyəcəyik” – deyə R.Əliyev əlavə edir. Sabiq komitə sədri deyir ki, rüşvət tələbinə aydınlıq gətirmək üçün icra başçısı Ə.Əsgərovun özü ilə danışmaq istəyib: “Lakin Asif Əsgərovun köməkçisi məndən əlaqə nömrəmi istədi. Bildirdi ki, Asif Əsgərov sonra özü mənimlə əlaqə saxlayacaq. Mən də telefon nömrələrimi verdim. Amma mənimlə bu günə qədər də heç kim əlaqə saxlamayıb. Bundan əlavə, elə həmin gün axşam RİH-dən göndərilən briqada hasarları sökməyə başladı. Onlar “İrşad” otelinin bu söküntüyə mane olmağa çalışan əməkdaşlarına qarşı da kobudluq ediblər, onlara fiziki təzyiq göstəriblər. Əməkdaşımızın döyülməsini təsdiqləyən məhkəmə-tibb ekspertizasının arayışı da var”. Qarşı tərəfin mövqeyini öyrənmək üçün Arif Əsgərovla əlaqə yaratmaq cəhdləri nəticəsiz qalıb. Qurban İsmayılov isə saytın suallarını cavablandırıb. RİH əməkdaşı professor R.Əliyevin yalan danışdığını deyib. “Bir-iki sənədin olması hələ hər şey demək deyil. Rafiq Əliyevin “tikinti pasportu” deyilən sənədi yoxdur. O, bizi həmin ərazidə 12 mərtəbəli bina tikməsi haqda əvvəlcədən məlumatlandırmalı idi. Bundan əlavə, bizə yaxınlıqdakı binaların sakinlərinin şikayətləri daxil olub. Onlar binalarının yanında tikinti işlərinin başlanmasından narazıdır. Bütün bunları nəzərə alaraq hasarı sökmüşük. Mənim Rafiq Əliyevdən Asif Əsgərovun adından 300 min manat rüşvət tələb etməyim barədə deyilənlər isə doğru deyil” – deyə Q.İsmayılov bildirdi. Rafiq Əliyev isə öz növbəsində mübahisənin sivil qaydada və qanunların tələbinə uyğun həll ediləcəyinə inandığını bildirir. (virtualaz.org)