İsgəndər Həmidov ürəyindən ƏMƏLİYYAT OLUNACAQ
Sabiq nazir: “Birdən-birə oldu...” Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov ürəyində yaranan problemlər səbəbi ilə xəstəxanaya yerləşdirilib. Bu barədə musavat.com-a sabiq baş nazir Pənah Hüseyn məlumat verib. O deyib ki, İ. Həmidov “anju” olunacaq və həkimlər müalicənin istiqaməti haqda qərarı bundan sonra verəcəklər. İsgəndər Həmidovun xəstəxanaya yerləşdirilməsi haqda jurnalist Əvəz Zeynallı da sosial şəbəkədə məlumat və fotolar paylaşıb. Əvəz Zeynallı yazıb:“İsgəndər Həmidovun səhhətində problem yaranıb və onu Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna yerləşdiriblər. Ürəyində xırda problemlər var. Dostlar üzülməsin, rəqiblər sevinməsin, hər şey üzü işığa doğrudur...” Məsələlə bağlı moderator.az -a danışan İ.Həmidov ürəyində ağrıların olduğunu deyib: “Səhər saatlarında birdən-birə ürəyimdə ağrılar oldu. Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna gəldim. İndi ürəyimi anju edəcəklər və lazım olarsa, stend qoyulacaq. Diqqətiniz üçün hamınıza təşəkkür edirəm”. İsgəndər Məcid oğlu Həmidov 1948-ci il oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının liderlərindən olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-na qədər daxili işlər naziri vəzifəsində çalışıb. 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusu həbsdən azad etmək, “İstiqlal” qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb. Məcid və Nofəl adlı oğulları var. “Yeni Müsavat” İ.Həmidova tezliklə sağalmasını arzu edir.