İqbal Ağazadə: "YAP-ın üzvləri də bizə səs verəcəklər" - REPORTAJ, FOTOLAR

İqbal Ağazadə:

90 saylı Ağdaş Seçki Dairəsindən təkrar seçkidə Milli Məclisə namizədliyi qeydə alınmış Ümid Partiyasının sədri İqbal Ağazadə bu gündən etibarən təbliğat-təşviqat kampaniyasına başlayıb.
Musavat.com-un Ağdaşa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, kampaniyanın ilk günündə bəzi xoşagəlməz hallar yaşanıb. Belə ki, İqbal Ağazadənin fotosu olan avtomobillər bir qrup öyrədilmiş şəxs tərəfindən "yumurta atəşi"nə tutulub. Öyrədilmiş sakinlər təbliğat işinə mane olub, İqbal Ağazadənin avtomobillərinin üzərinə vurulan fotolarını qoparıblar. 
Onlardan bəziləri hətta, əllərində dəyənəklə Ümid Partiyasının təbliğatda iştirak edən üzvlərinin üzərinə hücum çəkiblər. Lakin Ağdaşın yerli sakinlərinin əksəriyyəti İqbal Ağazadəni dəstəkləyib, təxribat yaratmaq istəyən şəxsləri geri oturdublar. 
Daha sonra təbliğat-təşviqat işləri öz axarı ilə davam edib. İqbal Ağazadənin nümayəndələri qapı-qapı gəzərək, Ağdaş sakinlərinə namizəd haqqında məlumatları özündə əks etdirən bukletlər paylayıblar. Təbliğat işlərində İ.Ağazdəyə dəstək olmaq üçün Ümid Partiyasının Qazilər Şurasının üzvləri də Ağdaş rayonuna gəliblər. 
Yevlax rayon Qarabağ Qaziləri İctimai Birliyinin sədri Aqif Atakişiyev musavat.com-a bildirib ki, İqbal Ağazadəyə böyük ümidlər bəsləyirlər: "O, Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş, vətənini, millətini sevən şəxsdir. Biz onun bütün fəaliyyətləri ilə qürur duyuruq. Hesab edirəm ki, xalqımıza bu cür liderlər lazımdır.  Qarabağ veteranları olaraq hər zaman İqbal bəyi dəstəkləməyə hazırıq".
 
Yuxarıda da qeyd etdiyimiz kimi, təbliğatın aparıldığı ilk saatlarda xoşagəlməz hallar yaşanıb. Məsələ ilə bağlı kampaniyada iştirak edən Ümid Partiyasının sədr müavini Tamilla Qulami musavat.com-a bildirib ki, təbliğat-təşviqat işləri üçün daxil olduqları kənddə ilk olaraq bir qrup öyrədilmiş şəxsin hücumuna məruz qalıblar: "İlk gün 300 nəfər olmaqla komandalara bölünüb, kəndlərə yollandıq. Biz təbliğatımızı 5 kənddə apardıq. Demək olar ki, bir kəndi çıxmaq şərti ilə digərlərində bizi normal qarşıladılar. Sadəcə olaraq, sakinlərlə danışdığımız ərəfədə onların belə tanımadıqları bir qrup gəldi və bizə yumurtalar atmağa başladılar. Yerli sakinlər özləri onları uzaqlaşdırmağa çalışdılar. Bizə hücum edən şəxsləri sanki kimsə öyrətmişdi. Təbliğat zamanı müşahidə etdik ki, İqbal Ağazadəni xüsusilə gənclər çox sevirlər. Gənclər bizdən bir neçə buklet aldılar ki, evdə də verəcəyik gəlib səs versinlər. Bizə hücum edənlər yerli əhali deyildi. Onlar özləri də bunu bilməyərəkdən etiraf etdilər. Hətta bizə qarşı çıxanların içərisində İmişli sakini də vardı. Deyirlər ki, bizə tapşırılıb ki, kəndə yad adam girəndə qarşısını kəsək. Ancaq dediyim kimi yerli sakinlərin əksəriyyəti İqbal Ağazadəni dəstəkləyir və ona səs verəcəklərini bildirdilər".
Kampaniyanın ilk günü ilə bağlı İqbal Ağazadənin də fikirlərini aldıq. İ.Ağazadə musavat.com-a aşağıdakıları söylədi: "İlk gün gözlədiyimizdən də effektli alındı. İnsanların münasibəti tamamilə fərqli idi. Əslində seçki kampaniyası dövründə insanlar bir az məlumatlı olurlar. Ancaq burada elə kəndlər, elə seçici qapısı var idi ki, indiyə qədər kimsə qapısını döyməyib. İlk dəfə döyülən qapılarda çox səmimi qarşılandıq. Doğrudur, təxribat halları baş verdi. Bunu ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənov, Cavid Osmanovun namizədliyinin leyhinə təşkil etmişdi. Ağdaşlılara təşəkkür edirəm ki, bu təxribatın qarşısını özləri almağa çalışdılar. Bu çox müsbət bir hal idi. Təxribatda iştirak edənlərin bir qismi dedi ki, neyləyək çörəyimizin arxasınca gəlirik. Bütün bunların hamısı özü bir göstərici idi ki, insanlar olduqca səmimidir. Ağdaşlıların bu məsələdə mövqeyi bizi qane edəndir. Bir namizəd kimi hamısına öz minnətdarlığımı bildirirəm. Qonaqpərvərliklərinə, mesajlarımızı düzgün qəbul etdiklərimə görə təşəkkür edirəm. Bizim indiyə qədərki bütün fəaliyyətimizi ciddi şəkildə izləyiblər. Bundan sonra da bir qrup şəxs çalışacaq ki, təxribatlar törətsinlər. Lakin 23 günlük təbliğat dönəmində hesab edirəm ki, biz bu sindiromu qıra biləcəyik və indiyə qədər yaradılan o tabunu aradan götürəcəyik".
 
İ.Ağazadə bildirib ki, təbliğatın ilk gününü çox uğurlu hesab edir: "Maraqlı məqamlardan biri də budur ki, yerli insanlar bizim telefon nömrələrimizə artıq xeyli sayda zənglər edib, öz fikirlərini bildiriblər. Bu zənglər bizə daha çox ümid verir ki, proses müsbət gedəcək. Güman edirəm ki, prosesin bundan sonrakı mərhələsində təxribat törətmək istəyənlər əslində bizim bu şəkildə işimizin qarşısında geri çəkilməli olacaqlar. İnsanlar hər şeyi çox rahat şəkildə başa düşüb, qəbul edirlər. İcra başçısının müavini deputat olmaq istəyirsə, o, problemləri indiki vəzifəsində daha rahat həll edə bilər, nəinki deputat olaraq. İndi nə vəd verəcək? Seçici bunu artıq bilir. Bəziləri deyirlər ki, Cavid Osmanov Yeni Azərbaycan Partiyasının üzvüdür və partiyanın 16 min üzvü ona səs verəcək. Kim bu məntiqə söykənirsə, səhv edir. YAP-ın Ağdaşdakı üzvləri Cavid Osmanova görə bu partiyanın üzvü deyil. Eyni zamanda əgər bir partiyanın elektoratına söykənsən, heç nə etmək mümkün deyil. Seçici onun problemlərinə həssas yanaşan adama səs verəcək. Ona görə də inanıram ki, YAP-ın da üzvləri bizə səs verəcəklər".
 
 





























Fikirlər