Cahangir Hacıyev AZADLIGA gedən yolun başlanğıcında

Cahangir Hacıyev azadlığa gedən yolun başlanğıcında

Həbsdə olan bankirin vəkilinin “Beynəlxalq Bankı təmizləyib özəlləşdirmək istəyən var” proqnozu doğrulurmu...

 

“Beynəlxalq Bank işi” üzrə həbs olunan şəxslərin bir neçəsi azadlığa buraxılıb. Bankdan kredit götürərək qaytarmamaqda təqsirləndirilən iş adamları Erhun Cavad və Cavid Muxtarov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbsdən azad ediliblər. Bundan əvvəl isə “Beynəlxalq Bank işi” ilə bağlı tutulanlardan daha bir neçə nəfər azadlığa buraxılıb. 
 
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, “General Construction” şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyevin barələrində seçilmiş həbs-qəti imkan tədbiri ləğv edilib. Nərimanov Rayon Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə Azərbaycan Beynəlxalq Bankından (ABB) 170 milyon manat kredit götürərək mənimsəməkdə təqsirləndirilən, hazırda həbsdə olan “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuzun barəsindəki həbs-qətimkan tədbirinin ləğv edilməsi barədə məhkəmə prosesi keçirilib. Hakim E.C.Yavuzun barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə Nərimanov Rayon Məhkəməsinin qərarını ləğv edib. Məhkəmənin qərarı ilə E.C.Yavuz azadlığa buraxılıb.
Xatırladaq ki, E.C.Yavuz Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilərək barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Beynəlxalq Bankdan külli miqdarda kredit götürərək mənimsəməkdə təqsirləndirilən E.C.Yavuzun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə artırılmışdı. Onun barəsindəki həbs-qətimkan tədbirinin müddəti iyunun 2-də başa çatırdı. Azadlığa buraxılan şəxslər haqda zaman-zaman mətbuatda yazılar dərc olunub. 
Adil Hüseynovun vəkili Kamandar Nəsibov “Yeni Müsavat”a açıqlamalarında “Beynəlxalq Bank işi” üzrə həbsə alınan son bir neçə gündə azad edilən bu şəxslərin faktiki olaraq adlarına götürülən bir neçə milyonluq kreditlərdən xəbərsiz olduqlarını bəyan edib. Deyib ki, kreditlər bankın idarə heyəti sədri olmuş Cahangir Hacıyevin göstərişi ilə verilib. Onların azad edilməsi adlarına olan bir neçə milyonluq kreditlərin geri qaytarılması anlamına gəlir. Belə məlumatlar var ki, məhkəmələr tərəfindən azad edilən şəxslərin adına olan kreditlərin böyük hissəsi C.Hacıyev tərəfindən geri qaytarılıb. Bu səbəbdən də həmin şəxslərin həbsdə saxlanılması üçün əsas qalmayıb. Digər tərəfdən, C.Hacıyevin özünün də istintaqın sorğu-suallarından yaxa qurtarması üçün şərait yaranıb. Başqa sözlə, C.Hacıyev qrup şəklində bankın talanmasında ittihamlardan yayına bilib. Onun şərti cəza ilə 6 milyardlıq kredit qalmaqalından yaxa qurtara bilməsi üçün zəmin yaranıb. Əlbəttə ki, C.Hacıyev uzun illər rəhbərlik etdiyi bankla bağlı reallıqları dilə gətirməsə, onu xəstəliyini əsas gətirib azad edə bilərlər...
 
“Beynəlxalq Bank işi” üzrə mətbuata geniş açıqlamalar verməkdən çəkinməyən vəkil K.Nəsibov iş üzrə çox maraqlı məqamlardan birinə toxunmuşdu. Bildirmişdi ki, Beynəlxalq Bankla bağlı yaranan situasiya konkret şəxslərin maraqlarına xidmət edir. 
 
K.Nəsibovun həmin açıqlamasından sitat: “Bu həbslərdən sonra Beynəlxalq Bankın özəlləşdirilməsi məsələsi üzə çıxdı. Bu onu göstərir ki, bu qalmaqalların bu şəkildə ortaya çıxarılması özəlləşdirilmə məqsədinə xidmət edir. Belə görünür ki, bankı ”təmizləyib" özəlləşdirmək istəyən var. Bu gün qondarma ittihamla üz-üzə qalan təkcə Adil Hüseynov deyil. Şirkət direktorları var ki, maaşdan başqa 1 qəpik də əlavə pul əldə etməyiblər. Amma bu gün onlardan 170 milyon pul tələb olunur".
Həbs edilən şəxslərin azadlığını vəkilin dediyi planın gerçəkləşməsinin əlamətlərindən biri də hesab etmək olar. Beynəlxalq Bank dövlət bankı olduğundan problemli kreditlərə görə dövlət məsuliyyət daşıyır və Aqrarkredit QSC bank olmayan kredit təşkilatının idarəetməsinə verilib. Bankın bu durumda özəlləşdirilməyə çıxarılmasının  onun real qiymətindən qat-qat ucuz alınması ilə nəticələnəcəyini də proqnozlaşdırmaq çətin deyil. 






Fikirlər