28.03.2014. - "Gecə yata bilməmişik"

28.03.2014. -  "Gecə yata bilməmişik""Gecə demək olar ki, yata bilməmişik".

ANS-in məlumatına görə, Tovuz rayonundan seçilən millət vəkili Qənirə Paşayeva ötən gecədən etibarən rayonun Əlibəyli kəndi istiqamətində ermənilərin atəşkəsi pozmasına və nəticədə bir nəfər mülki vətəndaşın yaralanmasından yazıb.
Deputat cəbhədəki vəziyyət barədə öz Facebook səhifəsində məlumat paylaşıb.

“Ermənistan və onun silahlı qüvvələri yenə də özlərinin çirkin hərəkətlərindən əl çəkmirlər. Gecə demək olar ki, yata bilməmişik. Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması, axşam saatlarında mülkü vətəndaşın maşınını, sonra isə kənd sakini Etibar Tağıyev qardaşımızın evini, kənd sakinlərinin evlərini atəşə tutması nəticəsində gərgin və narahat bir gecə yaşadıq. Sivil insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq. Özəlliklə axşam saatlarında. Çünkü o zamanlar bütün ailə evdə olur. Ermənistanın və onun silahlı qüvvələrinin xisləti bundan ibarətdir. Bu dəfə də insanlığa sığmayan əməllərini davam etdirərək Etibar qardaşımızın evini gülləyə tutublar və güllələrdən biri evin divarını keçərək onu ayağından yaralayıb. Rayon xəstəxanasına çatrdırılan Etibar qardaşımızın vəziyyəti çox şükr indi normaldır. Həkimlər sağ olsunlar bütün yardımlar olunub və qardaşımız ayağını itirmə təhlükəsi daşımır.
Etibar qardaşımızın özü ilə də telefonla danışdım və keçmiş olsun diləklərimi çatdırdım".


Deputat qeyd edib ki, məktəb yaşlı 3 uşağın və ailənin xanımının yaşadıqları təbii ki, çox ağır hadisədir və çox şükür ki, onlar ciddi bir xəsarətlər almayıblar. Onun sözlərinə görə, yaşadıqları psixoloji gərginlik təbii ki, onlara ciddi təsir edib.
"İnşallah bir daha nə onlar, nə də digər ailələrimiz belə hadisələrlə z üzə qalmazlar. Ermənistan dövləti və onun silahlı qüvvələri isə bir daha simasını hər kəsə göstərdi.
ATƏT-in Minsk qrupu həmsədrləri, beynəlxalq təşkilatlar isə yəqin ki, reaksiya verməkdən, etiraz bildirməkdən yayınacaqlar. Həmişə olduğu kimi... Çox təssüf... Bu insanlar isə onlardan ən azı etiraz səslərini ucaldan acıqlamalar gözləyirlər”
.






Fikirlər