Nazir İNSTİTUTdirektorunu qovdu - Sənədlərini korrupsiya idarəsinə göndərdi

“Nazir institut direktorunu qovdu - Sənədlərini korrupsiya idarəsinə göndərdi

Avqustun 6-da Kənd Təsərrüfatı Nazirliyində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı geniş kollegiya iclası keçirilib.

Qafqazinfo” xəbər verir ki, Kənd təsərrüfatı naziri Heydər Əsədov nazirlik sistemində kadrların təyinatında yüksək səriştə və peşəkarlığın əsas meyar olduğunu qeyd edərək bu prinsiplərdən kənara çıxan hər bir rəhbər işçi barəsində ciddi tədbirlərin görüləcəyini bildirib. O, qeyd edib ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda kadrların seçilib-yerləşdirilməsində məhz bu prinsiplərin gözlənilmədiyi barədə Kənd Təsərrüfatı Nazirliyinə və digər dövlət orqanlarına çoxsaylı müraciətlər daxil olur. Direktor vəzifəsini müvəqqəti icra edən Famil Nəsibovun kadrların seçilib yerləşdirilməsində yol verdiyi nöqsanlar institutun nüfuzuna zərər vurub. Direktor vəzifəsini müvəqqəti icra edən F. Nəsibov ona göstərilən etimaddan sui-istifadə edərək ştatların sayının azaldılması səbəbindən ixtisara düşən işçilərin əmək müqavilələrinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini gözləməyib, kadrları seçərkən dostluq və qohumluq kimi subyektiv amillərə üstünlük verib, qeyri-ixtisasdan olan, habelə cəmiyyətdə mənfi imici ilə tanınan şəxsləri işə götürüb.

Məsələn, əvvəllər Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının qərarı ilə vəzifədən azad edilmiş Süleyman Abdullayevi tələbə yoldaşı olduğuna görə Elmi-Tədqiqat İnstitutunun yardımçı təsərrüfatına müdir təyin edib. Nazirlik işə qarışdıqdan sonra isə onu tutduğu vəzifədən azad edərək, İribuynuzlu heyvanların genetikası və seleksiyası laboratoriyasının elmi işçi vəzifəsinə təyin edib. Yaxud dələduzluq əməllərinə görə iki dəfə həbsdə olmuş Nizami Qəhrəmanov adlı şəxsi Elmi-Tədqiqat İnstitutunun Yemləmə, yem istehsalı və məhsulların elmi texnologiyası laboratoriyasının müdiri vəzifəsinə işə götürüb. N. Qəhrəmanov əməllərini davam etdirərək ayrı-ayrı şəxsləri institutda və digər təşkilatlarda “işə düzəlmələrinə kömək” edəcəyi vədi ilə aldadıb.

Famil Nəsibov Nizami Qəhrəmanova xüsusi səlahiyyətlər verib, institutda baş verən qanunsuzluqların bir çoxunu onun vasitəçiliyi ilə həyata keçirib (F. Nəsibov məsuliyyəti üzərindən atmaq üçün Nizami Qəhrəmanovu bir müddət əvvəl işdən azad edib).

Kollegiyanın qərarı ilə işdə yol verdiyi ciddi nöqsanlara və qeyri-səmimi davranışa görə Famil Nəsibov Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktorunun vəzifəsini icra etməkdən azad edilib.

Famil Nəsibovun və digərlərinin qeyri-qanuni fəaliyyəti ilə bağlı toplanmış ilkin materialların hüquqi qiymət verilməsi üçün Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinə göndərilməsi barədə kollegiyada müvafiq qərar qəbul edilib.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə nəzarəti lazımi səviyyədə təmin etmədiyinə görə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayevə xəbərdarlıq edilib.

 

Nazir institut direktorunu qovdu - Sənədlərini korrupsiya idarəsinə göndərdi
Nazir institut direktorunu qovdu - Sənədlərini korrupsiya idarəsinə göndərdi

 






Fikirlər