ANS telekanalının taleyi ilə bağlı son qərardan, Ali Məhkəmənin ANS-in kassasiya şikayətini təmin etməməsindən sonra kanalın tamaşaçılarında, eləcə də cəmiyyətdə müxtəlif fikirlər formalaşdı.
Bir qism düşündü ki, ANS rəhbərliyi bundan sonra beynəlxalq müstəvidə mübarizə aparmağa başlayacaq. Ancaq onu da qeyd edək ki, rəhbərlik əvvəlki açıqlamalarında belə bir addım atmayacaqlarını bildirmişdi.
Digər qism insanlar isə o düşüncədədir ki, kanal rəhbərliyi referenduma qədər gözləmə mövqeyini seçib və buna görə də hələ ki, susur. Xatırladaq ki, kassasiya şikayətlərinin təmin edilməməsinin ardından bəzi mətbu orqanlarında ANS rəhbərliyinin hələ Avropa Məhkəməsinə müraciət etməyə tələsmədiyi yazılmışdı.
Moderator.az ANS-in taleyindən nigaran olan publikanın narahatlığını nəzərə alaraq kanal rəhbərliyindən bundan sonra hansısa addımlar atıb-atmayacaqlarını soruşub.
ANS şirkətlər Qrupu prezidentinin media müşaviri Mayis Məmmədov bu barədə hər hansı bir məlumat vermək səlahiyyətində olmadığını deyib: “Mən rəhbər deyiləm. Ona görə də bu barədə sizə bir söz deyə bilmərəm. Bunu rəhbərlikdən, Vahid müəllimdən, Mirşahindən, Seyfulladan soruşmaq lazımdır. Mən sizə bu barədə heç bir şey deyə bilmərəm”.
ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev isə bu məsələylə bağlı ümumiyyətlə danışmaq istəməyib.
ANS rəhbərliyinin bu barədə danışmamasından isə aydın olur ki, rəhbərliyin susmasını gözləmə mövqeyi ilə əlaqələndirənlər haqlıdır. Yəni teleşirkət rəhbərliyi hələ də kanalın referendumdan sonra açılacağına ümid edir.