Ancaq MTRŞ və telekanal özü bunu təkzib edir; ANS isə susur
Lisenziyası əlindən alınan ANS TV-nin tezliyində yeni telekanal yayımlanır. Artıq bir neçə gündür ki, axşam saatlarından etibarən Azərbaycan ərazisində “Günəş TV” efirə çıxır.
“Günəş TV” ANS TV-nin tezliyində yayımlanır. Hələ ki yalnız kinolar yayımlanan TV avqustun 5-də “Cəsus uşaqlar-2" filmini yayımlayıb.
Qeyd edilir ki, ölkənin ilk uşaq kanalı olan “Günəş TV” ötən il aprelin 1-dən şimal bölgəsində yayıma başlayıb. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən “Günəş TV”-də yalnız milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən verilişlər və filmlər yayımlanır.
Lakin kanalın ANS TV-nin tezliyində yayımlanması rezonans doğurub.
Məlumata dərhal MTRŞ-dən reaksiya gəlib. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov “Report”a açıqlamasında bildirib ki, “ANS TV-nin tezliyində hər hansı bir televiziya kanalı yayımlanmır və hazırda həmin tezlik boşdur”. Onun sözlərinə görə, ANS TV-nin tezliyində yayımlandığı iddia edilən “Günəş” TV Qubada fəaliyyət göstərən uşaq kanalıdır: ““Günəş” TV region kanalıdır və ona verilən lisenziya ilə yalnız regionda fəaliyyət göstərə bilər. Həmin TV-nin ANS-in tezliyində yayımlanmağa ixtiyarı yoxdur".
T.Məmmədov onu da vurğulayıb ki, ANS TV-nin tezliyi müsabiqə əsasında hər hansı bir yayımçıya verilməyənə qədər boş qalacaq.
Xəbərdə adı hallanan “Günəş TV”-nin rəhbərliyinin də açıqlaması özünü gözlətməyib. Televiziyanın icraçı direktoru Rəşad İsayev interpress.az-a açıqlama verərək yayılan xəbəri təkzib edib: “Biz ANS TV-nin tezliyində yayımlanmırıq. Həmişəki kimi öz tezliklərimiz altında efirimizi peyk vasitəsilə yayımlayırıq. Bundan başqa, şimal bölgəsində rəqəmsal yayımı da davam etdiririk”.
“Yeni Müsavat”ın müxbiri sözügedən məsələ ilə bağlı ANS rəhbərliyindən münasibət öyrənməyə çalışıb.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov “Yeni Müsavat”ın zənglərinə cavabında hazırda məzuniyyətdə olduğunu və heç bir açıqlama verə bilməyəcəyini bildirib: “Hazırda məzuniyyətdəyəm. Heç nədən xəbərim yoxdur. Nə mətbuatı oxuyuram, nə də saytlara baxıram. Ona görə də cavab verə bilməyəcəyəm. Bir həftədən sonra məzuniyyətim bitir, şəhərə qayıdacağam. O zaman zəng edin, sualınızı cavablandırım”.
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevlə də gün ərzində əlaqə saxlamaq mümkün olmayıb. Onun telefonuna zəng çatsa da cavab verməyib. ANS TV-nin digər əməkdaşları isə yalnız bu iki şəxsin mətbuata açıqlama vermək hüququnun olduğunu bildiriblər.
ANS TV-nin bağlanması ilə bağlı məhkəmə prosesinə gəlincə, ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasının (MTRŞ) kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə qərarından kasasiya şikayəti verib.
Kasasiya şikayətinə yaxın günlərdə Ali Məhkəmədə baxılacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq ANS Müstəqil Yayım və Media Şirkətinin yayımının 18 iyul 2016-cı il saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq ANS ÇM Yayım və Media Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.
Daha sonra MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, ANS TV-nin yayım lisenziyası ləğv edilib. ANS TV həmin qərardan kasasiya şikayəti verib.