“94 nəfərlik siyahı hakimiyyətin dəstəklədiyi siyahı görümünü alır”
Araşdırmaçı jurnalist Xədicə İsmayılın hazırladığı 94 nəfərlik siyasi məhbus siyahısı ilə mühacirətdə yaşayan hüquq müdafiəçisi Leyla Yunusun 166 nəfərlik siyahısı ətrafındakı qalmaqal səngimir. Hər iki siyahının tərəfdarları bir-birilərinin ünvanına ağır ittihamlar səsləndirirlər.
Xüsusilə AXCP sədri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənlinin L.Yunusun siyahısına açıq dəstək vermələri əks tərəfi hiddətləndirib. X.İsmayıl və tərəfdarları siyasətçiləri sərt şəkildə tənqid edir və 166 nəfərlik siyahıda bir şəxsin adının iki dəfə yazılması hallarının olduğunu, eləcə də azadlıqda olan şəxslərin adlarının da siyahıya salındığını bildirirlər.
166 nəfərlik siyahının tərəfdarlarından olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Yeni Müsavat”a açıqlamasında onları ittiham edənlərə kifayət qədər sərt cavab verdi: “Əslinə qalsa, 94 nəfərlik siyahı bizim siyahının tərkib hissəsidir. Çünki həmin 94 nəfərin hamısı bizim siyahıda var. Siyahımızla bağlı fərqli iddialar çoxdur. Biz eyni çevrənin adamlarıyıq. Onların siyahısı əvvəlcədən məhdud çevrədə hazırlanmışdı. Siyasi məhbus adını ala biləcək çox şəxslərə bu qapı qapadılıb. Əsas siyahı kimi 166 nəfərin olduğu siyahını qəbul edirəm. Bu siyahını hazırlayanların içərisində olmamışam. Bu Leyla xanımın siyasıdır. Oqtay Gülalıyev və Elşən Həsənovla birlikdə hazırlanıb. Biz, sadəcə olaraq, dəstək verənlərdən olmuşuq. Bu siyahıda müəyyən qədər qeyri-dəqiqliklər var, amma bu mahiyyəti dəyişmir. Hakimiyyət istəyir ki, siyasi məhbus siyahısı 90 civarında olsun. İstəyirlər ki, siyasi məhbusların sayının sürətlə artdığını beynəlxalq aləm görməsin”.
Baş redaktor siyasətçilərin məhbus siyahısına qarışmaları ilə bağlı səslənən iradlara da toxundu:“Əvvəlcədən elan etmişdik ki, oktyabrın 18-də siyasi məhbus siyahısını təqdim edəcəyik. Bizim dostlarımız tələm-tələsik bir gün əvvəl siyahılarını təqdim etdilər. Bu, peşəkarlıq və qaydalara ziddir. Onlar ayın 20-21-də elan etməli idilər. Biz təqdimat edəndə Cəmil Həsənli və Əli Kərimli də qatıldı. Ondan sonra maraqlı tərəflər hakimiyyətin də dəstəyi ilə hərəkətə keçdilər. Çox maraqlıdır ki, 94 nəfərlik siyahı artıq hakimiyyətin dəstəklədiyi siyahı görümünü alır”.
Ə.Zeynallı dindarların siyasi məhbus kimi qələmə verilməsi ilə əlaqədar yaranan müəmmalarla bağlı bunları dedi: “Bir şəxsin adının iki dəfə getməsi sırf texniki məsələdir. Oqtay bəy və Leyla xanım aralarında bu siyahını hazırladılar. O ötürdü buna, bu da ona. Bir məhbusun adının iki dəfə getməsi siyahının mahiyyətinə ciddi təsir etmədi. 166 deyil, 165 olsun. Hətta dostlarımız demişdilər ki, bəzi şəxslər azadlığa çıxıblar. Siyasi məhbus olmayan, bunun mahiyyətini anlamayanlar düşünürlər ki, azadlığa çıxmaq siyasi məhbus adını üzərindən götürür. Siyahıda olanlardan azadlığa buraxılanlar var idi. Amma cəzanın çəkilməyən hissəsi dəyişmişdi. Cəzaçəkmə müəssisələrindən məntəqə tipliyə buraxılıblar. Bu da cəzadır.
Bəzi dostlar o yolu keçmədiyinə görə o məsələni sevinclə qabardıblar. Gördülər ki, bu məsələ onları pis vəziyyətə saldı, ona görə bundan çəkildilər. Çox istərdim ki, ciddi qruplar bu siyahıların üzərində işləsinlər. Bu qruplar hesab edirəm ki, birlikdə fəaliyyət göstərməlidirlər, amma təbii ki hakimiyyət qarşısında öhdəliklər yoxdursa. Əgər kiminsə öhdəliyi varsa, ona bir söz deyə bilmərəm. Əslində bu siyahılar arasında ciddi fərq yoxdur. O siyahı bu siyahının içərisindədir. Dindarlara gəlincə, daim demişəm ki, Tale Bağırzadə işinə görə həbs edilənlərin hamısı qeyri-şərtsiz siyasi məhbusdur. Hətta dedim ki, bu işi Nardaran işi kimi qiymətləndirməyək. Çünki bu iş Nardaran deyil, Tale Bağırzadə işidir. Ona görə də onunla bağlı tutulanların hamısı siyasi məhbusdur. Siz Tale Bağırzadəyə siyasi məhbus deyib, onunla bağlı həbs olunanları siyasi məhbus adlandırmaya bilməzsiniz. Dostlarımız bu məsələni anlamaq və qavramaqda çox böyük çətinlik çəkirlər. Böyük əməliyyatın nəticəsində yüzlərlə ailə başsız qalıb”.
Müsahibimiz qrantlarla bağlı iddialara da cavab verdi: “Açığı, bu qrant məsələsi ilə hər yerdə qabaqlaşıram. Bu ölkədə böyük qrant mafiyası var. Özümü bir çox hallarda bu mafiyanın əhatəsində hiss edirəm. Eşidirəm ki, siyasi məhbus məsələlərinin arxasında böyük pullar var. İddia etmirəm ki, pul yoxdur. Amma əminliklə deyirəm ki, mən Əvəz Zeynallı bu ölkədə siyasi məhbuslarla bağlı bu məsələnin qabardılmasının izləyicisiyəm. Kim bu məsələdən istifadə edirsə, əmin olun ki, əlimə fakt keçdiyi an ilk onu bu cəmiyyətə təqdim edəcəm. Kim siyasi məhbusların sayını artırıb pul qazanırsa, bu, şeytani hərəkətdir. Bu məsələni araşdırıram. Olsun ki, qarşıdakı zamanlarda bu yeyinti sektoru və araşdırmalarla bağlı geniş müsahibələrim olacaq. Bu dəhşətli hadisədir. Bunun içərisinə girdikcə, nə qədər iyrəncliklərin olduğunun şahidi oluram. Bu məsələnin üstünə getmək lazımdır. Siyasi məhbuslardan pul güdmək olmaz. Bizlər də siyasi məhbus olmuşuq. Azadlığa çıxandan sonra bunları izləyib, o iyrəncliklərin mən də çox şahidi olmuşam. Bizim siyahıda bu ola bilməz, olarsa, inanın ki, cəmiyyətə ilk mən açıqlayaram”.