“İLQAR Məmmədov və XƏDİCƏ İsmayıl azad oluna bilər”

 “İlqar Məmmədov və Xədicə İsmayıl azad oluna bilər”

Mirvari Qəhrəmanlı: “İlin sonuna qədər siyasi məhbus siyahısı yarıya enəcək”

 

Novruz bayramında imzalanan əfvdən və hüquq müdafiəçisi İntiqam Əliyev barəsindəki Ali Məhkəmənin qərarından sonra həbsdə qalan digər siyasi məhbusların taleyinin necə olacağı sual doğurur. 
 
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevin bir neçə gün öncə mətbuata verdiyi açıqlamasında REAL sədri İlqar Məmmədovun və AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin azadlığa buraxılacağı anonsunu verməsi siyasi məhbusların taleyini bir daha gündəmə gətirib. Komissiya üzvünün müzakirələrə səbəb olan fikirləri bunlardır: “İlqar Məmmədov, Asif Yusiflinin azad olunması istiqamətində də əlimizdən gələni edirik. Yəqin yaxın zamanda İlqar Məmmədovla bağlı məhkəmə prosesi keçiriləcək”.
 
Çoxları hesab edir ki, REAL sədri də İntiqam Əliyev kimi azad oluna bilər. Ə.Nuriyevin Məmmədovla bağlı yaxın zamanlarda məhkəmə prosesinin keçiriləcəyini açıqlaması onun azad olunacağına ümidləri artırıb. REAL sədrinin eyni hadisəyə görə oxşar maddələrlə həbs olunduğu Müsavat başqanının müavini Tofiq Yaqublunun əfvlə azadlığa buraxılması da onun işinə “yaşıl işıq” yandırıb.  
Belə xəbərlər də yayılıb ki, Azərbaycan hakimiyyəti qarşıdakı aylarda siyasi məhbus problemini həll edəcək. Xüsusilə Qərbin diqqətində olan siyasilərin azadedilmə şansları daha yüksək dəyərləndirilir. Qarşıdakı günlərdə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın Ali Məhkəmədə şikayətinə baxılacaq. Xanım məhbusun da məhkəmədən şərti cəza ilə azad ediləcəyi bildirilir. Doğrudur, hüquq müdafiəçisi ilə xanım jurnalistin işi tamam fərqlidir. Çünki İ.Əliyev barədə baş prokurorun verdiyi protestə baxılaraq qərar verilmişdi. Amma X.İsmayılın sadəcə hökmündən verilən şikayətə baxılacaq. Amma bu amil də onun azadlığa buraxılacağına olan ümidləri azaltmır. Novruz əfvi və İ.Əliyev barəsindəki qərarlar həbsdə qalan siyasi məhbusların azad olunacaqları ilə bağlı müsbət düşünməyə dəlalət edir.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bütün siyasi məhbusların eyni statusa malik olduqlarını söylədi:“Ölkədə gedən proseslər onu göstərir ki, siyasi məhbuslarla bağlı ciddi işlər görülür. Bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Bir qrup siyasi məhbus əfv olundu. Bəzi siyasi məhbuslarla bağlı dövlət başçısına dəfələrlə müraciətlərimiz oldu. Burada əfv yazan və yazmayanlar olaraq, heç kimə fərq qoymadıq. Bu proses davam edəcək. Avropa Şurasına məhkəmələri şübhəli olan siyasilərin yenidən proseslərinin keçirilməsi ilə bağlı müraciətimiz olub. Düşünürük ki, bu yolla da kimlərinsə azadlığına nail olmaq mümkündür. İlqar Məmmədov Novruzda əfv olunmalı idi. Çünki onunla Tofiq bəyi eyni ittihamla həbs etmişdilər. Tofiq bəyə qarşı atılan addım müsbətdir. İlqar bəy də tezliklə azadlığa çıxacaq. Qarşıda bayramlarımız var. 28 May Respublika günü, dini bayramlar qarşıdakı aylarda olacaq. Dini məhbuslar da var. Onların adlarını unutmaq olmaz. Ölkəmiz siyasi məhbus sözündən azad olmalıdır. Düşünürəm ki, ilin sonuna qədər siyasi məhbus siyahısı yarıya enəcək. Çünki siyasi məhbuslarla bağlı hüquq müdafiəçiləri arasında şübhəli məqamlar var. Bəzi şəxslər siyasi məhbus kimi qəbul olunurlar, bəziləri yox. Bəzi şəxslərin yenidən məhkəmələrinin olacağı barədə fikirlər nahaqdan çəkilmir. Ortaya bir mesaj gəlirsə, demək, nəsə var. İlqar bəy barədə fikirlər cəmiyyətə, beynəlxalq aləmə bir mesajdır. Düşünürəm ki, məhkəmə proseslərində İlqar Məmmədov və Xədicə İsmayılova azad oluna bilər”.
 
İ.Məmmədovun vəkili Fuad Ağayev bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin işi Şəki Apelyasiya Məhkəməsindədir: “Apelyasiya şikayətinə fevralın 25-də baxılmalı idi. Lakin Şəki Apelyasiya Məhkəməsi prosesi qeyri-müəyyən vaxta təxirə saldı. Buna görə də məsələ indiyə qədər açıq qalır. Qanunvericiliyi nəzərə almadan Apelyasiya Məhkəməsi baxış gününü təyin etmir. Hər halda, bu barədə bizə məlumat daxil olmayıb”.

 






Fikirlər