Əbülfəs Qarayevə şok - Nazirliyin bütün rayon şöbələri ləğv edildi

Mədəniyyət və Turizm Nazirliyinin yeni qərarı ilə, nazirliyin rayon şöbələri ləğv edilib.

Bu barədə Sputnikə nazirlikdəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, bu məsələ bir neçə ay öncədən planlaşdırılsa da, qərar ötən günlərdə verilib. Qərara əsasən, rayonlardakı yerli şöbələr faktiki olaraq ləğv edilib, onların rəhbərliyi və əməkdaşları işdən azad olunub.

Yeni qərar gələn ilin yanvarından qüvvəyə minəcək. Həmin vaxtadək şöbələr fəaliyyətini, işçilər isə işlərini davam etdirəcəklər.

Mənbə əlavə edib ki, ləğv olunmuş şöbələrin əvəzinə, bir neçə rayonun birləşdiyi regional mədəniyyət idarələri yaradılacaq. İdarənin işçi heyəti isə, ləğv olunmuş şöbələrin birinin işçi personalının sayına bərabər olacaq. Yəni, ləğv olunmuş 4 rayon şöbəsinin əməkdaşlarından, yalnız birində olan qədər işçi heyəti saxlanılacaq.

Xəbəri dəqiqləşdirmək və əlavə məlumatlar əldə etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə müraciət etdik.

 Nazirlikdən verilən açıqlamada xəbəri təkzib etməsələr də, detallar barədə açıqlama da vermədilər. Bildirildi ki, bu istiqamətdə işlər tam yekunlaşmadığı üçün, əlavə məlumat verə bilməyəcəklər.






Fikirlər