«XARİCİ KƏŞFİYYATIN İŞİDİR…» - Hadı Rəcəbli özünə qarşı hücumlara cavab verib (Video)
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli son günlər özünə qarşı ünvanlanan qınaq və ittihamlara cavab verib. “AzPolitika.info”nun məlumatına görə, deputat, jurnalist Xalid Niyazovun İTV-də yayımlanan proqramında bu barədə danışıb. Xatırladaq ki, H.Rəcəblinin report.az saytına müsahibəsindəki bəzi fikirlər onlayn media və sosial şəbəkələrdə ciddi etiraz dalğasına səbəb olmuşdu. Söhbət deputatın Qarabağ əlillərinə imtiyazla bağlı aşağıdakı fikirlərindən gedir: “Sosial sahədə islahat aparmaq çox çətindir, bunun üçün maliyyə vəsaiti lazımdır. Heydər Əliyev daha bir cəsarətli, uzaqgörən, mütərrəqi addım atdı, neft müqavilələrini bağladı. Bu, böyük inqilabi hadisə idi. Bundan sonra Azərbaycana vəsait daxil olmağa başladı. Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, popilizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı. Heydər Əliyev bu problemləri yoluna qoydu”. H.Rəcəbli bu fikirlərinə görə onun hədəfə götürülməsini xarici kəşfiyyatın işi adlandırıb. Deputatın İTV-dəki çıxışının videoyazısını təqdim edirik.