Xəbər verdiyimiz kimi, dünən İsfəndiyar Vahabzadə Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfir, eyni zamanda Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndə vəzifəsindən geri çağırılıb.
Onun Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfərindən sonra vəzifədən alınması isə marağa səbəb olub.
Politoloq Qabil Hüseynli BakiPost.az-a İ. Vahabzadənin səfir vəzifəsindən geri çağırılması məsələsini şərh edib. Bildirib ki, onun geri çağırılması diplomatik fəaliyyətdən uzaqlaşdırılması demək deyil: "İsfəndiyar Vahabzadə artıq 20 ilə yaxındır ki, diplomatik işlə məşğul olur. Onun Belarusiyadan geri çağırılması hələ diplomatik fəaliyyətdən uzaqlaşdırılması demək deyil. Görünür Belarusiya ilə bizim aramızda iqtisadi əlaqələr daha da canlanmaqdadır. Bu səbəbdən oradakı diplomatik korpusun fəaliyyətini daha da gücləndirmək tələb olunur. Amma səfirimizin geri çağırılmasının əsas səbəbi orada 5 ilə yaxın işləməsidir. Diplomatların yeri 5 ildən bir dəyişdirilir”.
Məlumat üçün bildirək ki, İsfəndiyar Vahabzadə xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.
Qeyd edək ki, dünən prezident İlham Əliyev İsfəndiyar Vahabzadənin Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. O, bu vəzifəyə 2011-ci ildə təyin edilib.