Xocalının sabiq icra başçısından və keçmiş kəşfiyyatçıdan ilginc AÇIQLAMALAR

Rey Kərimoğlu: “Bütün hallarda Çingizin şübhəsi tam əsassız olub”; Elman Məmmədov: “Çingiz Mustafayev çox böyük səhvə yol veribmiş”

Son günlər sosial şəbəkələrdə mərhum telejurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı çəkdiyi kadrlardakı işlətdiyi bəzi fikirlər və suallar ciddi müzakirə mövzusuna çevrilib.

Qarabağ qazisi, jurnalist, Xocalı faciəsi zamanı dinc və yaralı insanların xilas olunmasında iştirak edən Rey Kərimoğlu məsələ ilə bağlı açıqlama yayıb.

O bildirib ki, Ç.Mustafayevin iddiaları və şərhləri əsassızdır, həqiqəti əks etdirmir: “Neçə gündür, müxtəlif insanlar Xocalı soyqırımının şahidi kimi məndən də bu məsələyə münasibət bildirməmi istəyirlər. Heç kəsin şübhəsi yoxdur ki, Xocalı soyqırımını ermənilər törədib! Özü də Rusiyanın 366-cı alayının vasitəsi ilə. Bunu düşünülmüş və planlı şəkildə ediblər! Serj Sərkisyan da etiraf edib bunu. Burada Azərbaycanın və azərbaycanlıların günahlandırılması, kiminsə adının çəkilməsi düz deyil. Çingiz Mustafayevin bir vaxtlar çəkdiyi və son günlər Azərbaycanın düşmənləri tərəfindən yenidən yayılan videoda dedikləri düz deyil. Ölənin dalınca danışmazlar, amma söhbət mənim dövlətimdən, xalqımdan ona qarşı edilmiş bir soyqırımın bəzi detallarına şübhədən gedirsə, susa bilmərəm...”

Image result for Rey Kərimoğlu

R.Kərimoğlu insanların bugünlərdə müzakirə etdiyi əsas 2 suala aydınlıq gətirməyə çalışıb: 1) Çingiz Mustafayevin çəkdiyi əvvəlki kadrlarda sifəti salamat görünən şəhidlərin növbəti dəfə çəkiləndə üzləri, alınları niyə kəsilmiş, parçalanmış olub? 2) Çingiz Mustafayev vertolyotdan çəkiliş apararkən aşağıda meyitlər arasında dolaşan və bunları görəndə qaçanlar kimlər olub?

R.Kərimoğlu bu suallara belə cavab verib: “Birincisi, meyitlərin üzərindəki zorakılıq izləri sırf ermənilərin əməlidir. Hansı ki, dəfələrlə bizim əsir və şəhidlərimizin üzərində bunu ediblər! Axı ilk vaxtdan orada ermənilər tərəfindən meyitlərimizin təhqir edilməsi faktı olub. Qulaq, burun kəsilib, kiminsə beynini vurub dağıdıblar və sairə... Erməni elə diri-diri edib ey bunların bir çoxunu! Çingizin çəkilişi 26-sı yox, sonrakı günlərdə, yəni 27-29-da olub. Ola bilsin ki, Çingiz iki və ya üç dəfə olub orada. Və birinci dəfə sifətini salamat gördüyü adamın alnının, sifətinin və digər əzasının növbəti dəfə gedəndə kəsildiyini, parçalandığını görüb. Bu o demək deyil ki, bunu bizimkilər edib! Ora bizim əsgərlərin sərbəst gedib-gəldiyi yer olmayıb axı. Ora ”Qaraqaya"nın qabağıdır. Həmin gün mən də orada olmuşam. Şelli-"Qaraqaya" istiqamətində baş verənləri öz gözümlə görmüşəm, döyüşçü yoldaşlarımla yaralıların, arvad-uşağın güllə altından çıxarılmasında iştirak etmişəm. Xocalı hadisəsi baş verən günlərdə “Qaraqaya” ermənilərdə idi. Yalnız fevralın 26-da səhər saatlarında, Xocalıdan sağ çıxıb gələn adamlardan nə baş verməsini biləndən sonra Ağdamdakı yerli batalyonlar tərəfindən dinc əhalini xilas etmək üçün ermənidən azad edildi “Qaraqaya”. Və bundan sonra Ağdamın Şelli kəndi istiqamətində canlarını qurtarmaq istəyən dinc xocalılılar xilas edilib. “Qaraqaya”nın qarşı tərəfindən bir az qabaqda Əsgəran istiqamətində başlayırdı xocalılıların meyitləri. Meyitlərin götürülməsi isə Milli Qəhrəman Allahverdi Bağırov Əsgəran batalyonun komandiri Vitaliklə danışıb razılıq alandan sonra olub. Bunu Çingiz Mustafayevdən öncə-fevralın 26-da Allahverdi Bağırovla Əsgərana gedən və ərazidə çəkiliş aparan teleoperator Seyidağa Mövsümlü də dəfələrlə deyib. Bu proses erməni əsgərlərinin nəzarəti altında olub.

Hətta ermənilər də meyitlərin arasında bəzi adamları axtarıb. Məsələn, ermənilər onlara qan udduran Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevin cəsədini də axtarırmışlar. Yəqin verməyəcəklərmiş. Seyidağa bəyin dediklərini oxuyub və ya baxmaq lazımdır. Ermənilər ondan Aqil Quliyevin cəsədini göstərib kim olduğunu soruşublar. Seyidağa Mövsümlü isə bilə-bilə ki, bu Aqil Quliyevin meyitidir, inkar edib.

Qaraqaya” alınsa da növbəti gündən onun qarşısı Əsgəran və digər istiqamətlər ermənilərin nəzarətində olan yerlərdir. İstənilən vaxt gəlib meyitləri təhqir edə bilərdilər. Digər tərəfdən, bir hissəsini gecə vəhşi heyvanlar da edə bilərdi. Niyə bunu kimsə düşünmür?! Uzun müddət o əraziyə insan ayağı az dəydiyində vəhşi heyvanlar da çoxalmışdı".

Qarabağ qazisi ikinci sualın da cavabının elə birincidə olduğunu deyib: “Çingizin vertolyotdan çəkərkən bunları görüb qaçdığını dediyi adamlar, məncə, ermənilərlə danışıq nəticəsində meyitləri götürən öz əsgərlərimizdir. Meyitlərin çıxarılması üçün bütün danışıqları o zaman rəhmətlik Allahverdi Bağırov aparırdı. Meyitləri də çıxaran əsasən onun əsgərləri idi. Və bu onlar ola bilərdi. Meyitləri toplayan əsgərlər gələn vertolyotun kimin olduğunu haradan bilsinlər? Erməni, rus ola bilərdi və ata bilərdilər onlara. O zaman çox qarışıq bir vəziyyət idi axı. Ona görə də qaçırlar. Mən 1991-1993-cü illərdə Qarabağda əsgər - kəşfiyyatçı kimi döyüşlərdə olmuşam, bu işin siyasi tərəfləri haqda nəysə deməyim insanlarımızı çaşdıra bilər. Qoy onu siyasi prosesləri dəqiq bilənlər desin. Ola bilsin ki, Çingizin kimə simpatiyası olub və onu müdafiə etmək üçün qəsdən belə deyib. Və ya elə bir jurnalist kimi, insan kimi nədənsə şübhələnib və elə iddiaya düşüb. Bütün hallarda Çingiz orada düz demir, şübhəsi tam əsassızdır! Xocalı soyqırımını ermənilər edib. Meyitləri də onlar təhqir edib!”


Xocalının sabiq icra başçısı, deputat Elman Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Çingiz Mustafayev həmin əraziyə bir dəfə fevralın 27-də, bir dəfə də 29-da vertolyotla getmişdi. Həmin vaxt erməni vertolyotu da həmin əraziyə gəlib atəş də açmışdı. Çox qısa müddətə imkan verilmişdi ki, meyitlər götürülsün: “Çingiz orada kütləvi qırğın olan yerdə çəkiliş eləmişdi. Çingiz o ərazini tanımırdı. Orada çəkiliş aparan təkcə Çingiz olmamışdı. Mən diqqəti bir şeyə çəkmək istəyirəm - Çingiz Mustafayevin özünü orada kim çəkirdi? Ortaya bax belə suallar çıxır. Kadrlarda görünür ki, Çingizin özünü də kimsə çəkirmiş. 
Dediyim kimi, Çingiz Mustafayev oraya vertolyotla getmişdi. Lakin həmin əraziyə rəhmətlik Allahverdi Bağırovun maşınında hərbi operator Seyidağa Mövsümlü, Tahir Qarayev getmişdi ayın 27 və 28-də. O zaman Seyidağa Mövsümlü Müdafiə Nazirliyinin operatoru idi. Onlar da dəfələrlə bəyan ediblər ki, ermənilər azərbaycanlı əhalini qətlə yetirməklə yanaşı, öldürdükləri insanların cəsədlərini sonradan tanınmaz hala salmışdılar. Həmin ərazilər erməni silahlı qüvvələrinin, Vitalik Balasanyanın rəhbərlik etdiyi hərbi quldurların, terror qruplarının nəzarətində idi. Sadəcə olaraq, çox qısa bir müddətdə ərazidəki cəsədlərin götürülməsinə imkan verilmişdi. Həmin vaxtda da Çingiz vertolyotla oraya gedib çəkiliş aparmışdı.

Çingiz əgər o cür fikir işlədibsə, çox böyük səhvə yol veribmiş. Çingiz şübhəsiz ki, oradakı dəhşətlərin təsiri altında yanlış təsəvvürə gəlib və emosionallıq edərək yanlış fikrə gəlibmiş". E.Məmmədov xatırladı ki, ermənilərin nəzarəti altında olan ərazidə azərbaycanlı cəsədlərinin çıxarılması üçün vaxt o qədər az idi ki, bizim hərbçilər o cəsədləri oradan qaça-qaça, çox sürətli şəkildə götürürdülər. Götürülən cəsədlərin bir çoxunu ermənilər tanınmaz hala salmışdılar: “Xocalı soyqırımını törədənlər, qətlə yetirilən yüzlərlə dinc sakinin meyitinin üzərində vəhşilikləri eləyənlər də ermənilər olub. Biz niyə o dövrdə bəlkə də kiminsə xatirinə deyilən əsassız sözlərə inanmalıyıq?! Mən Rey Kərimoğlunun yazdıqlarını oxudum. Tamamilə düzgün yazıb. Çünki Rey döyüşçü-kəşfiyyatçı idi və o əraziləri yaxşı tanıyırdı. Niyə biz bu cür döyüşçülərin, o əraziləri, orada baş verənləri yaxşı bilən adamların dediklərinə inanmamalıyıq, lakin oranı tanımayan, cəmi 15-20 dəqiqəliyə orada olub çəkiliş edib emosional və çaşqın vaxtında nə isə deyənlərə inanmalıyıq?! Hələ 1992-ci ildə və sonrakı illərdə ermənilər qəsdən belə dezinformasiyalar yayırdılar ki, guya Xocalıda dinc əhalini onlar qırmayıb, guya meyitləri onlar o hala salmayıb. Bütün bunlar ermənilərin öz bəşəri cinayətlərini, insanlığa qarşı törətdiyi vandalizmi, soyqırım cinayətlərini ört-basdır etmək üçün yaydıqları dezinformasiya və təbliğat idi. Ermənilər bu yolla həmişə çalışıblar ki, beynəlxalq aləmdə fikir çaşqınlığı yaratsınlar”.

 






Fikirlər