“Nazirin dediyi rəqəmlər ŞÜBHƏLİDİR”

“Ötən il ölkədə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yerinin açılması iqtisadi fəallığın və əmək bazarının qeyd olunan böhranın mənfi təsirlərindən qorunmasında mühüm faktor olub”.

Bu fikirləri jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov söyləyib.
Onun sözlərinə görə, 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfərin məşğulluğu təmin edilib. O, həm də qeyd edib ki, işsizlik səviyyəsi İspaniyada 19,6 faiz, Fransada 9,9 faiz, Finlandiyada 8,8 faiz, Xorvatiyada 12,8 faiz, Belçikada 8 faiz, Bolqarıstanda 7,7 faiz və s. təşkil etdiyi halda, Azərbaycanda 5 faiz həddindədir.
“Məndə bu deyilən rəqəmlərə şübhə yaranır”
Nazirin açıqlamasına münasibət bildirən iqtisadçı Nazim Bəydəmirli Toplum TV-yə deyib ki, göstərilən rəqəmlərə şübhəsi var:
Image result for Nazim bəydəmirli
“Məndə bu deyilən rəqəmlərə şübhə yaranır. Çünki müşahidə etdiyimiz odur ki, işsiz kimi qeydiyyata alınma prosesi çox çətin olduğundan və vətəndaşlar süründürməçiliyə məruz qaldıqlarından məşğulluq idarələrinə müraciət etmirlər. Azərbaycan əhalisi 10 milyona yaxındır, təqribən 5 milyonu əmək qalibiyyətsiz insanlardır. Bu insanların cəmi 2 milyon 300 mini işçi statusu alıb. Bu baxımdan biz 5 milyon əhalidən 2 milyon 300 mini  və işsizlik faizi olan 5 faizi çıxsaq, qalan 2 milyon 400 mini vergi ödəyicisi kimi qeydiyyatda deyillər. Həmin əhalinin də harada işlədiyi məlum deyil. Bu, o deməkdir ki, nazirin dediyi rəqəmlər şübhə yaradır”.
İqtisadçı deyir ki, inkişaf etmiş ölkələrdə qeydiyyat prosesi mövcuddur və şəffafdır:
“O ölkələrdə işsizlik səviyyəsi 8-10 faiz civarındadır. Oturuşmuş  iqtisadiyyatı olan ölkələrdə işsizlik səviyyəsi 8-10 faizarası olduqda, bu, iqtisadiyyat üçün müsbət hal hesab olunur. Bu gün minlərlə insan iş üçün müraciət edir və sosial sorğular işsizik səviyyəsinin çox yüksək olduğunu göstərir. Açıqlanan rəqəmlərlə müqayisə olunmayacaq dərəcədədir”.
Statistika deyir ki…
Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə ərazisində 2016-cı il ərzində 8012 yeni müəssisə və təşkilat yaradılıb.
Müəssisə və təşkilatlardan 63,5 faizi Bakı şəhərində, 11,5 faizi Aran iqtisadi rayonunda, 7,4 faizi Abşeron iqtisadi rayonunda, 4,6 faizi Lənkəran iqtisadi rayonunda, 4,3 faizi Gəncə-Qazax iqtisadi rayonunda, 2,9 faizi Quba-Xaçmaz iqtisadi rayonunda, 2,7 faizi Şəki Zaqatala iqtisadi rayonunda, 1,5 faizi Dağlıq-Şirvan iqtisadi rayonunda, 0,8 faizi Yuxarı-Qarabağ iqtisadi rayonunda, 0,8 faizi Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayıb.
Image result for Statistika Komitəsi
Həmçinin, ötən il ərzində ölkədə 196539 yeni, o cümlədən 154853 daimi iş yerlərinin açıldığı qeyd olunub. Açılmış daimi iş yerlərinin 9,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 18,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,8 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlardadır. 71,3 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.
Yeni iş yerlərinin 24,9 faizi Bakı şəhərinin, 1,5 faizi Naxçıvan Muxtar Respublikasının, 73,6 faizi regionların, o cümlədən 29,1 faizi Aran, 13,3 faizi Gəncə-Qazax, 6,6 faizi Lənkəran, 5,7 faizi Abşeron, 5,4 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,7 faizi Dağlıq Şirvan, 3,4 faizi Yuxarı Qarabağ, 0,5 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.
Daimi iş yerlərinin 4,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,0 faizi tikinti, 3,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 2,9 faizi emal sənayesi, 2,5 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı, 1,6 faizi peşə, elmi və texniki fəaliyyət, 1,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 5,7 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.






Fikirlər