“Azərbaycanlılar türk deyil” məsələsi böyüyür - Arif Rəhimzadə məhkəməyə VERİLƏ BİLƏR

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadənin azərbaycanlıların türk olmadığı, türklərin tamam başqa millət olması barədə fikirləri ölkə gündəmini qarışdırıb. Sosial şəbəkələr və mətbuatda, ictimaiyyət daxilində deputatın ünvanına sərt tənqidlər səslənir.

Doğrudur, məsələ gündəmə gələn kimi A.Rəhimzadə fikirlərinin təhrif edildiyi barədə mətbuata açıqlama verib. Lakin bu da narazılığın səngiməsinə imkan verməyib. Görünən odur ki, məsələ böyüməkdədir. Müzakirələrə yeni-yeni tanınmış simalar qoşulur. Hətta deputat fikirlərinə görə bəzi həmkarlarının da sərt qınaqları ilə üzləşir.
Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli həmkarının məsələni təkzib etməsindən şad olduğunu bildirdi:
 
Image result for Tahir Kərimli 
 "Bir məsələyə aydınlıq gətirək. Türkdilli və türk olmağın fərqi nədən ibarətdir? Məsələn, Amerikada zəncilər var ki, ingilis dillidirlər, amma ingilis deyillər. Bu mənada ingilislə ingilisdillinin fərqi olduğu kimi, türkdilli və türk olmağın arasındakı fərq də normaldır. O da doğrudur ki, biz azərbaycanlıların təşəkkülündə qafqazdilli xalqlar və farslar iştirak ediblər. Amma aparıcı türk toplumu olub. İstənilən dil xalis bir millətin dili ola bilməz. Biz heç vaxt unutmamalıyıq ki, millətimizin 70%-dən çoxu İranda yaşayır. Bunlar özünə türk deyirlər. Onu demək istəyirəm ki, biz 50 milyon olaraq təkcə türkdilli deyilik. Baxmayaraq ki, son 100 ildə biz bir qədər türklükdən çıxmışıq. Osmanlı özünə türk deyə bilir, amma biz niyə deməməliyik? Biz xalis böyük türk toplumunun bir hissəsiyik, özü də oğuz türküyük. Əvvəllər Arif müəllimlə çox ciddi müxalifətdə olmuşuq, ayrı-ayrı cəbhələrdə təmsil olunmuşuq. Amma Arif Rəhimzadənin bir sifətdə olmasına daim hörmət etmişəm.
Kişinin bir sifəti olar. Çox sevinirəm ki, Arif müəllim müəyyən şeyləri nəzərə alıb, öz fikirlərində müəyyən dəyişikliklər elədi. Düzdür, azərbaycanlı adı alandan sonra mədəniyyətimizdə və digər istiqamətlərdə müəyyən dəyişikliklər olub, müəyyən təsirlərə məruz qalmışıq. Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, İrandakı azərbaycanlılardan fərqli olaraq, Şimalda olanlar yad bir toplumun, yəni rusların təsiri altında olmalarına baxmayaraq, burada milliləşmə çox güclü getdi. Cənubda fars və türk dilləri bir-birinə daha çox qarışdığı üçün bu getmədi. Amma onlar türk olduqlarını bu günə qədər saxladılar. Hətta ”azəri dili" termini işlənsə də, Türkiyənin rəhbərləri belə bu termindən istifadə etsələr də, əhali özünə türk deməkdən heç zaman vaz keçmədi. Yusif Vəzir Çəmənzəminli deyirdi ki, ana dili məişət dilidir, yəni çadırlarda və digər bu kimi yerlərdə yaşayanların dilidir. Bütün bunları deməkdə məqsədim odur ki, heç kəs unutmasın, türkdilli olub, eyni zamanda, türk də olan böyük bir toplumun bir hissəsiyik".
 VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı bir qədər sərt danışdı:
 
 
 
"Bir şəxs deyir ki, mən türk deyil, azərbaycanlıyam, yaxud bir etnik qrupun nümayəndəsiyəm, buna normal baxmaq lazımdır. Kim özünü hansı millətin nümayəndəsi hesab edirsə, o da sayılır. Burada torpaq, ənənə və digər amillər rol oynayır. Birinin soyadı türk ola bilər, amma özünə rus deyirsə, demək, elədir. Kimin özünü hansı cəbhədə görməsi müzakirə mövzusu ola bilməz. Amma Azərbaycan parlamentinin bir deputatının, ölkə siyasətində uzun zaman özünü göstərən birisinin ”Azərbaycanlılar türk deyil" deməsi böyük günahdır, hətta məhkəməlik işdir. Çünki azərbaycanlıların 95%-dən çoxu daim türk olublar. Millətimiz, dilimiz repressiya olub. İranda 35 milyon soydaşımız var ki, onların hamısı özlərinə türk deyirlər. Heydər Əliyev "Bir millət iki dövlət” deyirdi. Bu cür avantürist fikirlər səsləndirənlər, Rusiyanın ölkəmiz üzərində təsirinin artmasını istəyənlər var.
Eyni zamanda Azərbaycanla Türkiyənin münasibətlərini pozmağa çalışanlar var. Mən Arif Rəhimzadəni ağıllı adam sayıram. Onun bu cür avantürist işlərlə məşğul olacağına, açığı, inanmıram. Sadəcə, sovet dövrünün siyasi sistemini davam etdirən şəxslərdəndir. Biz azərbaycanlı sözünə pis baxmırıq, bu Azərbaycan vətəndaşı olmağımızı bildirir. Azərbaycanda yaşayan bütün vətəndaşlar azərbaycanlıdır. Amma nəzərə alsaq ki, şəxsiyyət vəsiqələrinə azərbaycanlı yazılanlar özlərini talış, avar, kürd və ləzgi sayırlarsa, türklər də öz etnik kimliklərini danmırlar. Bu dövləti yaradan, mövcud olması üçün canlarını qoyan, şəhid verən Azərbaycan türkləri var. Ona həqarət etmək, onu yox saymaq heç bir ziyalıya, vətəndaşa yaraşan bir şey deyil. İnsanlıq da deyil ki. Necə həyasız olasan ki, bütöv bir xalqı yox sayasan. Yenə də deyirəm ki, bu məhkəməlik işdir. Bir sözlə, ayıbdır. Azərbaycan ziyalısı bu qədər qudurğandır, yoxsa bu satqınlıqdır? Bunlar özlərini nə hesab edirlər. Arif Rəhimzadələr nə vaxtdan etnoqrafiya mütəxəssisləri, tarixçi olublar? Arif Rəhimzadə nəyə görə bu işlərə qarışmalıdır? Rusiya vaxtında özümüzə türk deyirdik. Bunu boşuna demirdik ki. Bunlar böyüklərimizdən bizə keçib. Bəlkə böyüklərimizdən imtina etməliyik? Bəlkə tariximizdən imtina edib, 1937-ci ildən başlamalıyıq? Azərbaycan sözü türklərdən ayrılmaq üçün ortaya atılmış bir sözdür. Min illər boyu bu millət özünə türk deyib. Bunu yazılı mənbələr də sübut edir. Onlar özlərini türk hesab etməyə bilərlər, amma bütövlükdə bir millət haqqında bunları deyə bilməzlər".
Musavat.com
 






Fikirlər