“Cümhuriyyəti quran kişilərin müqayisəsini aparmaq olmaz” - Tarixçidən professora CAVAB

Cümhuriyyət dövrünün tədqiqatçısı, qocaman professor Şirməmməd Hüseynov bu yaxınlarda 1918-ci ildə qurulan ADR haqqında danışarkən  Azərbaycanın görkəmli bəstəkarı, milli operanın banisi, publisist Üzeyir Hacıbəylinin yaradıcılığına nəzər salıb, onun Azərbaycan mədəniyyətinə verdiyi töhfədən danışıb.

Şirməmməd Hüseynov bildirib ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr bəxş etmiş Üzeyir Hacıbəyli alim, mütəfəkkir - filosof, maarifçi, ensiklopedik zəka sahibi kimi mədəniyyət tariximizdə özünəməxsus yer tutub və onun yeganə amalı doğma xalqına sədaqətlə xidmət etmək olub.

Professor qeyd edib ki, Üzeyir Hacıbəylinin musiqi mədəniyyəti, musiqişünaslıq elmi, ədəbi-publisistik fəaliyyətinə dair çoxsaylı araşdırmalar aparılıb, dövlətin himayəsi ilə ardıcıl olaraq ölkə və beynəlxalq (YUNESKO) səviyyədə yubileyləri keçirilib, 2010-cu il "Üzeyir Hacıbəyli ili" elan olunub, haqqında çoxsaylı kitablar, elmi, elmi-kütləvi məqalələr çap edilib. 

Ş.Hüseynovun sözlərinə görə nədənsə cümhuriyyətin qurucularından olan Əlimərdan bəy Topçubaşov və digərlərinin adı ön sıralarda çəkilsə də, Üzeyir Hacıbəylinin adı 5-ci,6-cı sırada dilə gətirilir.

“Düşünürəm ki, bu, düzgün yanaşma deyil. Üzeyir Hacıbəyli 1918-ci ildə qurulan dövlət üçün az xidmətlər göstərməyib. Onun adı dövlət qurucuları ilə birgə çəkilməlidir”.

Maraqlıdır, tarixçilər bu məsələdə nə düşünür?

Millət vəkili, tarixçi alim Fəzail İbrahimlinin fikirlərini Modern.az saytı ilə bölüşüb.
Üzeyir Hacıbəyov təəssübkeşliyi
“Şirməmməd Hüseynov ağsaqqalımızdır. Cümhuriyyət dövrünün çox böyük tədqiqatçılarından biridir. Milli təəssübkeşliyi olan insandır. Onun hər hansı fikirlərinə açıqlama vermək bəlkə də, böyüklərin üzünə qayıtmaq, “sizdən daha yaxşı düşünürəm” düşüncəsini ortaya qoymaqdır. Şirməmməd Hüseynov Üzeyir Hacıbəli təəssübkeşliyi ilə bağlı danışıb. Üzeyir Hacıbəylini boy sırasında daha uca yerdə görmək istəyir. Bu mənada da bu fikirləri irəli sürüb”.

Üzeyir Hacıbəyli də onların içində olub

F.İbrahimli deyir ki, əslində, tarixə bu cür yanaşmaq olmaz:

“O zaman Cümhuriyyət hər hansı bir fərdlərin düşüncəsi müstəvisində yox, böyük bir komandanın ağrılı-acılı həyat tərzi üzərində qurulmuş hakimiyyət olub. 1918-ci ildə gürcülər və  ermənilər Zaqafqaziya Seymindən çıxaraq müstəqilliyini elan edib. O vaxt Seymin azərbaycanlı deputat qrupu yığışaraq, ölkəmizin müstəqilliyini elan etdi. Zaman məsələləri çox kəskin qoymuşdu. Həmin vaxt xalq ayağa durub ya özünün müstəqilliyini elan etməli, torpaqlarına sahib çıxmalı, dövlətçiliyini bərpa etməli, ya da ayrı-ayrı böyük dövlətlərin arzusunu reallaşdırıb bölünməli, parçalanmalı idi. Azərbaycanın Cümhuriyyət liderləri, o dövrün ziyalıları, o cümlədən Üzeyir Hacıbəyli də onların içində olaraq bu həqiqəti, tarixi missiyanı dərk edib susmadılar. Bir başqa ölkədə Tiflisdə Azərbaycanın istiqlalını elan etdilər. Burda kimə daha çox, kimə daha az pay düşür, bax tarixə bu cür yanaşmaq olmaz”.

Tərəzinin gözünə Topçubaşovla Hacıbəylini qoymaq olmaz

Fəzail İbrahimlinin sözlərinə görə, Cümhuriyyət dövründə insani əxlaq şox güclü idi.

“Burda  insani əxlaqın mövcud olmasından söhbət gedir. Məsələn, parlamentə sədr seçilir, Topçubaşov İstanbulda oturub. Özü orda olmaya-olmaya parlamentə sədr seçilir. Bu, Cümhuriyyət əxlaqı idi. İkinci amil o idi ki, bu hökumət Müsavat hökuməti idi. Əksər üzvləri müsavatçılar idi. Amma Topçubaşov bitərəf idi. Fikir verin: onlar heç vaxt boy sırası ilə düzülüb “mən birinci sıradayam” deməyib. Digər bir məqama diqqət edək: Milli Şuraya sədr seçilir. Ali və Avropa təhsili olanlar, Rusiyada oxuyanlar bir kənarda qalıb, amma ali təhsili olmayan Məhəmməd Əmin Rəsulzadə sədr seçilir. Düşünürəm ki, məsələni belə qoymaq olmaz. Kiminsə çiyninə kimisə qoyub hündür göstərək? Fəaliyyəti kölgədə qalan insanlar alimlər tərəfindən tədqiq olunmalı və cəmiyyətə təqdim edilməlidir. Cəmiyyət onlar haqqında böyük anlayışa sahib olmalıdır. Yoxsa tərəzinin gözünə Topçubaşovla Hacıbəyovu qoyub, hansının  ağır olmasını müəyyənləşdirmək  doğru deyil. Onların hər biri adlarını tarixə böyük hərflərlə yazdıran  kişilər olub. Topçubaşov da, Rəsulzadə də, Hacıbəyli də...”. 
Himn onun ruhudur

Tarixçi deputat bildirib ki, Ü.Hacıbəylinin bəstələdiyi himn nəyə desən dəyər.

“Bu gün himnimizin müəllifi Üzeyir Hacıbəylidirsə, daha bundan böyük nə ola bilər?! Bu gün Cümhuriyyət adamlarının adı böyük konfranslarda çəkilir, hər gün Üzeyir Hacıbəylinin ruhu ilə ayağa dururuq. Himn onun ruhudur. Onun adına Milli Konservatoriya  var. Hər dəfə himn səslənəndə onun ruhunu başımız üstündə görürük. Bundan gözəl nə ola bilər... Hər biri qiymətli, hər biri böyükdür. Onların soyadının hansı hərflə başlamasından asılı olmayaraq, aralarında seçim etmək qeyri-mümkündür. Hansının daha çəkili, hansının daha az çəkili olmasını müəyyən etmək mümkün deyil. Bu kişiləri ortalığa qoyub birini böyük, digərini kiçik göstərməklə müqayisə etmək olmaz. Biz o böyük kişilərin varisiyik. Onlarla qürur duyuruq. Güman edirəm ki, Şirməmməd Hüseynovun da əsas istəyi ondan ibarətdir ki, az tədqiq olunan insanlar daha dərindən  araşdırılsın”.

 






Fikirlər